Azərbaycan regionlarının inkişafı üçün son illər bir sıra dövlət proqramları qəbul edilmiş və onların icrası məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsində artıq bölgələrimizin siması dəyişmiş, infrastruktur yeniləşdirilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşmışdır. Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında da bu barədə demişdir:
"Azərbaycanda regionların inkişafı proqramı uğurla icra edilir və regionlarda gedən quruculuq, abadlıq işləri artıq reallıqdır. Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, hər bir bölgədə sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar qoyulur və beləliklə, Azərbaycanın bölgələri yaradılmış vəziyyətdən uğurla istifadə edirlər".
Avqustun 12-də Prezident İlham Əliyevin Qusar rayonuna səfəri zamanı bu inkişaf, tərəqqi ilə bağlı yeniliklər bir daha özünü göstərmişdir. Ölkə rəhbəri Bakı - Rusiya Federasiyası sərhədi yolunun üzərində yerləşən Şabran dairəvi yolu və körpü kompleksinin açılışında iştirak etmişdir. Burada dövlət başçısına məlumat verilmişdir ki, kompleksin tikintisinə 2008-ci ilin martında başlanılmışdır. İnşaat işlərinə 7 min işçi qüvvəsi və 3 minədək xüsusi texnika cəlb olunmuşdur.
Körpünün ümumi üzunluğu 540 metr, eni də, hündürlüyü də 23 metrdir. Hərəkət hissəsi 4 zolaqdan ibarət olan körpünün hər iki tərəfində piyadalar üçün 1,5 metr enində səki salınmışdır. Körpünün üzərindəki ayırıcı zolaqda müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Üçmərtəbəli dayaqlar üzərində tikilmiş körpü 16 aşırımdan ibarətdir. Hər aşırımın uzunluğu 32 metrdir. Körpü 8-9 ballıq seysmik təsirlərə davam gətirməyə hesablanmışdır. Baş verə biləcək sel və daşqınlarla bağlı etibarlı mühafizə sistemi yaradılmışdır. Kompleksin açılış mərasimində ölkə Prezidentinə məlumat verilmişdir ki, körpünün inşa edildiyi ərazi sürüşmə zonası sayılır. Ona görə də dairəvi yolun bir hissəsini təşkil edən 2 kilometrlik sürüşmə ərazisindən 4 milyon kubmetr torpaq daşınmış, digər tədbirlər görülmüşdür. Yeni körpü kompleksin inşa edilməsilə, eyni zamanda, Şabran şəhərinin mərkəzində tıxac problemi həllini tapmışdır.
Dövlət başçısı mərasimdə inşaatçıları salamlayaraq kompleksin keyfiyyətlə tikildiyini, bunun təhlükəsizlik baxımından böyük əhəmiyyəti olduğu vurğulamışdır.Prezident İlham Əliyev daha sonra demişdir:
- Azərbaycanın inkişafı üçün yol tikintisi çox mühüm rol oynayır. Bütün istiqamətlərdə yollar tikilir - kənd yolları, şəhərlərarası yollar magistral yollar. Azərbaycanın inkişafına bunun çox böyük dəstəyi, köməyi vardır. Bu, çox böyük maliyyə vəsaiti tələb edən layihələrdir və bu yolla qoyulan investisiyalar öz iqtisadi səmərəsini bəlkə 10 ildən, 15 ildən sonra verəcəkdir. Amma bizim üçün əsas odur ki, ölkəmizin inkişafı təmin olunsun, bütün regionlarda müasir infrastruktur yaradılsın. Yol tikintisi hər bir bölgənin iqtisadi inkişafını şərtləşdirən amillərlən biridir. Mən əminəm ki, bu yolun istismarı nəticəsində bütün bu bölgədə, şimal bölgəsində iqtisadi inkişaf, sənaye müəssisələrinin yaradılması, turizmin inkişafı daha sürətlə gedəcəkdir. Nəzərə alsaq ki, Quba - Qusar bölgəsində turizm potensialımız çox böyükdür, orada böyük işlər görülür, Azərbaycanda ən böyük turizm mərkəzi yaradılır - bu yolun yüksək səviyyədə olması əlbəttə ki, turizmin inkişafına da kömək göstərəcəkdir.
Bütövlükdə, Azərbaycanda son illər ərzində yol tikintisinə çox böyük diqqət göstərilir və bu işlərlə məşğul olan bütün qurumlar - dövlət qurumları, özəl şirkətlər bütün işləri çox yüksək peşəkarlıqla görürlər. Bu işlər göz qabağındadır. Bunları danmaq, görməmək mümkün deyildir. Azərbaycan vətəndaşları hər gün bu işləri görürlər və ondan istifadə edirlər...
Azərbaycan Prezidenti Bakı - Quba - Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 131-165-ci kilometrlik hissəsinin açılışında da iştirak etmişdir.
Dövlət başçısına məlumat verilmişdir ki, 34 kilometrlik bu yolun inşasına 2009-cu ilin iyulunda başlanılıb və tikinti 2 mərhələdə aparılıb. Birinci mərhələdə 15 kilometrlik, ikinci mərhələdə isə qalan 19 kilometrlik hissə əsaslı bərpa edilib. Bu yolun torpaq yatağının eni 15 metr, hərəkət hissəsinin eni isə 7,5 metrdir. Yolun 2 hərəkət zolağı vardır və örtüyü asfalt-betondur.Eyni zamanda, xatırladılmışdır ki, sözügedən yolun yenidən qurulan 34 kilometrlik bu hissəsindəki 7 körpüdə təmir işləri də aparılmışdır.
Sonra Prezident İlham Əliyev Qusar rayonunda olmuş, Samur - Həzrə yolunun açılışında iştirak etmişdir. Burada dövlət başçısına məlumat verilmişdir ki, bu avtomobil yolu Qusar rayonunda geniş miqyasda tikinti-quruculuq işlərinin həyata keçirildiyi və turizm potensialının inkişaf etdirildiyi indiki zamanda müasir yol infrastrukturunun yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Uzunluğu 23 kilometr, hərəkət hissəsinin eni 7 metr olan bu yol 16 min nəfərə qədər əhalinin yaşadığı 27 kənd və qəsəbəni birləşdirir. Yol Samur qəsəbəsindən başlanır və Həzrə kəndindən sonra üç istiqamətə - Həzrə - Mucuq, Həzrə, Sudur, Həzrə - Zeyxur istiqamətlərində davam edir...
Prezident İlham Əliyev səfər çərçivəsində yeni inşa olunan Yuxarı Zeyxur sərhəd zastavasında olmuş, "Samur" gömrük buraxılış məntəqəsinin açılışında iştirak etmişdir. Dövlət başçısı eyni zamanda "Qusar - 1" su elektrik stansiyasının təməlqoyma mərasiminə qatılmış, Şahdağ qış - yay turizm kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Azərbaycan Prezidenti səfər çərçivəsində Qusar rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşmüşdür. Dövlət başçısı mərasim iştirakçılarını salamlayaraq demişdir:
- Yol inkişafdır, mədəniyyətdir. Yol olan yerdə inkişaf da olacaqdır. Qusar rayonunun, qonşu rayonların böyük turizm potensialı vardır. Yol olan yerdə biz bu imkanlardan daha səmərəli şəkildə istifadə edəcəyik. Bildiyimiz kimi, Qusarda son illərdə çox sürətli inkişaf gedir. İnkişafın templəri məni qane edir. İqtisadi inkişaf, sənaye, turizm müəssisələrinin yaradılması - bütün bu sahələrdə işlər yüksək səviyyədədir. Son 5-6 il ərzində 17 məktəb tikilmişdir, bir neçə məktəb təmir edilib, böyük xəstəxana tikilməkdədir.
Azərbaycanın turizm obyektləri arasında ən birinci yeri tutan Qusar - Şahdağ qış-yay turizm kompleksi tikilməkdədir. İndi orada gedən tikinti işləri ilə bu gün bir daha tanış olacağam. O kompleksin istismara verilməsi nəticəsində minlərlə yeni iş yerləri açılacaq, rayon iqtisadiyyatına böyük investisiyalar qoyulacaq və beləliklə, Qusar rayonunun uzunmüddətli və uğurlu inkişafı təmin ediləcəkdir.
Dövlət başçısı çıxışında bir məqamı da vurğulamışdır:
- Biz bütün bu işləri planlı şəkildə aparırıq. Həm ölkənin iqtisadi inkişafına göstərilən diqqət, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılan tədbirlər, sosial proqramlar, maaşlar, pensiyalar, sənaye müəssisələrinin, turizm mərkəzlərinin tikintisi - bütün bunların bir məqsədi var ki, Azərbaycan vətəndaşları yaxşı, firavan yaşasınlar, dünyada mövcud olan ən yüksək standartlar Azərbaycanda istənilən sahədə tətbiq olunsun və beləliklə, ölkəmiz hərtərəfli inkişaf etsin. Regionlar inkişaf edir, paytaxt şəhərimiz inkişaf edir, rayon mərkəzləri gözəlləşir, abadlaşır - bax, inkişaf budur!
Dövlət başçısı kənd yollarının tikintisinin rayon icra hakimiyyətlərinə tapşırılmasının düzgün olduğunu, bunun uğurlu nəticə verdiyini də diqqətə çatdırmışdır: "Yolun tikintisi rayon icra hakimiyyətinə tapşırılmışdır və mən görürəm ki, bu iş böyük keyfiyyətlə və zövqlə görülübdür. Növbəti illərdə əlbəttə ki, digər kənd yollarının tikintisi üçün əlavə vəsait ayrılacaqdır. Azərbaycan dövləti güclü dövlətdir. Bizim güclü iqtisadiyyatımız, güclü maliyyə imkanlarımız vardır. Bütün bu imkanlar Azərbaycan xalqının, bölgələrimizin inkişafına yönəlibdir."
Azərbaycan Prezidenti İlham Əliyevin Qusar rayonuna səfəri, eyni zamanda, dövlət başçısının bu rayona diqqət və qayğısı əhali tərəfindən razılıqla qarşılanmışdır. Rayon ictimaiyyəti adından Həzrə kənd orta məktəbinin müəllimi Məsud Qədimov diqqət və qayğıya görə təşəkkürünü belə ifadə etmişdir: "Möhtərəm Prezident! Sizin titanik əməklə respublikamızın inkişafını təmin etməyiniz, bütün bölgələrdə yüksək inkişaf tempinin saxlanılması çox böyük işdir. Hazırda bütün bölgələr inkişaf edir. Hər yerdə abadlıq - quruculuq işləri gedir. O cümlədən, bizim Qusar rayonunda da. Qusar rayonu doğrudan da Sizin dediyiniz kimi, çox gözəlləşibdir. Biz fəxr edirik ki, Qusar rayonu respublikamızın ən gözəl guşələri ilə müqayisədə doğrudan da çox gözəl bir mənzərəyə malikdir. Biz bütün bunlar üçün Sizə minnətdarıq. Çünki Sizin köməyiniz olmasaydı, əlbəttə, biz belə gözəl şəraitə, inkişafa, rifaha malik ola bilməzdik. Rayonumuzda son illərdə tikilib istifadəyə verilmiş ən mühüm obyektlər, infrastruktur layihələri bilavasitə Sizin diqqət və qayğınız sayəsində ərsəyə gəlmişdir."
Prezident İlham Əliyev regionlarda aparılan yeni tikinti-quruculuq işlərindən qürur hissi keçirdiyini bilidirərək vurğulamışdır ki, bölgələrə səfərlərimin məqsədi ondan ibarətdir ki, həm problemləri aşkar etmək, hansı sahədə nə edilməsini müəyyənləşdirmək, onları həll etmək və ondan sonra həlli reallaşmış problemləri, necə deyərlər, artıq görmək və bərabər sevinməkdir. Məni ən çox sevindirən məhz odur ki, Azərbaycanda hər gün hansısa bölgədə, hansısa rayonda hansısa müəssisə açılır, məktəb, xəstəxana tikilir, yol çəkilir. Budur əsas məqsədimiz...
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.