İlə yekun vuruldu, görülən işlər təhlil olundu, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Bir sözlə, ötən ilin 365 gününün sevincli anları xatırlandı və məmnunluq hissi bildirildi. “2013-cü ilin hər günü yadda qalıb. Çünki qazaxlılar günləri elə-belə başa vurmayıblar, çalışıblar, hər günün, saatın qədrini biliblər”. Bu sözləri də zalda əyləşən ağsaqqal bir kişi elə yerindən dedi.
Yəqin bildiniz söhbət nədən gedir. Qazax rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağından.
Bir ənənə olaraq, yığıncaqdan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə əklillər qoyuldu. Sonra Gənclər sarayının iclas zalında rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovun məruzəsi dinlənildi. Qeyd olundu ki, Azərbaycan dinamik inkişaf edir. Böyük layihələr icra olunmuş, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Təkcə ötən il ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Valyuta ehtiyatlarımız 50 milyard dollara çatmışdır. Keçən il 110 min iş yeri açılıb ki, onun da 80 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 5,3 faizə düşmüşdür. Əhalinin pul gəlirləri 8 faiz artmış, inflyasiya isə cəmi 2,4 faiz olmuşdur.
2013-cü il Qazax rayonu üçün də uğurlu il olmuşdur və təbii ki, bütün bunlar ölkə Prezidenti İlham Əliyevin rayona xüsusi diqqət və qayğısı sayəsində baş vermişdir. Ədəbiyyat Muzeyi, YAP rayon təşkilatı üçün yeni bina, Sement zavodu və digər obyektlər tikilib istifadəyə verilmiş, Heydər Əliyev parkı, “Fəxri qazaxlılar” parkı genişləndririlmiş və əsaslı şəkildə yenidən qurulmuşdur. Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına Qazax-Quşçu-Ayrım yolunun bir hissəsi istifadəyə verilmiş və hazırda ayrılmış əlavə vəsait hesabına həmin yolda tikinti işləri başa çatdırılmış, son tamamlama işləri aparılır.
Qeyd olunmuşdur ki, adları çəkilən obyektlərin açılışında ölkə başçısı cənab İlham Əliyevin şəxsən iştirak etməsi, Qazaxda görülən işlərə qiymət verməsi və öz tövsiyələrini verməsi bütün Qazax rayonu əhalisinin sevincinə və iftixar hissinə səbəb olmuşdur.
...Bütövlükdə Qazaxın sürətli inkişafı ötən il də davam etdirilmişdir. Binaların bir çoxunun dam örtükləri dəyişdirilmiş, inzibati binaların fasadları milli-memarlığa uyğun olaraq aqlay daşları ilə üzlənmiş, hasarlar çəkilmiş, həyətlərə giriş qapıları düzəldilmiş, yaşıllıqlar salınmış, gül-çiçək kolları əkilmiş, park və xiyabanlara, digər yerlərə tamet daşları döşənmişdir. İşıqlandırma sistemi yenidən qurulmuş, rayon ərazisində 11 ədəd subartezian quyuları qazılmışdır.
Rayonda 5 yeni məktəb binası tikilmiş, bir məktəbdə isə bərpa və əsaslı təmir işləri aparılmışdır. Bir sıra kəndlərə içməli su xətti çəkilmiş, suvarma su arxlarında əsaslı bərpa işləri görülmüşdür.
Qazaxda son 10 ildə 9 mindən çox yeni iş yerləri açılıb. Təkcə keçən il 16 müəssisə yaradılmış, açılan 957 yeni iş yerinin 877-si daimi olmuşdur.
Rayonda su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə, torpaqayırma və layihə sənədləri hazırlanmış, yaxın vaxtlarda tikinti işlərinə başlamaq nəzərdə tutulmuşdur.
Ötən il səhiyyənin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür. Xüsusilə, Nazirlər Kabinetinin rayonda xəstəxana binasının tikintisinə rəy verməsi və ötən ilin iyun ayından yeni xəstəxana kompleksinin tikintisinə başlanması mühüm hadisə kimi qiymətləndirilmişdir. Cəfərli, Bala Cəfərli və Quşçu Ayrım kəndlərində müasir tələblərə cavab verən tibb məntəqələri tikilib istifadəyə verilmişdir. Fərəhli, Məzəm, Aşağı Salahlı, Abbasbəyli kəndlərində yeni tibb məntəqələrinin tikintisi nəzərdə tutulmuşdur. Ruhi xəstəxana əsaslı təmir edilmiş, bərk və yumşaq inventarlarla təmir olunmuş, yeni tipli qazanxana və istilik sistemi quraşdırılmışdır.
Yığıncaqda belə bir fikir dönə-dönə vurğulanmışdır ki, bu gün Qazaxda ictimai-siyasi sabitlik var, sərhədlərimiz layiqincə qorunur, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının birgə, səmərəli işi sayəsində problemlər tədricən həll olunur, əhalinin həyat səviyyəsi durmadan yaxşılaşır. Təkcə Sement zavodunun işə düşməsi 700 nəfərdən çox adamın işlə təmin olunmasına şərait yaradıb ki, onun da təxminən 80 faizini Qazax rayonundan olan işçilər təşkil edir. Zavodun hələlik illik istehsal gücü 1 milyon tondur. Amma yaxın gələcəkdə onun gücünü 3 milyon tona çatdırmaq nəzərdə tutulur və təbii ki, yeni iş yerləri açılacaq. Burada orta aylıq əmək haqqı 700 manata çatır.
Yığıncaqda ötən ilin 9 oktyabr Prezident seçkilərində qazaxlıların mütəşəkkil iştirakı haqqında da söhbət getmişdir. Bildirilmişdir ki, səsvermədə iştirak edənlərin 33 min nəfərdən çoxu, yəni 82 faizi ölkə Prezidenti İlham Əliyevə səs vermişdir. Hazırda rayonda bələdiyyə seçkilərinə hazırlıq gedir və bu seçkilərin də yüksək səviyyədə, şəffaflıq şəraitində keçirilməsi təmin olunacaqdır.
Rayonda görüləcək işlər çoxdur. Əsas vəzifə isə adamların maddi rifah halının durmadan yaxşılaşdırılması, onların sağlamlıq durumuna diqqət yetirilməsi, hər bir sahədə aşkarlığa nail olmaq, korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparmaqdır. Hazırda ölkə başçısının göstərişinə əsasən vətəndaşların tibbi müayinəsi müvəffəqiyyətlə davam etdirilir, rayon icra hakimiyyəti bu işə bilavasitə nəzarət edir və lazımi köməklik göstərir. İdarə, müəssisə və təşkilat rəhbərləri, bir sözlə, məmurlar əhali ilə tez-tez təmas qurur, hər cür neqativ hallara qarşı kəskin mübarizə aparılır. Təkcə keçən il rayon icra hakimiyyəti başçısı 600 nəfərdən çox rayon sakinini qəbul etmiş, bütün kənd və qəsəbələrdə səyyar qəbullar keçirmiş və bu qəbullarda minlərlə vətəndaş iştirak etmişdir. Başlıcası isə, qaldırılan məsələlər operativ həll olunmuş, səmərəli təşəbbüslər müdafiə olunmuşdur.
Əlbəttə, Qazaxda da həllini gözləyən problemlər var. Lakin onlar tədricən həll olunur. Hamı görür ki, ölkə başçısının dediyi “Mən hər bir vətəndaşın Prezidenti olacağam” vədi layiqincə həyata keçir. Elə təkcə keçən il Qazaxda görülən işlər buna əyani sübutdur. Son on ildə isə rayon tamamilə başqa görkəm alıb.
Məruzə ətrafında müzakirələrdə rayon təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyev, mərkəzi xəstəxananın baş həkimi Arzu Novruzov, Qazax sement zavodunun direktoru Hikmət Qəribov, millət vəkilləri Əhməd Vəliyev, İlyas İsmayılov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov çıxış etmişlər.
Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.