Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin yeni binasının təməli qoyulmuşdur

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilir, bu məqsədlə məhkəmələrin yüksək statusuna uyğun müasir infrastruktur yaradılır.

Belə ki, son illər müasirliyi ilə fərqlənən və ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni məhkəmə binaları tikilib istifadəyə verilmiş, ölkəmizdə konseptual baxımdan yeni olan, bir neçə məhkəməni əhatə edən məhkəmə komplekslərinin və binalarının, o cümlədən ötən aylar ərzində İmişli və Qəbələ Rayon məhkəmələri üçün yeni binaların təməli qoyularaq intensiv inşasına başlanılmışdır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu tədbirlər çərçivəsində fevralın 28-də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi üçün müasir inzibati binanın təməlqoyma mərasimi keçirilmişdir.

Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, habelə hakimlər, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak etmişlər.

Ümumi sahəsi 7672 kvadratmetr olacaq dördmərtəbədən və zirzəmidən ibarət yeni məhkəmə binası ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqla təchiz ediləcək, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən audio və video sistemlər, digər zəruri infrastruktur quraşdırılacaqdır.

Tədbir iştirakçıları Binəqədi Rayon Məhkəməsinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olmuşlar.

Sonra binanın təməli qoyulmuşdur.

Mərasimdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin başçısının rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi, müasir infrastrukturun yaradılması barədə məlumat vermişdir. Nazir bu sahədə Dünya Bankı ilə birgə beynəlxalq miqyasda ən uğurlu hesab olunan “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsinin həyata keçirildiyini bildirmişdir. Layihə çərçivəsində artıq bir neçə yeni məhkəmə binalarının tikilərək istifadəyə verildiyi və yeni komplekslərin intensiv inşa edildiyi vurğulanmışdır.

Nazir son illər regionlarda 20-dək yeni məhkəmələrin yaradıldığını, hakimlərin sayının iki dəfə artırıldığını, Avropada örnək kimi dəyərləndirilən ən şəffaf hakim seçimini, eləcə də onların maddi təminatının xeyli yaxşılaşdırıldığını qeyd etmişdir. Diqqətə çatdırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin müasir binasının inşası məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə verəcək, məhkəmələrə çatımlılığı daha da asanlaşdırmaqla vətəndaşların hüquqlarının etibarlı təmin olunmasına xidmət edəcəkdir.

Həmçinin məhkəmələrdə qabaqcıl İKT-lərin tətbiqinə toxunularaq, bu sahədə strateji prioritetləri müəyyən edən Azərbaycan Prezidentinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncamının müstəsna əhəmiyyəti qeyd olunmuşdur. Sərəncamın ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, aşkarlığın tam təmin edilməsinə, süründürməçiliyin qarşısının alınmasına böyük töhfə verəcəyi xüsusi vurğulanmışdır.

Mərasimdə çıxış edənlər respublikamızın hərtərəfli inkişafına, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə sisteminin müasirləşdirilməsinə verdiyi müstəsna əhəmiyyətə və xüsusi qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər.

Həmin gün hakimlərin və ədliyyə işçilərinin iştirakı ilə müşavirə keçirilmişdir.

Müşavirədə ədliyyə naziri və Ali Məhkəmənin sədri çıxışlar etmiş, Azərbaycan Prezidentinin vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, dövlət məmurları tərəfindən etik qaydalara dönmədən riayət olunması və korrupsiyaya qarşı ən qəti mübarizə tədbirlərinin aparılması ilə bağlı tapşırıqları vurğulanaraq, qanunun aliliyinin təmin olunması, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Həmçinin peşəkarlığın artırılması, xüsusilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi, habelə icra və əmək intizamına ciddi əməl olunması, vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntusu, korrupsiyaya şərait yaradan və digər mənfi halların qətiyyətlə aradan qaldırılmasının zəruriliyi bildirilmişdir.

Bununla yanaşı, icra məmurlarına proses zamanı insan hüquqlarına ciddi riayət olunması, məhkəmə qərarlarının vaxtında və dürüst icrası, işin yaxşılaşdırılması üzrə konkret tapşırıqlar verilmiş, korrupsiya, süründürməçilik, qeyri-etik davranış və digər mənfi halların yolverilməzliyi xüsusi vurğulanmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında