“Xocalıya ədalət!” əslində “Azərbaycana ədalət!” deməkdir

 

Fevralın 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivində yazıçı-publisist, əməkdar jurnalist Vasif Səmədov və  professor Rövşən Vəlizadənin birgə qələmə aldıqları “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)”  ikicildliyinin təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları,  nazirliklərin və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların, səfirliklərin təmsilçiləri, alimlər, KİV nümayəndələri iştirak etmişlər.

“Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunun və “Kaspian İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin birgə nəşri olan bu kitablar “Xocalıya ədalət!”  kampaniyasının beş illiyinə həsr edilmişdir. 

Kitablar nəşrə hazırlanarkən Azərbaycan Respublikası Baş Prokurorluğunun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin birgə yaratdıqları istintaq qrupunun materiallarından və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) fotoarxivindəki şəkillərdən istifadə edilmişdir.

Təqdimat mərasimi faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanmışdır.

Tədbirdə  nəşrin baş elmi məsləhətçisi, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva Azərbaycan Prezidenti İlham Əliyevin  “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında 2014-cü il  13 fevral tarixli sərəncamının əhəmiyyətini qeyd etmişdir. İnstitutun direktoru bildirmişdir ki, Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu  hazırda Prezident İlham Əliyev  uğurla davam etdirir. Bu işdə UNESCO-nun və İSESCO-nun  xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi  Heydər Əliyev Fondunun    xidmətləri xüsusi qeyd olunmuşdur.

Vurğulanmışdır ki,  “Xocalıya ədalət!” kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilmişdir. Faciənin mənəvi və siyasi-hüquqi müstəvidə tanınmasına yönəlmiş bu kampaniya hazırda dünyanın 50-dən çox ölkəsində uğurla həyata keçirilməkdədir. Xocalı soyqırımı insanlığa qarşı  törədilmiş ən ağır cinayətdir və bu  faciə  haqqında obyektiv məlumatların bütün dünya ictimaiyyətinə yetərincə çatdırılması çox vacibdir. A.Mustafayeva  “Leyla Əliyeva: ”Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” kitabının məhz bu baxımdan böyük əhəmiyyət daşıdığını  bildirmişdir.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov  qeyd etmişdir ki, “Xocalıya ədalət!” əslində “Azərbaycana ədalət!” deməkdir. Ulu öndər Heydər Əliyevin ümummilli istiqamətdə gördüyü ən vacib işlərdən biri erməni quldurları tərəfindən  Xocalı şəhərində törədilmiş hadisələrə düzgün qiymət verilməsi və  dünya ictimaiyyətinə çatdırılması  olmuşdur.   

F.Heydərov  Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində ikicildliyin nəşrini və təqdimatını yüksək qiymətləndirmiş, müəlliflərə səmərəli fəaliyyətlərində uğurlar arzulamışdır.

Milli Məclis sədrinin müavini Bahar Muradova vurğulamışdır ki, Xocalı Azərbaycan xalqının daim qanayan yarasıdır. Bu yara o zaman sağalacaqdır ki, onun səbəbkarları tarixin ədalət məhkəməsində layiqli cəzalarını alsınlar. B.Muradova “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən ölçüyəgəlməz işlərdən danışaraq demişdir ki, Xocalı faciəsini dünyada soyqırımı kimi  tanıtmaq həqiqətdə dünya ermənilərin Vətənimizə və millətimizə qarşı onillər boyu apardığı soyqırımı siyasətinin anatomiyasını açmaqdır. 

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə “Leyla Əliyeva: ”Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” kitabının Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılması istiqamətində böyük  əhəmiyyət kəsb edən növbəti addım olduğunu bildirmiş, müəlliflərin bu sahədəki fəaliyyətini təqdirəlayiq hesab etmişdir. Qeyd olunmuşdur ki,   ikicildlikdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində beynəlxalq aləmdə həyata keçirilən təqdirəlayiq tədbirlərdən geniş söhbət açılır. Akademik ikicildliyin xaricə dillərdə nəşrinin və dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamışdır.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu direktorunun müavini, nəşrin elmi redaktoru Cəbi Bəhramov bildirmişdir ki, ikicildlikdə çox mühüm siyasi sənədlər toplanmışdır. Bu nəşrlərdə  beynəlxalq terrorizmin bir qolu olan erməni terror təşkilatlarının Azərbaycan torpaqlarında tarixin müxtəlif dövrlərində, xüsusilə XX əsrin sonlarında Ermənistan silahlı birləşmələrinin və onların havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törətdikləri kütləvi qırğından, vəhşilikdən, soyqırımından bəhs edilir.

Kitabın müəlliflərindən biri, əməkdar jurnalist Vasif Səmədov bildirmişdir ki, “Xocalıya ədalət!” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir. Təqdim edilən kitablar bu modelin böyüklüyünü və əhəmiyyətini dərk etməkdə və gələcək mübarizələr və qələbələr üçün lazımi nəticələr çıxarmağa kömək edəcəkdir.

Nəşrin həmmüəllifi, AMEA-nın İnsan Hüquqları İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadə “Xocalıya ədalət!” çağırışının düzgün seçildiyini qeyd etmişdir. O bildirmişdir ki, artıq erməni təbliğat maşını “Xocalıya ədalət!”in qarşısında dayana bilmir. Bu gün bəşəriyyəti terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanın taleyi uğrunda mübarizəyə çağıran “Xocalıya ədalət!” adlı mənəvi bir cəbhə mövcuddur. Terror və amansızlıq mövcud olduğu  müddətdə  bu ideoloji cəbhə də yaşayacaqdır. 

Sonda “Xocalıya ədalət!” kampaniyasına həsr olunmuş qısa videofilm nümayiş etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında