Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışından sonra jurnalistlərlə görüşündə mühüm məsələlərdən birinə-yazılı və elektron mətbuatın qarşılıqlı münasibətlərinə toxunmuşdu. Dövlət başçısı qeyd etmişdi ki, yazılı media elektron mətbuat ilə rəqabət apara bilmir və Azərbaycanda da bu məsələyə diqqət verilməlidir. Bu günlərdə Ümumdünya Qəzet Assossiasiyasının (ÜQA) açıqladığı hesabat da təsdiqlədi ki, yazılı media mövqelərini itirir və belə davam edərsə, qəzet və jurnalları ancaq kitabxanalarda oxumaq mümkün olacaq. Amma vəziyyətə o qədər də bədbin yanaşmayanlar da var.
Hələ 2009-cu ildə məşhur maliyyəçi Uorren Baffet demişdi ki, qəzetin gələcəyi yoxdur. Qəzet dərc etməyin zərərli olduğunu vurğulayan U.Baffet əlavə etmişdi ki, onun şirkəti ABŞ-da heç bir nəşriyyatı hər hansı bir qiymətə almağa belə çalışmaz. Tanınmış investoru belə danışmağa yazılı medianın son illərdə reklam cəlb etməkdə böyük çətinliklərlə üzləşməsi vadar etmişdi. Doğrudan da, reklam məsələsində yazılı media əvvəlki mövqelərini itirməkdə davam edir. ÜQA da hesab edir ki, vəziyyət düşünüldüyündən də mürəkkəbdir. Təşkilat "Dünya mətbuatında tendensiyalar" adlı son hesabatında açıqlayıb ki, ötən il bütün dünyada gündəlik qəzetlərin tirajı azalıb. Hesablamalara görə, 2009-cu ildə gün ərzində orta hesabla 517 milyon nüsxə qəzet satılıb ki, bu da 2008-ci illə müqayisədə 0,8 faiz az deməkdir.
Bundan başqa, qəzetlərin reklamlardan əldə etdiyi gəlir də azalıb. Şimali Amerikada reklam məsələsində daha böyük eniş müşahidə edilib. Qərbi Avropadasa bu rəqəmin 13,7 faiz olduğu açıqlanıb. Mərkəzi və Şərqi Avropada da vəziyyət eynidir. Belə ki, burada da yazılı mətbuatın reklam gəlirləri 18,7 faiz azalıb. Afrika və Yaxın Şərq regionlarında yazılı mətbuatın gəlirləri sabit qalıb. İnkişaf etməkdə olan ölkələrdəsə yazılı mətbuat özünü yaxşı hiss edir. Məsələn, Hindistanda gün ərzində 110 milyon nüsxə qəzet satılır. Çin (gün ərzində 109 milyon qəzet satılır) də pis nəticə nümayiş etdirmir və bu ölkədə də naşirlər gəlirlərini sabit saxlamaqla yanaşı, artım da nümayiş etdiriblər. 46 milyon nüsxə qəzetin satıldığı ABŞ-da isə naşirlərin gəlirləri 25 faiz, yəni 33 milyard dollar azalıb. Şimal qonşumuz Rusiyada da qəzetlərlə bağlı vəziyyət birmənalı deyil. Ötən il Rusiyada qəzetlər reklamdan 33,6 milyard rubl(təqribən 1,08 milyard dollar) gəlir əldə edib ki, bu da 2008-ci illə müqayisədə 43 faiz az deməkdir. Mütəxəssislər deyirlər ki, reklamvericilər daha çox elektron mediayaya üstünlük verməyə başlayıblar və yaxın iki il ərzində qəzetlərin reklam "köşəsindəki" payı 19,9 faizə düşəcək. Yəni, elektron media yazılı medianı kölgədə qoyacaq.
Bəs, yazılı medianın belə çətin vəziyyətlə üzləşməsinin əsas səbəbi nədir? Sosioloqlar deyirlər ki, potensial alıcılar olan gənc nəsil artıq qəzet oxumamağa başlayıblar. Adi televiziya kanalı da gənc nəsli itirməkdədir. Belə ki, hazırda milyonlarla gəncin öz "telekanalı" var-"YouTube". Hesablamalara görə, "YouTube" saytına ABŞ-ın "ABC" və "NBC" telekanallarının 1948-ci ildən bu yana lentə aldıqlarından daha çox videomaterial yüklənir. Gün ərzində "YouTube" saytına təqribən 2 milyard adam daxil olur. Doğrudur, kompyuter qarşısında oturmuş gəncin "YouTube" vasitəsilə keyfiyyətli informasiya alması söhbət mövzusu deyil. Kiçik və qısamüddətli, özü də keyfiyyətsiz videoçarxlar-gəncin məşhur saytda baxdığı məhz bunlardan ibarətdir. Hətta mütəxəssislər gənclərin "YouTube" sevgisinə "Getdikcə artan absurd" diaqnozunu da veriblər. Lakin qısa və keyfiyyətsiz olsa da, gənclər yenə də ənənəvi media vasitələrindən daha çox "YouTube" kimi internet xidmətlərə üstünlük verməkdə davam edirlər. Əslində internetdə videolara 3-4 il bundan əvvəl baxmağa başlayıblar. İnqilab da sürətlə baş verdi. Mütəxəssislərin proqnozlarına görə, video yaxın illərdə internet-trafikin əsas generatoru olacaq. "Cisco System" şirkətinin araşdırmalarına əsasən 2010-cu ilin sonunda internet-trafik 40 faiz, 2014-cu ildəsə 57 faiz təşkil edəcək.
Təbii ki, belə bir vəziyyət yazılı medianı, hətta telekanal sahiblərini də qayğılandırır. Buna görə də, mediamaqnat Rupert Merdok 2009-cu ildə "YouTube" kimi kontent-aqreqatları günahlandıraraq bəyan etmişdi ki, sahibi olduğu "News corporation" 2010-cu ilin iyun ayından etibarən mediaresurslarını pullu edəcək. İndi digər naşirlər R.Merdokun son ideyasının hansı nəticələrlə yekunlaşacağını gözləyirlər. Hələliksə yazılı media sektoru kapital itirməkdə davam edir. Amma vəziyyətin detallı analizi göstərir ki, yazılı medianın gələcəyi mürəkkəb olsa da, faciəvi də deyil. Mütəxəssislər deyirlər ki, hamının çətin şəraitdə yaşamaq şansı var.
Ümumiyyətlə, ABŞ və Qərbi Avropada qəzet və jurnal bazarının çətinlikləri dünəndən başlamayıb. Artıq 10 ilə yaxındır ki, media bazarı problemlərlə üz-üzədir. Analitiklərin fikrincə məhz 2000-ci ildə qəzet və jurnallar kontentlərini pulsuz olaraq internet şəbəkəyə yerləşdirməklə ən böyük səhvə yol veriblər. Sayta daxil olan istifadəçilərin sayına görə bir-birilə yarışmağa girişən naşirlər özləri də bilmədən gəlir məsələsinin kölgədə qalmasına şərait yaratdılar. İndisə, necə deyərlər, qatarın arxasına baxmağa məcbur olublar. Artıq pulsuz informasiya əldə etməyə öyrəşmiş istifadəçini simvolik olsa da belə, pul ödəməyə vadar etmək çətin məsələyə çevrilib. Doğrudur, "Wall Street Journal" və "Financial Times" qəzetləri elektron variantalarını sata bilirlər. Lakin hər iki qəzet iqtisadi və işgüzar mövzulara dair xəbərlər və analizlər təklif edirlər ki, onları da daha çox təşkilatlar və şirkətlər alırlar. Aydındır ki, tək təşkilat və şirkətlərlə gəliri artırmaq çətindir. Buna görə də, sadalanan qəzet sahiblərini də yazılı-elektron medianın qarşılıqlı münasibətlərinin gələcəyi narahat edir. Ötən il baş vermiş qlobal maliyyə böhranı da bu narahatlığın artmasına təkan verdi.
Ancaq təhlükəli gələcək təkcə yazılı medianı gözləmir. Mütəxəssislərin fikrincə, ənənəvi mətbuat növləri arasında ilk "qurban" radio olacaq. Araşdırma mərkəzləri radionun yalnız Hindistanda sürətlə inkişaf edəcəyini proqnozlaşdırır. Varlı ölkələrdəsə radio arxa plana keçir. Məsələn, ABŞ-da 2004-2009-cu illəri əhatə edən araşdırmalar nəticəsində məlum olub ki, radioya qulaq asanların sayı 14 faiz aşağı düşüb. Bəs, radioya niyə qulaq asmırlar? Sosioloqların fikrincə, hazırda yaşlı adam radioya əsasən avtomobildə, yeniyetmə internetdə qulaq asır. Yeni texnologiyaların tətbiqilə LTE adlı mobil- internet avtomobildəki radioötürücünü əvəz edəcək. Həmin mobil-internet terminal vasitəsilə musiqiyə qulaq asmaqla yanaşı, istənilən musiqini yükləmək də mümkün olacaq. Ən əsası, avtomobil sahibi təkcə yükləməklə kifayətlənməyəcək, radioötürücünün təqdim etdiyini yox, istədiyi musiqini tapıb qulaq asa biləcək. Mütəxəssislər deyirlər ki, yaxın illərdə radiointernet ənənəvi radionun unutdurmağı bacaracaq.
Lakin radionun "ölümünə" inanmayanlar da az deyil. Mütəxəssislər deyirlər ki, sıravi melomana milyonlarla melodiya aləmində bələdçi-yəni dicey lazımdır. Bu gün radio nə deməkdir? Musiqi, dicey və musiqi daşıyıcısının dəyişməsindən asılı olmayaraq bu, belə olacaq. Ənənəvi radio sahibləri də təşviş keçirmirlər. Onlar da etiraf edirlər ki, bu gün biznes-modellər sürətlə dəyişir və FM-radiostansiyalar da dəyişməyə məcbur olacaq. Hansı vasitələrlə yayımlanmasından asılı olmayaraq "danışan" radionu arxivə göndərmək hələlik çox tezdir. İnternetə daşınmasından sonra belə, radionun gələcəyi dumanlı olmayacaq. Radio yaxın gələcəkdə telekanal kimi aparıcı media vasitəsi olmasa da, yerini də itirməyəcək. Amma radio da informasiya operativliyi baxımından yazılı media kimi elektron mediayaya çata bilməyəcək.
Bəs, yazılı medianın gələcəyi necə olacaq? Doğrudanmı bu sektor günlərini saymağa başlayıb? ABŞ-ın aparıcı şirkətlərindən birinin prezidenti Fen Olson 1977-ci ildə belə demişdi: "Hər kəsin evində fərdi kompyuter olmasına heç bir səbəb yoxdur". Lakin vəziyyət sürətlə dəyişdi və bu gün kompyuter mətbəx sobası kimi məişətimizə daxil olub. Digər məşhur işadamı Periel Lenek 1946-cı ildə demişdir: "Televiziya bazarda heç yarım il qala bilməyəcək. İnsanlar hər gecə oynayan taxta qutuya baxmaqdan yorulacaqlar". Bu günun reallığı tanınmış biznesmenin nə qədər yanıldığını üzə çıxarır. ABŞ-ın məşhur kinostudiyalarından biri olan "Uorner Brazers" şirkətinin yaradıcılarından biri də belə iddia etmişdi: "Lənət şeytana, kim danışan aktyorlara qulaq asmaq istəyəcək?!". Buna görə də, demək olar ki, yeni texnologiyalar köhnələrini tez bir zamanda əvəz etmir. Yəni televiziya radionu əvəz etmədi, kinematoqrafiya da televiziyanın yerini tutmadı, videokasetlər də həmçinin kinoteatrları arxivə göndərmədi. Bundan başqa, praktiki olaraq radioyayım da, kino da yeni texnologiyaların fəal rəqabətinə baxmayaraq mövqeyini saxlaya bildi.
Bu baxımdan internet də yazılı mətbuatı "öldürməyəcək". Elektron media nə qədər inkişaf etsə də, yazılı media arxa plana keçməyəcək. Təbii ki, ənənəvi media sektorunu böyük rəqabət gözləyir və ayaqda qalmaq üçün yeni dövrün tələblərinə cavab verməyə çalışmalıdır. İstənilən halda nə jurnalistka, nə ənənəvi media dövriyyədən çıxacaq. Yazılı media yeni əsr istehlakçılarının sürətlə dəyişən tələbatlarına uyğunlaşmağa məcbur olacaq. Azərbaycanda da eyni mənzərənin yaranacağı şübhə doğurmur.{nl}
Səbuhi MƏMMƏDOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.