Naxçıvanda ermənilərin qanlı vəhşilikləri

1918-ci ildə havadarlarının fəal dəstəyi ilə Anadoluda və Qafqazda türk soyuna divan tutan erməni quldur dəstələrinin qanlı əməlləri o vaxt Naxçıvandan da yan keçməmişdir. O dövrdə yerli əhalinin ciddi müqaviməti və Türkiyədən köməyə gəlmiş Kazım Qarabəkir paşanın rəhbərlik etdiyi ordu hissəsinin köməyi olmasaydı Türkiyə və İran ərazisindən buraya soxulan daşnak tör-töküntüləri, insan qanına susamış erməni silahlıları bu ucqar diyarda heç kəsə aman verməyəcəkdi.
O günlərin canlı şahidi olmuş tanınmış tarixçi, pedaqoq Lətif Hüseynzadənin xatirələrində bu barədə geniş məlumat verilib. Ermənistanın uydurma soyqırım iddiası müqabilində onların özlərinin türk soyuna qarşı törətdiyi qırğın və deportasiya əməllərini heç nə ilə ört-basdır etmək olmaz. Tarix hər şeyi olduğu kimi yaşadır və xatırladır. Lətif Hüseynzadənin xatirələrindən bir hissəni oxuculara təqdim edirik.
"Xalq qəzeti"

{nl}

Yaycı faciəsi
1918-ci ilin iyun ayının ilk günləri idi. Naxçıvanda nisbi sakitlik hökm sürməkdə idi. Hamı, ermənilər də, müsəlmanlar da bu sakitlikdən razı idilər. Lakin bu sakitlik uzun sürmədi. Qaniçən daşnak Andranikin Cənubi Azərbaycanın Maku, Xoy, Səlmas şəhərlərini və bu yerlərdə yol üstündə olan kəndləri talayıb qarşısına çıxan müsəlmanları vəhşicəsinə qətl edərək 15 mindən artıq müsəlləh bir quldur dəstəsilə Naxçıvana doğru gəlməsi xəbəri boyük təşviş yaratdı.
Bu xəbərdən sonra məlum oldu ki, Andranik Culfa körpüsünü keçərək şəhər ətrafı ilə gəlib kazarmada əsgərlərini yerləşdirdikdən sonra bir quldur dəstəsilə yenə Culfaya qayıdıb. Culfa körpüsünü, Culfa-Naxçıvan dəmir yolunu dağıtdırmış və dəmir yolunu sökdürmüşdür. Onu təqib edən türk ordusunun qarşısını almaq niyyətilə və Andranikin bu cinayətkar hərəkətinə qarşı Culfa yaxınlığındakı Yaycı kəndi camaatının etirazına cavab olaraq, daşnak quldur dəstələri 700 evlik Yaycı kəndinə hücum edərək kəndi işğal edib, əhalisini vəhşicəsinə qılıncdan keçirib, Araz çayına tökdükləri xəbəri bütün Naxçıvan camaatının qəzəbinə səbəb olmuşdu.
Andranikin quldur dəstələri Ordubad, Əlincəçay və Şahbuz kəndi əhalisini tərksilah edib, amansızcasına onları qətl etmişdilər. Andranikin əsgərləri şəhər ətrafındakı bağları dağıdır, zəmiləri atlarına yedirirdilər. Bazardan aldıqları şeylərin pulunu vermirdilər. Pul istəyəni dərhal öldürürdülər. Onların bu vəhşi hərəkətlərinin qarşısını almaq üçün Müsəlman Milli Komitəsi ermənilərin Milli Komitəsinə müraciət etdi. Lakin Erməni Milli Komitəsi müsəlmanların bu tələbi qarşısında "Bizim onların işinə qarışmağa ixtiyarımız yoxdur. Siz özunüz nə bacarırsınız edin," - dedilər.
Andranikin quldur dəstələri şəhər yolunun kənarında bir istehkam kimi olan Nehrəm kəndini mühasirəyə alıb, bütün gün amansız olaraq top atəşinə tutdular. İşin belə olacağını əvvəlcədən bilən nehrəmlilər kəndin kənarında səngərlər qazıb döyüşə hazır olmuşdular. Ermənilərin hücumu zamanı kəndin ağsaqqalları da, cavanları da səngərlərə gedib cəsarətlə kəndi müdafiə etmişdilər.
Heç yerdə görmədiyi müqaviməti burada görən daşnak dəstələri Nehrəm ətrafındakı döyüşü dayandırıb qayıtmağa məcbur olmuşdular. 60 nəfər əsir və çoxlu tələfat verərək Nehrəmi tərk edən Andranikin əsgərləri kəndin obalarına hücum etdilər. Orada olan çobanları və sağıcı qadınları vəhşicəsinə qətl edib, mal-qaralarını apardılar.
Nehrəmlilərin Andranik qarşısında göstərdikləri şücaət və qəhrəmanlıqlar xalq tərəfindən böyük rəğbətlə qarşılandı və bu döyüşdə qəhrəmanlıq göstərən gənclər haqqında nəğmələr qoşuldu, şeirlər yazıldı.
Andranik hələ Naxçıvana ilk gəldiyi günlərdə Erməni Milli Komitəsi vasitəsilə Müsəlman Milli Komitəsinə nota göndərərək bildirmişdi ki, o, Rusiya hökuməti torpağı olan Naxçıvana Rusiya tərəfindən hakim göndərilmişdir. Naxçıvan camaatı ona tabe olmalıdır və silahları toplayıb ona təslim etməlidir. Andranikin notası milli komitədə müzakirə edildikdə onun dediklərinin yalan olduğu isbat edilmişdi və onun tərksilah tələbinə milli komitə sədrinin rədd cavab verməsi qərara alınmışdı. Lakin komitənin bu qərarının Erməni Milli Komitəsinə verilməsi bir qədər təxirə salınmışdı.
Andranikin Naxçıvana hücum edəcəyi və əhalidən tərksilah tələbi haqqında məlumatları o vaxt burada olan türk zabiti Xəlil bəy Kazım Qarabəkir paşaya və Ənvər paşaya raport yazıb bildirmişdi. Ənvər paşa Xəlil bəyin raportuna cavab olaraq bildirmişdi ki, Kazım Qarabəkir paşanın Qarsı düşmənlərdən xilas etməsi, Gümrünü tutması kimi qələbəsi ona böyük şərəf və şöhrət qazandırmışdır. Hökumətimiz tərəfindən ona paşa rütbəsi verilmiş, Şərq cəbhəsinin baş komandanı təyin edilmiş və hökumətin yüksək medalları ilə təltif edilmişdir.
Qafqazda yaşayan türk müsəlman bölgələrinin, o cümlədən Naxçıvanın, Təbrizin düşmən təcavüzündən qorunması Kazım Qarabəkir paşaya həvalə edilmişdir. Paşa sərəncamında olan 11 Qafqaz Qol Ordusunun Naxçıvanın yardımına göndərilməsinə əmr vermişdir. Yaxın müddətdə ordu Naxçıvana gələcəkdir.
Xəlil bəyin Kazım Qarabəkir paşaya göndərdiyi raporta cavab olaraq Kazım Qarabəkir paşa yazmışdı: "Möhtərəm Xəlil bəy əfəndiləri, orada nə yapmaq və nasıl yapmaq lazım gəldiyini siz daha iyi bilirsiniz. Şəhər ətrafında və ətraf köylərdə, böyük köylərdə istehkamlar yapınız. Düşmən əsgərlərinin şəhərə girməsini hər vasitə ilə önləyin. Tərksilah notasına gəldikdə siz də çox iyi bilirsiniz ki, düşmənə silah veriləməz. Ordunun Naxçıvana doğru hərəkətinə əmr verilmişdir. Yakın zamanda oraya ulaşacaqdır. Vuruşmaq lazım gələrsə vuruşunuz. Bu xüsusda Naxçıvan Milli Komitəsinə məlumat veriniz və lütfən mənim səlamımı Naxçıvan əhlinə yetirin.
Kazım Qarabəkir"
Xəlil bəy hər iki məktubu Milli Komitədə oxuduqdan sonra bu şad xəbər Milli Komitə tərəfindən bütün əhaliyə çatdırıldı. Ordu və bütün xalq düşmənə qarşı mübarizə üçün hərəkətə gəldilər. Əsgərlər döyüşə hazır vəziyyətə gətirildi. Nehrəm və Cəhri kəndlərində hazırlıq işlərindən sonra Müsəlman Milli Komitəsinin rədd cavabı Erməni Milli Komitəsi tərəfindən Andranikə məlum edildi. Müsəlmanların bu rədd qərarından xəbər tutan Andranik dərhal şəhəri mühasirəyə alıb top atəşi yağdırmağa başladı. Az bir zaman içərisində şəhər od-alov içərisində qaldı. Şiddətli döyüşlər üç gün belə davam etdi. Kərbəlayi Muxlar, Kərbəlayi Kərim, İbrahim Xəlil Axundov və Həsən Şahverdiyevin komandanlığı altında olan Nehrəm, Cəhri, Ordubad və Şərur xalq könüllü taborları hücuma keçərək mühasirəni yarıb şəhərin yardımına gəldilər. Lakin, bütün bunlara baxmayaraq hələ də şəhər Andranikin işğalı və bütün əhali soyqırım təhlükəsindən xilas ola bilməmişdi.

{nl}

Qurtuluş günü
Xalq vətəni qorumaq üçün hər cür fədakarlıqlar göstərirdi. 1918-ci ilin iyul ayının 5-i, 6-sı idi. Şanlı türk ordusu şəhər yaxınlığındakı duz mədəni təpələrini və Şorsu körpüsünü keçərək kazarmanı toplardan atəşə tutdu. Şəhərin müxtəlif bölgələrindən türk əsgərlərinin şəhərə girməsi xəbəri hamını sevindirdi. Şiddətli döyüş yenə iki gün davam etdi. Andranikin göstərdiyi müqavimət heç bir nəticə vermədi. Erməni daşnakları böyük tələfat verərək şəhəri tərk edib fərar etdilər. Bu qurtuluş günü 1918-ci il iyul ayının 7-si idi.
Şanlı türk ordusu zəfər marşı ilə Naxçıvan şəhərinə daxil oldu. Camaat türk əsgərlərini böyük məhəbbətlə qarşıladı. Qəhrəman türk əsgərlərinin ayaqları altında qurbanlar kəsildi. Naxçıvanda bayram, şadlıq günləri başladı. Ziyafətlər verildi. Məscidlərdə Türkiyə dövlətinə dualar oxundu. Döyüşdə şəhid olan türk əsgərlərinin ruhuna "Fatihə"lər oxundu, ehsanlar verildi. Şadlıq, şənlik günləri həftələrlə davam etdi.
Bir neçə gündən sonra türk ordusu komandanı Cavid bəyin və Naxçıvan Milli Komitəsinin təşəbbüsü ilə kazarmada böyük izdihamlı mitinq keçirildi. Milli Komitə mitinq iştirakçılarını zəfər münasibətilə təbrik etdi və türk hökumətinə, Kazım Qarabəkir paşaya, Cavid bəyə, şanlı türk ordusu əsgərlərinə təşəkkür və minnətdarlığını bildirdi. Sonra Cavid bəy naxçıvanlıların düşmənə qarşı göstərdikləri mərdlikləri, şücaət və qəhrəmanlıqları tərif etdi. Döyüşlərdə qəhrəmanlıq göstərən bir çox əsgər və zabit dövlət medalları ilə təltif edildilər. Hər tərəfdən alqış səsləri ucaldı. Türk milli marşları çalındı. Bundan sonra ordunun müftisi çıxış edərək şəhidlərin ruhuna "Fatihə" oxudu.
Bu mərasimdən sonra Naxçıvan Türkiyənin bir vilayəti olaraq elan edildi. Bunun ardınca şanlı türk bayrağı qaldırıldı. Bu mərasim 24 top atəşi ilə salamlandı. Türk nəğmələri oxundu, marşlar çalındı. "Yaşasın şanlı türk bayrağı" səsləri ucaldı. Burada çıxış edən bir müəllim öz minnətdarlığını bildirdikdən sonra türk əsgərlərinə və zabitlərinə xitab edərək belə bir şeir söylədi:
Gəlməsəydin, su yerinə Araz çayı köpüklü qan axardı.
Gəlməsəydin, Əlincənin təpəsindən alov çıxar, qara duman qalxardı.
Gec gəlsəydin, burada bir türk, bir müsəlman tapmazdın.
Gəlməsəydin, dağ, daş, qərib bulaq fəğan çəkib ağlardı.
O zaman Türkiyənin Qars mahalı da düşmənlərdən azad edildikdən sonra burada Türkiyəyə bağlı bir cümhuriyyət qurulmuşdu. Buna Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti və ya sadəcə olaraq, Qars Cümhuriyyəti deyilirdi. Naxçıvan da həmin cümhuriyyətə bağlandı. Naxçıvanda artıq həyat normal bir vəziyyət almağa başladı. Əhali türk əsgərlərinə hədiyyələr bağışlayır və ziyafətlər verirdilər.Yeni bir gün müzaidə (pul təklif etmək) yolu ilə şəhərdə türk bayrağının qaldırılması mərasimi keçirildi. Müzaidədə iştirak edən Kərbəlayi Abbas Bayramov daha yüksək məbləğ verərək bayrağı qaldırmaq şərəfinə nail oldu. Ordu komandanı Cavid bəy onu təbrik edib medalla təltif etdi.Burada türk əsgərləri də çıxış edərək öz qardaşlıq borclarını yerinə yetirməklə iftixar etdiklərini bildırdilər. Əsgərlərdən birisi çıxışının sonunda:
"Allah!" "Allah!" deyib endik Tanrı dağından,
Ruhumuzu qondurduq Orxon qaynağından.
Bu qaynaqdan içənin ürəkləri tunc olur,
Türkə kəfən biçənin ölümü qorxunc olur...
-şeirini söylədi. Əsgərin bu alovlu çıxışı sürəkli alqışlarla qarşılandı. Şeirin "Türkə kəfən biçənin ölümü qorxunc olur" misrası hər tərəfdən səslənməyə başlandı. Şəhərin hər tərəfində türk bayraqları dalğalanmağa başlandı. Bu günlər Naxçıvanın qurtuluş günü adlandı. Və beləliklə 1918-ci il 7 iyul bayram günü elan edildi.
Bunu da qeyd edim ki, Andranik qaçarkən onun arxasınca şəhər erməniləri də qaçmışdılar. Lakin kəndlərdə yaşayan ermənilər qonşu müsəlman kəndlilərinin yardımı ilə kəndlərində qalmışdılar. Kimsə onlara toxunmadı, kəndlərində rahat yaşadılar.

{nl}
(ardı var)
{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında