Azərbaycanda söz azadlığı imkanları boğulmur, əksinə genişlənir

 

 

Fevralın 21-də “Azadlıq” radiosunun Vaşinqton ofisində “Azərbaycanda araşdırma jurnalistikası” mövzusunda brifinq keçirilmişdir. ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariçin moderatorluq etdiyi brifinqdə “Azadlıq” radiosunun Azərbaycan xidmətinin reportyoru Nüşabə Fətullayeva, Beynəlxalq Jurnalistika Mərkəzinin proqramlar müşaviri Hans Stayger və müzakirələrə Bosniya və Herseqovinanın paytaxtı Sarayevodan qatılan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya üzrə Araşdırmaların Aparılması Layihəsinin redaktoru Drü Sallivan çıxış etmişlər. 

Panel iştirakçıları araşdırma jurnalistikasının, korrupsiyanın üzə çıxarılmasının əhəmiyyəti, söz azadlığının boğulması elementləri barədə öz nöqteyi-nəzərlərini bildirmişlər. “Azadlıq” radiosu və bəzi hüquq müdafiə təşkilatları üçün ənənəvi tərzdə mətbuat azadlığının boğulması ilə bağlı Azərbaycan hökumətinin ünvanına ittihamlar səslənmişdir.

AzərTAc-ın xüsusi müxbiri informasiyanın təqdim olunmasında və yayılmasında, xüsusən, əlçatanlığına və istifadəsinə görə Azərbaycanda ənənəvi mətbuatı geridə qoyan sosial şəbəkələrdə internetin rolunun əhəmiyyəti və imkanları barədə sual vermiş və internetin “Azadlıq” radiosu kimi təşkilatlara və  bütövlükdə müxalifətə nə dərəcədə geniş platforma yaratması barədə maraqlanmışdır. Cavablar internetin əhəmiyyət daşımaması və televiziya kanallarının üstünlüyü barədə arqumentlərin gətirilməsi ilə yekunlaşmışdır.

Mətbuat azadlığının boğulmasında kimsə ittiham olunursa, onda  Azərbaycanda əhalinin 65 faizindən çoxunun istifadə etdiyi  azad və senzurasız internetdən nə üçün danışılmır?! Yəni, informasiyalar və xəbərlər tamamilə əlyetərli olmasaydı, onda informasiyanın yayılmasına qadağa qoyulması və mətbuat azadlığının boğulması barədə mühakimə yürütmək olardı.  Azərbaycan hökuməti  azad medianı təkidlə və qərəzlə boğmaq istəsəydi, Azərbaycan vətəndaşlarının internetdən sərbəst istifadə etmək  imkanlarını genişləndirməzdi. Əksinə, Azərbaycan Prezidenti İlham Əliyev son illər telekommunikasiya texnologiyaları sahəsində  mühüm layihələrin təşəbbüskarı olmuş, ölkədə azad mətbuatın inkişafına və informasiyadan istifadənin genişləndirilməsinə öz töhfəsini vermişdir. Azərbaycan ötən ilin fevralında “Azerspace/Africasat-1a” birinci telekommunikasiya peykini orbitə çıxarmışdır və yaxın illərdə daha iki peyki orbitə çıxarmağa hazırlaşır. Bu, Azərbaycana gələcəkdə telekommunikasiya layihələrinin  mərkəzi olmaq, ölkənin nüfuzunu qaldırmaq, daxili bazarda internetin və digər kommunikasiyaların qiymətlərini ucuzlaşdırmaq, Azərbaycan vətəndaşının imkanlarını, o cümlədən istər respublikada, istərsə də onun hüdudlarından kənarda müxtəlif informasiyalardan istifadə imkanlarını genişləndirmək fürsəti  verəcəkdir.

Belə olan halda bəs nə üçün bəzi beynəlxalq təşkilatlar vəziyyəti elə təqdim etməyə çalışırlar ki, guya Azərbaycan hökuməti informasiyadan istifadəni və onun yayılmasını məhdudlaşdırır?! Respublikada minlərlə bloqqer, vikipediyaçı, forumçu və sosial şəbəkələrinin milyonlarla, o cümlədən  “Facebook”un 1,2 milyondan çox istifadəçisi vardır. Təkcə “Facebook”da yüz minlərlə azərbaycanlı  Dağlıq Qarabağ münaqişəsindən tutmuş xırda məişət məsələlərinədək müxtəlif növ problemləri müzakirə edir. Bloqqerlər  ictimai diskussiyalar və fikir mübadiləsi aparmaq üçün özlərinin  “informasiya kanallarını” yaradırlar. Bəli, televiziya və radionun mövcud olması əhəmiyyətlidir, qloballaşma qarşılıqlı informasiya mübadiləsinin ənənəvi növlərini yavaş-yavaş arxa plana keçirir, internet isə əksinə, irəli çıxır. Biz elə bir dünyada yaşayırıq ki,  “Washington Post” kimi mötəbər bir qəzet pullarını məhz internet vasitəsilə qazanan “Amazon”a cəmi 250 milyon dollara satılıb. Çünki  ənənəvi mətbuatın populyarlığı itir, qəzet abunəçilərinin sayı isə durmadan azalır. Biz elə bir dünyada yaşayırıq ki, burada hələ 2005-ci ildə işə salınmış siyasiyönümlü  “The Huffington  Post” elektron bloqu  dövriyyəsi 100 milyon dollar olan informasiya portalına  və multimilyonluq biznesə çevrilib. İnternetin imkanları hüdudsuzdur və əlçatan, azad internetdə söz azadlığı  məhdudlaşdırıla bilməz. Yəni, Azərbaycanda əhalinin 65 faizi (bu isə 6 milyon 45 min  vətəndaş deməkdir) internetdən istifadə edirsə, ölkədə söz azadlığının boğulmasından danışmaq olarmı?! Hökumət  vətəndaşların, xüsusən, gənclərin  informasiyadan sərbəst istifadə etməsinin əleyhinədirsə, onda peyklər buraxmaq və kommunikasiyaların imkanlarını genişləndirmək Azərbaycan Prezidentinin nəyinə gərəkdir?!  Məntiqsizlik yaranır. Prezident İlham Əliyev  2013-cü ili  “İnformasiya-Kommunikasiya Texnologiyaları  İli” elan etmişdi. “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASIM)  layihəsi işə salınmışdı.

İnternet azadlığı, heç şübhəsiz, imkanları genişləndirir, istər müxalifətə, istərsə də müxalifət qəzetlərinə platforma verir.  Tədbirin keçirildiyi “Azadlıq” radiosu eynitipli təşkilatlarla bərabər, öz informasiyasını alternativ auditoriyaya  çatdırmaq üçün “Youtube” kanalından, öz saytından və sosial şəbəkələrdən maneəsiz istifadə edir. Bəs hanı söz azadlığının boğulması?!

Maraqlıdır ki, AzərTAc-ın xüsusi müxbirinin sualına cavab verən Drü Sallivan bildirmişdir ki, internetdə yalan informasiya da tapmaq olur. Bəli, internetdə yalan informasiya çoxdur, lakin belə informasiya televiziyada da çoxdur. İstər televiziyada, istərsə də mətbuat və internetdə olsun, etibarlı informasiya vaxt gələndə yüksək nüfuz qazanır və böyük auditoriya toplayır.

Acınacaqlı haldır ki, Azərbaycana qarşı ittihamlar irəli sürən  “Azadlıq” radiosu  Azərbaycanı müntəzəm olaraq qərəzli şəkildə tənqid edən “Freedom House” kimi təşkilatın hesabatına istinad edir. “Freedom House” məhz o təşkilatdır ki, bir tərəfdən Azərbaycanı “azad olmayan” dövlət adlandırır, eyni zamanda, öz əməkdaşlarını Azərbaycanın işğal olunmuş ərazilərinə göndərərək, Azərbaycanın zəbt edilmiş torpaqlarında mövcud olan qondarma rejimi və onun  Ermənistandakı ağalarını “yarımazad” elan edir. 25 min azərbaycanlının qanı, evindən-eşiyindən didərgin salınmış 1 milyondan çox region sakininin fəlakəti üzərində qurulmuş həmin qurumun “yarımazad” olmasından necə danışmaq olar?! Azadlıq yüz minlərlə insanı ata-baba yurdundan zorla qovub çıxarmaq, fundamental hüquq və azadlıqları kobud şəkildə pozmaqdırmı?!  Ermənistanda vətəndaşların paytaxt küçələrində güllələndiyi bir vaxtda bu ölkənin “yarımazad”, Azərbaycanın isə “azad olmamasından” necə danışmaq olar?!

Tənqidə və ittihamlara baxmayaraq, Azərbaycan inkişaf edir və edəcəkdir. Brifinq iştirakçılarından birinin qeyd etdiyi kimi,  Azərbaycan özünün problemləri olan gənc dövlətdir. Lakin hansı dövlətdə problemlər yoxdur?! ABŞ Prezidenti Barak Obamanın bu ilin yanvarında “Ölkədə vəziyyət haqqında” ənənəvi müraciətində dediyi sözlər yada düşür: “Bizim azadlığımız, bizim demokratiya heç vaxt bizə asanlıqla başa gəlməyib. Bəzən geri çəkilirik, səhvlərə yol veririk, məyus oluruq və ya ruhdan düşürük. Lakin yaratmaq, qurmaq və hər bir insanın imkanlarını genişləndirmək üçün biz iki yüz ildən çoxdur ki, bütün bunları bir kənara qoyub tərəqqinin çarxını birgə səylərlə hərəkətə gətiririk ki, banilərimizin kağız üzərində yazdıqları sözləri hər bir vətəndaş üçün reallığa çevrilsin”. Əgər ABŞ  iki yüz ildən çox müddət ərzində tam demokratiyaya və   azadlıqlara nail olmayıbsa, Amerika hələ də səhvlərə yol verirsə, deməli, bu, hər hansı digər ölkədə, o cümlədən inkişaf etməkdə olan Azərbaycanda da  mümkündür.

Yusif BABANLI

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında