Qaradağlı faciəsinin və Xocalı soyqırımının törədilməsinin 22-ci ildönümü ilə əlaqədar olaraq fevralın 21-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının təşkilatçılığı və Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Qarabağa doğru” yürüş aksiyası keçirilmişdir. Xocavənd rayonunun Nərgiztəpə adlanan ərazisində keçirilmiş yürüş aksiyasında AVCİYA-ya daxil olan digər QHT-lər də iştirak etmişlər.
“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalından AzərTAc-a bildirmişlər ki, yürüş iştirakçıları ilə əvvəlcə Xocavənd Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Sonra Xocavənd ictimaiyyəti nümayəndələrinin iştirakı ilə rayonun Nərgiztəpə adlanan ərazisində anım mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları əvvəlcə Nərgiztəpə üzərində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər. Abidə kompleksinin üzərinə qərənfillər düzüldükdən sonra mərasimin rəsmi hissəsi başlamışdır. Əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov rayonun Qaradağlı kəndində törədilmiş faciə barədə ətraflı məlumat vermişdir. O demişdir ki, böyükmiqyaslı bu cinayətlər son 20-25 ilin hadisəsi deyildir. Bu cür cinayətlər əsrlər boyunca ermənilər tərəfindən dəfələrlə törədilmişdir.
Daha sonra çıxış edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirmişdir ki, bugünkü tədbirin iştirakçılarının anım mərasiminə hərbi geyimdə qatılmaları əslində Azərbaycan xalqının öz torpaqlarını azad etmək üçün daim hazır olmasının göstəricisidir. O, bu cür tədbirlərin vətənpərvərlik ruhunun yüksəlməsində xüsusi əhəmiyyətə malik olduğunu və ənənəvi keçiriləcəyini diqqətə çatdırmışdır.
“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının baş elmi məsləhətçisi, tarix elmləri üzə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı bildirmişdir ki, Xocavənd rayonunun Qaradağlı kəndində baş vermiş faciə barəsində 2010-cu ildə kitab yazmışdır. O, həmçinin əlavə etmişdir ki, Qaradağlının müdafiəsində qəhrəmanlıq göstərmiş insanların şücaəti barədə beynəlxalq ictimaiyyət məlumatlandırılmalıdır.
“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının baş redaktoru Zaur Qəriboğlu rəhbərlik etdiyi elektron-jurnal barədə ətraflı məlumat verərək informasiya mübarizəsi dövründə ermənilərə qarşı bu istiqamətdə səylərin artırılmasının vacibliyini xüsusi vurğulamışdır.
“Azərbaycanda Regional İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, professor Çingiz İsmayılov qeyd etmişdir ki, Nərgiztəpə Azərbaycanın Qarabağ bölgəsinin strateji əhəmiyyət daşıyan ərazilərindən biridir. Bu ərazidə yaşayan hər bir azərbaycanlı qürur hissi duymalıdır ki, onlar ön cəbhədə düşmənlə üzbəüz yaşayıb işləyirlər. Biz əminik ki, işğal altındakı torpaqlarımız düşməndən tezliklə azad ediləcəkdir.
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin sədri, professor Kamil Səlimov çıxış edərək demişdir ki, Qaradağlıda və Xocalıda törədilmiş soyqırımları bəşəriyyətə qarşı olan cinayətlərdir.
“İnsan Hüquqları XXI əsr - Azərbaycan” Fondunun prezidenti Şahin Camalov qeyd etmişdir ki, Qaradağlı və Xocalı faciələri əslində Azərbaycan tarixinin qəhrəmanlıq səhifələridir. Azərbaycanın gələcəyi olan gənclər bu tarixi unutmamalı, Vətənin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman övladları hər zaman qürur hissi ilə yad etməlidirlər. Beynəlxalq cəmiyyət isə Azərbaycana qarşı ikili standartlara, ayrı-seçkiliyə yol verməməli, Azərbaycanın haqq səsini eşitməlidir.
Daha sonra tədbir Ağdam rayonu ərazisindəki N saylı hərbi hissədə davam etdirilmişdir. Tədbir iştirakçıları hərbi hissənin əsgər və zabit heyəti ilə görüşmüşlər. Görüşdə hərbi hissənin əsgərlərinə hədiyyələr təqdim olunmuşdur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.