Brüsseldə UNPO-nun gizli sponsorları Azərbaycana “Siciliya xəbərdarlığı” etməyə çalışdılar, lakin ümidləri boşa çıxdı

 

 Fevralın 19-da Brüsseldəki Avropa Parlamentində “Azlıqların hüquqları, barışıq və Cənubi Qafqaz regionunda sülhməramlılıq” mövzusunda tədbir keçirilmişdir.

Tədbir “Təmsil olunmamış millətlər və xalqlar təşkilatı” (UNPO) və bir nəfərdən ibarət “Talış milli hərəkatı” ilə əməkdaşlıq şəraitində Avropa Parlamentinin üzvü, macar əsilli Rumıniya vətəndaşı Çaba Şoqoranın təşəbbüsü ilə təşkil edilmişdir. Planlaşdırılan tədbir barədə anons UNPO-nun veb-səhifəsində (bax: http://www.unpo.org/article/16799) yerləşdirilmişdir. Anonsla tanışlıq elə təəssürat yaradırdı ki, söhbət Cənubi Qafqazda çoxsaylı milli azlıqlardan gedəcəkdir. Hər halda qonaqlar, o cümlədən AzərTAc-ın xüsusi müxbiri tədbirə məhz bu gözləntilərlə getmişdilər.

Lakin çıxışlar başlananda məruzələrin mövzudan ciddi şəkildə kənara çıxdığı aşkar oldu. Məruzələrdən dördü, nədənsə, təşkilatçıların internet səhifədə anons verdikləri mövzuya tamamilə aidiyyəti olmayan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuşdu. Özü də bu dörd məruzəçidən  ikisi erməni, qalanları avropalı idi. Tədbirin anonsunu bir mövzuda vermək və təşkil etmək, amma kənar mövzularda, özü də erməni məruzəçilərini dəvət etməklə, digər tərəfin mövqeyini işıqlandırmağa imkan vermədən Dağlıq Qarabağ kimi həssas problemə dair mövzuda məruzələrlə çıxış etmək nə dərəcədə doğrudur?

Azərbaycan tərəfi prinsip etibarilə Dağlıq Qarabağ mövzusunu heç “oftop” (mövzudan kənar) şəklində də nəzərdən keçirmir, çünki Bakı üçün Qarabağ erməniləri Azərbaycan dövlətində etnik azlıqdır. Bir halda ki, bu münaqişə məhz milli azlıqların hüquqlarının tematik çərçivəsində müzakirə olunursa, erməni məruzəçiləri heç özləri də bilmədən faktiki surətdə Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu etiraf etmiş olurlar.

Diqqətin yalnız bir etnik azlıq - talışlar üzərində cəmləşdirilməsi qonaqlar üçün daha bir şok olmuşdur. Məruzələrin ikisi talışlara həsr olunmuşdu: onlardan birini - Əlikram Hümbətovun çıxışını (daha doğrusu onun anlaşılmaz danışığını) heç məruzə adlandırmaq olmazdı. Ümumiyyətlə, rusdilli olmayan Avropa Parlamentində keçirilən və rusdilli olmayan Azərbaycandakı rusdilli olmayan talışlara həsr edilmiş tədbirə böyük Turgenev dilinin nə aidiyyəti var? Aydın məsələdir ki, mətnin əsl müəllifi nə Azərbaycan, nə də talış dillərini bilir, ona görə də Hümbətov mətni özünün ala-yarımçıq bildiyi rus dilində yazmışdır...

Burada tədbirin təşkili barəsində haqlı bir sual ortaya çıxır: məgər Cənubi Qafqazda talışlardan başqa milli azlıqlar, məsələn, Gürcüstan azərbaycanlıları, Ermənistandan didərgin salınmış, lakin doğma torpağa qayıtmaq ümidlərini itirməyən azərbaycanlılar, habelə bir sıra digər milli azlıqlar yoxdurmu? Bir halda ki,  təşkilatçılar dost, hətta qardaş talış xalqının bizə düşmən olan iki nümayəndəsinə söz verməyi qərara  almışdılarsa, onda heç olmazsa, ədəb, balans xatirinə Bakıdan da kimisə dəvət etmək olmazdımı? Heç olmasa o, ölkədə millətlərarası harmoniyanın möhkəmlənməsində dövlətin nailiyyətlərindən söz açardı.

Beləliklə, artıq konfrans gedişində bütün bu toplantının qərəzli, antiazərbaycan xarakteri üzə çıxdı və sifarişli olduğu aydın göründü...

Belə bir fakt da təəccüb doğururdu ki, Ermənistan – Azərbaycan münaqişəsi və Cənubi Qafqazda etnik azlıqlar mövzularını bir-birinə qatan təşkilatçılar azərbaycanlıların əzəli torpaqları olan Dağlıq Qarabağdan qovulmasının üstündən sükutla keçdilər.

Moderatorun heç bir çıxışa müdaxilə etməməsi, reqlamentə əhəmiyyət verməməsi, suallara isə cəmi 8 dəqiqə vaxt ayırması faktı da tədbirin qərəzli şəkildə bu formatda təşkil olunmasından xəbər verirdi. Beş qonaqdan dördü Azərbaycan tərəfini təmsil edirdi (onlardan biri AzərTAc-ın xüsusi müxbiri idi). Tədbirin sonunda onlara sual vermək üçün çox qısa vaxt ayrılmışdı. Sualların “yığılması” başa çatanda konfrans üçün ayrılmış vaxt da sona çatdı. Qapının arxasında dayanan texniki əməkdaş otağa daxil olaraq matros Jeleznyakın məşhur “Qaravul yorulmuşdur və yatmaq istəyir. Xahiş edirəm, iclası dayandırın!” cümləsi üslubunda burada keçiriləcək növbəti tədbir üçün hamıdan otağı tərk etməyi xahiş etdi.

Beləliklə, heç bir suala cavab verilmədi. Bu sətirlərin müəllifi Çaba Şoqoraya yaxınlaşaraq, tədbirin təşkilindəki qüsurlarla bağlı iradlarını bildirdi. O da razılaşdı.

UNPO-nun  son vaxtlar, xüsusən, “Şahdəniz-2" layihəsi üzrə yekun investisiya sazişinin imzalanması ərəfəsində və 2013-cü il dekabrın 17-də imzalanandan sonra Azərbaycana qarşı hücumlarını nə üçün intensivləşdirməsi təəccüblü deyildir. Öz əhəmiyyətini artırmaq üçün məlumatı olmayan adamı çaşdıran və BMT-yə heç bir aidiyyəti olmayan (maraqlıdır ki, rus dilində ONN abbreviaturası -təmsil olunmayan xalqlar təşkilatı -  insanları  yanılda bilər) məhz belə məharətlə düşünülmüş abbreviatura seçən təşkilat bəzi qüvvələr, habelə bir ölkənin enerji inhisarçısı tərəfindən sponsorlaşdırılır. Onların adlarını çəkməyəcəyik, lakin tamamilə aydın məsələdir ki, dekabrın 17-də imzalanan saziş Aİ-ni razı salsa da, adı çəkilməyən  həmin qüvvələrin yuxusuna haram qatıb... İndi isə onlar öz əlaltı təşkilatlarının vasitəsilə Azərbaycana ”soft-power" təzyiqi göstərirlər. Təsadüfi deyildir ki, ötən il məhz UNPO federal ləzgi milli-mədəni muxtariyyətinin fəallarının iştirakı ilə oxşar tədbir təşkil etmiş, bir növ Azərbaycana xəbərdarlıq mesajı göndərmişdi. İndi isə birdən-birə Qarabağ münaqişəsinin erməni versiyası ilə birlikdə talış azlığına belə diqqət göstərilir. Burada bizim üçün qəribə heç nə yoxdur. Hər şey aydındır.

Lakin hamıya, o cümlədən həmin qüvvələrə də məlum olmalıdır ki, Azərbaycan Ermənistan deyildir və özünün müstəqil kursundan heç vaxt dönməyəcəkdir. Buna bənzər xırda pisliklərlə Azərbaycanı öz mövqeyini dəyişdirməyə və müstəqil siyasətindən əl çəkməyə vadar edə bilməzlər.

Vüqar SEYİDOV

AzərTAc-ın xüsusi müxbiri

Brüssel

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında