Rayonun sosial-iqtisadi həyatındakı yeniliklərin və uğurların təkcə səsləndirilən hesabatla deyil, həm də sərgidə - əyani şəkildə nümayiş etdirilməsi ənənəsi Ağsuda da maraqla qarşılanır. 2013-cü ilin sosial-iqtisadi uğurlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağının iştirakçıları da öncə Rayon Mədəniyyət Sarayının foyesində açılmış sərgi ilə tanış oldular. Sərgidə Ağsunun sənaye müəssisələrində istehsal olunmuş mallar və kənd təsərrüfatı məhsulları nümayiş etdirilirdi. Başqa bir guşədə isə tamaşaçılar son bir ildə görülmüş tikinti-quruculuq işlərinin miqyasını özündə əks etdirən foto-şəkillər və diaqramlarla tanış olurdular. Hamı bu faktlara və rəqəmlərə baxdıqca bir kənd rayonunun timsalında ölkənin ümumi inkişaf səviyyəsi ilə fəxr edirdi.
Daha çox faktlar və rəqəmlər isə rayon icra hakimiyyəti başçısı Ənvər Seyidəliyevin yuxarıda adını çəkdiyimiz ümumrayon yığıncağında söylədiyi hesabatda öz əksini tapırdı. Ənvər müəllim qeyd etdi ki, 2013-cü ildə respublikanın bütün bölgələrində olduğu kimi Ağsu rayonunda da inkişaf və tərəqqi meylləri davam etdirilib. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair birinci və ikinci Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi rayonun sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub. Həyata keçirilən abadlıq, tikinti-quruculuq işləri sayəsində iqtisadiyyatın ayrı-ayrı sahələrinə qoyulan investisiyanın məbləği 2003-cü illə müqayisədə 158 dəfə ataraq ötən il 44,4 milyon manata çatıb.
2013-cü ildə yeni obyektlərin tikilməsinə və istifadəyə verilməsinə diqqət artırılıb, təhsil, səhiyyə, mədəni-məişət obyektlərinin inşası hər il olduğu kimi nəzarətdə saxlanılıb. Qəşəd və Rəhimli kənd tam orta məktəbləri üçün 180 şagird yerlik müasir binalar tikilib istifadəyə verilib, Dilman, Muradlı kənd tam orta, Keşdiməz kənd ümumi orta məktəbləri üçün binalarda tikinti-quraşdırma işləri davam etdirilib. Regional Dövlət Proqramlarının icra olunduğu müddətdə dövlət vəsaiti hesabına və Heydər Əliyev Fondu tərəfindən şagird yerlərinin ümumi sayı 4244 olan 19 yeni məktəb binası inşa olunub. 2013-cü ildə Azərbaycan Kənd İnvestisiya Laihəsi çərçivəsində rayonun 13 kəndində yolların, səhiyyə müəssisəsinin təmiri və abadlaşdırma işləri görülüb.
Son illərdə rayonda miqyasına görə ən böyük layihə olan Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən 50 milyon ABŞ dolları dəyərində “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə” çərçivəsində Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sistemi yaradılıb.
Rayonda sənaye sahəsinin, xüsusilə də kənd təsərrüfatı məhsullarının emalı sənayesinin maddi-texniki bazası möhkəmləndirilib. 2011-ci il oktyabr ayının 30-da açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunda ötən il 3 milyon 468 min manatlıqdan çox şirələr və şərab istehsal olunub ki, bu da 2012-ci illə müqayisədə 1 milyon 834 min manat çox olmaqla ümumi sənaye məhsulunun 65,6 faizini təşkil edir.
Son illər rayonda elektrik və qaz təsərrüfatının, əhalinin su təchizatının, yol infrastrukturunun təzələnməsi sahəsində xeyli iş görülüb. Ağsu şəhərində və Çiyni kəndində elektrik verilişi xətləri SİP markalı müasir kabellərlə əvəz olunub və smart-kart tipli sayğaclar quraşdırılıb. Yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilib. Ötən il 14 kəndə təbii qaz verilişi bərpa olunub, 7 kənddə - Ərəbmehdibəy, Qasımbəyli, Dədəli, Xəlilli, Mustafalı, Çaparlı və Qiyaslı kəndlərində qaz xətləri ilə bağlı tikinti-quraşdırma işləri davam etdirilib. Artıq Ağsu şəhəri ilə yanaşı 33 kənddə əhali təbii qazdan istifadə edir.
Rayon icra hakimiyyətinin təşkilatçılığı sayəsində son illərdə ümumtəhsil məktəblərinin göstəricilərində kifayət qədər irəliləyişə nail olunub. 2012-2013-cü dərs ilinin sonunda 90 nəfər ağsulu məzun ali məktəblərə qəbul olunub. Məzunlardan 2 nəfəri 600, 6 nəfəri isə 500 baldan yuxarı nəticə göstərib.
Hesabatda qeyd olundu ki, 2008-ci ildən başlayaraq əhaliyə mədəni xidmətin göstərilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə rayonda Heydər Parkı, Qəhrəmanlar Parkı Abidə Kompleksi, Heydər Əliyev Mərkəzi, Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzi, Heydər Əliyev Seyrəngahı tikilib, Ağsu Şəhər Mədəniyyət və İstirahət Parkı, Tarix Diyarşünaslıq Muzeyi və rayon Mədəniyyət sarayı yenidən qurulub. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyələrinə və qrafikə uyğun olaraq bu il fevral-may aylarında Heydər Əliyev Mərkəzində keçiriləcək dərslərdə rayon üzrə on birinci sinif şagirdlərinə ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi tədris olunacaq.
Ənvər müəllim qarşıda duran vəzifələr barədə də söz açaraq qeyd etdi ki, 2014-cü ildə qarşıda çox mühüm vəzifələr dayanır. Qarşıdakı illər üçün qəbul ediləcək üçüncü Dövlət Proqramına uyğun olaraq rayonda sosial-iqtisadi inkişaf tədbirlərinin sürətləndirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sosial problemlərinin həllini nəzərdə tutan geniş miqyaslı işlər görüləcəkdir. Kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, sənaye, tikinti, nəqliyyat və rabitə müəssisələrinin fəaliyyətini müasir tələblər səviyyəsində qurmaq üçün məqsədli proqramlar həyata keçiriləcəkdir.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının İcra Aparatı üçün inzibati binanın inşasına başlanacaq, hər cür şəraitə malik müasir xəstəxana binasının tikintisində işlər davam etdiriləcək, mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün əsaslı tədbirlər görüləcəkdir.
Dünya Bankı tərəfindən maliyyələşdirilən Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrası, şəhər və kənd yollarının təmiri və asfaltlaşdırılması işləri davam etdiriləcəkdir.
Rayonun kəndlərində əhalinin, müəssisə və təşkilatların elektrik enerjisi ilə dayanıqlı təminatı üçün əsaslı təmir və yenidənqurma işləri aparılacaq və regionların sosial-iqtisadi inkişafına dair növbəti Dövlət Proqramı çərçivəsində yaşayış məntəqələrinin qazlaşdırılmasının sürətləndirilməsi üçün əlavə tədbirlər həyata keçiriləcəkdir. Müəssisə, idarə və təşkilatlarda çalışanların iş şəraitinin yaxşılaşdırılması üçün imkanlardan tam istifadə ediləcəkdir.
Sonda isə rayon rəhbəri belə bir əminlik dilə gətirdi: - Əminəm ki, ağsulular bundan sonra da respublikada bütün sahələrdə aparılan sürətli inkişaf tədbirlərindən kənarda qalmayacaq, qarşıya qoyulan vəzifələrin uğurla həll edilməsi üçün bütün imkanlardan tam və səmərəli şəkildə istifadə edəcəklər.
Yığıncağın işində Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev və Milli Məclisin deputatı Ərəstun Cavadov iştirak və çıxış etdilər.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.