“Azərsu” Açıq Səhmdar Cəmiyyətində ölkənin içməli su təchizatı və kanalizasiya sektorunda 2013-cü ilin yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirədə bu barədə ətraflı söhbət açılmışdır.
Müşavirəni giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin sosial-iqtisadi inkişafının sürətlənməsinə və beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr vermişdir. 2013-cü ildə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf etmiş, yeni infrastruktur layihələri həyata keçirilmiş, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır. Qeyd olunmuşdur ki, ötən il ölkəmizdə infrastruktur sahələrində, o cümlədən su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr həyata keçirilmişdir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində içməli su təchizatı və kanalizasiya sektorunun 2013-cü ildə yeni inkişaf dövrünə qədəm qoyduğunu diqqətə çatdıran natiq bildirmişdir ki, dövlət başçısının əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su il təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq il ərzində bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirilmiş, ölkənin 24 şəhər və rayon mərkəzini, həmçinin 300-dən çox kəndi əhatə edən mühüm layihələr icra olunmuşdur. İlin ən əlamətdar hadisələri isə, heç şübhəsiz, Prezident İlham Əliyevin iştirakı ilə 9 şəhər mərkəzinə içməli suyun verilməsi, həmçinin mərkəzi laboratoriyanın yeni binasının açılışı olmuşdur. Eyni zamanda, ötən il əhaliyə göstərilən içməli su və kanalizasiya xidmətlərində keyfiyyət dəyişiklikləri müşahidə edilmiş, Şirvan-Muğan Qrup su kəməri, Külüllü su mənbəyi və Ceyranbatan-Qala magistral su kəməri layihələrinin icrası yekunlaşdırılmışdır.
2013-cü ildə, həmçinin Novxanı-Sumqayıt kanalizasiya kollektorunun tikintisi başa çatdırılmış, Dərnəgül-Balaxanı-Qaraçuxur, Xırdalan-Xocahəsən, Pirşağı sahilboyu, Bayıl-Bibiheybət kanalizasiya kollektorlarının tikintisinə start verilmişdir. Bütövlükdə isə il ərzində ölkə üzrə 2061 kilometr içməli su və 534 kilometr kanalizasiya xətləri çəkilmiş, 20 ədəd su anbarı və 19 ədəd nasos stansiyası tikilmiş, 15 ədəd artezian və subartezian quyusu qazılmışdır. Bundan əlavə, ötən il Bakı şəhəri və Abşeron yarımadası üzrə 900-dək çoxmərtəbəli yaşayış binasının həyətlərində və daxili su təchizatı sistemlərində yenidənqurma işləri aparılmış, 191 minə qədər “smart-kart” tipli su sayğacı quraşdırılmışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində 191 min nəfər ilk dəfə mərkəzləşmiş qaydada içməli su ilə təmin olunmuş, fasiləsiz su alan əhalinin çəkisi Bakı şəhərində 78 faizə, regionlarda isə 55 faizə çatdırılmışdır.
2013-cü ildə “Azərsu” Səhmdar Cəmiyyətinin beynəlxalq əlaqələrinin daha da genişləndiyini diqqətə çatdıran Q. Hüseynov Master Planın hazırlanması üzrə işlərin tamamlandığını, yeraltı infrastrukturların AzersuGİS-ə daxil edilməsi işlərinə başlanıldığını qeyd etmişdir. Ötən il, həmçinin səhmdar cəmiyyətin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığı, əməyin təhlükəsizliyi, ekoloji və sosial məsələlərə diqqət xeyli artırılmışdır.
Daha sonra “Azərsu” ASC sədrinin istismar üzrə müavini Köçərli Həsənov, tikinti üzrə müavin Seymur Seyidov, informasiya-kommunikasiya texnologiyaları üzrə müşavir İlham Bayramov, abonent işləri departamentinin rəis müavini Elşad Quliyev, “Gəncə Sukanal” İdarəsinin rəisi Bəhlul Ramazanov və Suraxanı Rayon Sukanal İdarəsinin rəisi Rövşən Kazımov çıxış edərək müvafiq sahələr üzrə 2013-cü ildə görülmüş işlər barədə ətraflı məlumat vermişlər.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq 2014-cü ildə görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını vermişdir. Cari ildə Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin davam etdiriləcəyini deyən səhmdar cəmiyyətin sədri beynəlxalq layihələr çərçivəsində də bir sıra rayonlarda işlərə başlanılacağını diqqətə çatdırmışdır. Q. Hüseynov “Azərsu” ASC-nin yeni texnologiyalardan istifadəni prioritet seçdiyini xatırladaraq kadr hazırlığı istiqamətində təxirəsalınmaz tədbirlərin görülməli olduğunu vurğulamışdır. “Azərsu” ASC-nin sədri, həmçinin su itkilərinin azaldılması məqsədilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması, istismar, əməyin mühafizəsinin təşkili və ekologiya sahəsində tədbirlərin davam etdirilməsi, eləcə də istehlakçılara göstərilən xidmətin keyfiyyətinin artırılması, onlarla normal ünsiyyət və davranış qaydalarının təmin edilməsi barədə ciddi tapşırıqlar vermişdir.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.