“Gənc liderlər” üçün “Qış məktəbi” uğurla davam edir

 

 

YAP Gənclər Birliyinin təşkil etdiyi “Gənc

liderlər” üçün “Qış məktəbi” uğurla davam edir.

Fevralın 12-də “Biz və sosial media” mövzusunda treninq keçirilmişdir. Treninqin moderatoru, YAP Gənclər Birliyinin layihələr üzrə əlaqələndiricisi Leyla Kərimova qurumun həyata keçirdiyi layihələrdən, gənclərin bu layihələrdə fəal iştirakından, yeni texnologiyalardan bəhrələnərək Azərbaycan reallıqlarının təbliği istiqamətində göstərdikləri səylərdən bəhs etmişdir. 

Qrup rəhbərləri - YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Siyasi Şuranın üzvü, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva mövzu ilə bağlı fikirlərini açıqlamışlar. Bildirilmişdir ki, cəmiyyət inkişaf etdikcə insanların dünyagörüşü, baxışları, düşüncələri də dəyişir. İnternet istifadəçilərinin sayı gündən-günə artır. Artıq həyatımızda “Sosial media” vardır.

“Sosial media” anlayışının mahiyyəti açıqlanaraq qeyd olunmuşdur ki, bu, insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşmaq deməkdir. Sosial media vasitələrinə internet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikro bloqlar,  ani ünsiyyət proqramları, forumlar daxildir.

Gənclər müzakirələrdə üç qrup şəklində iştirak etmişlər. Birinci qrupun kapitanı YAP Sumqayıt şəhər təşkilatının üzvü Amal Əsgərov, ikinci qrupun kapitanı YAP Yasamal rayon təşkilatının  üzvü Əfqan Noçuyev, üçüncü qrupun kapitanı isə YAP Binəqədi rayon təşkilatının üzvü Səlcuq Müzəffərov olmuşdur. Gənclər sosial media ilə bağlı fikirlərini açıqlamış, onun nümunələrindən bəhs etmişlər. Bildirilmişdir ki, xəbər saytları elə saytlardır ki, istifadəçilər həm oxuya, həm də münasibət bildirə bilir. İnformasiyanı bölüşmək və müzakirəyə çıxarmaq üçün də internet alətləri mövcuddur.

Vurğulanmışdır ki, internet vasitəsilə informasiyanın dəqiq, tez və daha böyük kütləyə çatdırılması nəzərə alınaraq sosial şəbəkələr və elektron informasiya saytları yaradılmağa başlanmışdır. Sosial şəbəkələr (Facebook, Twitter və s.) fiziki dünyamızın virtual formasıdır. Ünsiyyət vasitələri heç bir xərc ödəmədən bütün dünya ilə canlı telefon bağlantısı, internet üzərindən görüntülü video konfranslardır. Elektron informasiya saytları artdıqca informasiyanın operativ və sürətli çatdırılmasına ehtiyac duyulmuş, bununla da bloqlar yaradılmışdır. Bloqlar bir və ya bir neçə nəfər, birlik və ya təşkilatlar tərəfindən yaradıla bilər. Dünyanın hər hansı bir yerində olan bir yeniliyi daha tez çatdıran platformalar mikro bloqlardır. Bu platformalardan informasiyanı bir neçə cümlə ilə telefondan belə yayımlamaq olar.

YAP Yasamal rayon təşkilatının üzvü Həsən Hüseynzadə, YAP Sumqayıt şəhər təşkilatının üzvü Ülvi Allahverdi və digər gənclər sosial medianın əsas xüsusiyyətlərindən danışmışlar. 

Sonra “Gəncəm, inkişafı sevirəm” - İnkişaf yolları, yanaşma tərzləri, fürsətlərin, zamanın dəyərləndirilməsi haqqında təlim keçirilmişdir. Vüqar Rəhimzadə və Samirə Quliyeva gənclərin inkişafına stimul verən əsas amillərdən bəhs etmişlər. Bildirmişlər ki, hər bir ölkənin gələcəyi gənclərin hərtərəfli inkişafı ilə bağlıdır.

Çıxışlarda dövlət başçısı İlham Əliyevin 2011-ci ildə keçirilən  Gənclərin VI forumunun iştirakçılarına təbrik məktubunda söylədiyi bu fikirlər bir daha diqqətə çatdırılmışdır: “Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir”.

İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaqdır.

YAP Gənclər Birliyi Mərkəzi ofisinin təşkilati işlər üzrə əlaqələndiricisi Elmar Məmmədov bildirmişdir ki, ölkəmizdə  dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək bildirmişdir ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi  ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, cəmiyyətin avanqard qüvvəsinə çevrilmişdir. Təbii ki, gənclər siyasəti dedikdə gənclərin öz bilik və bacarıqlarını ortaya qoymaları,  cəmiyyətdə layiqli yer tutmaları üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemi nəzərdə tutulur. YAP Gənclər Birliyinin təşkil etdiyi “Qış məktəbi” layihəsi də gənclərə bu kimi imkanlar yaradır. Kompleks tədbirlər gənclərin hərtərəfli inkişafını yüksək səviyyədə təmin edir, gələcəyə daha  inamla baxmaları üçün stimulverici amil rolunu oynayır.

“Qış məktəbi”nin üçüncü günü çərçivəsində keçirilən “Sosial şəbəkələrdə təhlükəsizlik qaydaları” mövzusunda seminarda YAP Gənclər Birliyinin əməkdaşı Şamo Əliyev sosial şəbəkələrdən  təhlükəsiz istifadə qaydalarından danışmışdır. Təqdimatda  şəbəkədən düzgün istifadə olunmadıqda yaranan təhlükələrdən  maksimum müdafiə üsulları nümayiş etdirilmişdir.

“Qış məktəbi”nin üçüncü günündə müxtəlif növ idman yarışları da təşkil olunmuşdur.

Gənclər “Qış məktəbi”nin onlara verdiyi biliklərdən, təcrübədən, təqdimat üçün seçilən mövzulardan məmnunluqlarını ifadə etmişlər. Bildirmişlər ki, ölkə reallıqlarının içərisində olan və bu gerçəklikləri vətəndaşlıq təəssübkeşliyi baxımından dəyərləndirməyi bacaran hər kəs Azərbaycanın uğurlarından qürur duymalıdır. Son 10 ildə Azərbaycanın qazandığı uğurların miqyasının genişliyinə diqqət yetirsək, həyata keçirilən siyasətin möhkəm təmələ əsaslandığının bir daha şahidi olarıq.

Diskussiya şəklində davam edən təlimlərdə  bir daha qeyd olunmuşdur ki, ölkəmizin uğurları davamlıdır və bunu şərtləndirən əsas amil düşünülmüş və məqsədyönlü siyasətdir. Gənclər bu siyasətə dəstəklərini artırmaq, təcrübələrini təkmilləşdirmək və müxtəlif  sahələrdə tətbiq etməklə təsdiqləməyə çalışırlar.

AzərTAc 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında