Naftalan Şəhər İcra Hakimiyyətində keçirilən illik hesabat konfransında son bir ildə şəhərin sosial-iqtisadi inkişafında əldə olunmuş uğurlar, həllini gözləyən problemlər, bu il qarşıda duran mühüm məsələlər diqqət mərkəzində olmuşdur.
Hesabat məruzəsi ilə çıxış edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında ölkənin ötənilki ən mühüm sosial-iqtisdi göstəriciləri barədə məlumatı və builki hədəflərlə bağlı qarşıya qoyduğu vəzifələr fonunda şəhərdə 2013-cü ildə həyata keçirilmiş quruculuq-abadlıq tədbirləri, istehsal və xidmət sahələrinin fəaliyyəti və humanitar sferanın vəziyyətini əhatə edən hesabat məruzəsi ilə çıxış etmiş, 2014-cü ildə görüləsi işləri açıqlamışdır.
Başçı bildirmişdir ki, Prezident İlham Əliyevin daim diqqət mərkəzində olan dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası ölkəmizdə həm iqtisadiyyatın inkişaf etməsini, həm də insanların sosial problemlərinin həllini sürətləndirmişdir. Azərbaycan iqtisadiyyatının davamlı yüksəlişi Naftalanın da sosial-iqtisadi inkişafına müsbət təsir göstərmiş və şəhərdə bütün sahələr üzrə müsbət nəticələr əldə olunmuşdur.
Keçən il şəhərdə ümumi məhsul buraxılışı 2012-ci ilə nisbətən 1,8 dəfə artaraq 16 milyon 877,7 min manatlıq, sənaye istehsalı 23 faiz artaraq 1 milyon 505,3 min manatlıq olmuşdur. Tikinti-quraşdırma işlərinin həcmi 4 dəfə artaraq 8 milyon 426,1 min manat təşkil etmişdir. İl ərzində əhaliyə 255,6 min manatlıq nəqliyyat, 151,8 min manatlıq rabitə xidmətləri göstərilmişdir. Əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi 16,3 faiz artaraq 11 milyon 369,6 min manata çatmışdır. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 15 milyon 115,2 min manat, orta aylıq əmək haqqı isə 2012-ci illə müqayisədə 14 faiz artaraq 254 manat olmuşdur.
Naftalanda həyata keçirilən tədbirlər sosial sahələrdə də müsbət dəyişikliklərə səbəb olmuşdur. Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 117 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, 11 Çernobıl əlilinə müalicə üçün 1093 manat məbləğində yardım verilmişdir. Bundan başqa, mərkəzin sosial xidmət sektoru 48 nəfər tənha ahıl və tənha əlil vətəndaşa sosial xidmət göstərir. Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi 65 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyin etmişdir. Pensiya, müavinət və sosial yardımlar vaxtında ödənilmişdir. Məşğulluq Mərkəzində 231 nəfər işaxtaran qeydə alınmış, 188 nəfər işlə təmin edilmişdir, 3 nəfərə isə işsizlik statusu verilmişdir. Tənha ahıllara, əlillərə Novruz, Ramazan və Yeni il bayramlarında ərzaq yardımı, Qurban bayramında isə qurban payı çatdırılmışdır.
2013-cü ildə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə səy göstərilmiş və əkinçilik sahəsində müsbət irəliləyişlər əldə olunmuşdur. Naftalan şəhərinin tərkibində olan 2 kənddə ötən il 26 sentner buğda, 26 sentner arpa istehsal olunmuşdur. 158 nəfər kənd təsərrüfatı istehsalçısına yanacaq və motor yağlarına görə 12 milyon 328 min manat yardım verilmişdir.
Naftalan şəhərində məktəblərin maddi-texniki bazası gücləndirilmiş, təmir işləri aparılmışdır. Qış mövsümündə məktəbləri istiliklə fasiləsiz təmin etmək üçün mövcud istilik sistemi sazlanmışdır. Şəhər icra hakimiyyəti ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə müəyyən tədbirlər həyata keçirmişdir. Yeni 280 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilmişdir. Ötən tədris ilində şəhərin ümumtəhsil məktəblərini 53 şagird bitirmiş, 49 nəfər ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş və 17 məzun ali təhsil ocaqlarına, 15-i isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur.
Xəstəxananın nəzdində fəaliyyət göstərən stomatologiya və rentgen kabinetləri, laboratoriyalar lazımi avadanlıqlarla və dərman preparatları ilə təmin olunmuşdur. Naftalan şəhər xəstəxanası uyğunlaşdırılmış binada fəaliyyət göstərdiyindən ölkə başçısının müasir tələblərə cavab verəcək yeni xəstəxananın tikintisi ilə bağlı verdiyi tapşırıq sakinlərə və xəstəxananın kollektivinə böyük sevinc bəxş etmişdir. Keçən il Naftalan Şəhər Mədəniyyət və Turizm Şöbəsi tarixi və əlamətdar günlərə həsr olunmuş tədbirlər keçirmiş, bir çox bayram günlərində isə sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün konsert proqramları təşkil olunmuşdur.
Məruzəçi bildirmişdir ki, son illər Naftalanda inkişaf dinamik xarakter daşıyır və bütün sahələri əhatə edir. Sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, onlara yaradılan münbit şərait və verilən dəstək nəticəsində istismara yararsız sanatoriyaların yerində yeni müasir tələblərə cavab verən sanatoriya kompleksinin tikintisi işləri davam etdirilir. Hazırda “Qarabağ” sanatoriyasında son tamamlama işləri aparılır.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhərdə istilik, qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər tam başa çatdırılmış, müasir istilik sistemləri, qazanxanalar quraşdırılmışdır. Elektirk şəbəkəsinin işinin yaxşılaşdırılması məqsədilə yerüstü xətlər yüksək gərginlikli yeraltı xətlərlə əvəz edilmiş, bütün abonentlərə “smart-kart” tipli sayğac quraşdırılmışdır. Əhali qış mövsümündə fasiləsiz olaraq istiliklə təmin edilir, eləcə də elektrik enerjisinə qənaət etmiş olur. Şəhərin su təchizatı sisteminin bir hissəsinin və kanalizasiya şəbəkəsinin tikintisi işlərinə başlanılmışdır. Artıq Ballıqaya-Goranboy magistral su kəmərindən Naftalan şəhərinə 315 millimetr diametrli borularla 5,9 kilometr uzunluğunda magistral su xəttinin çəkilişi başa çatdırılmış və əhali yüksək keyfiyyətli su ilə təmin olunmuşdur. Hər birinin tutumu 3000 kubmetr olan 2 su anbarının inşası başa çatdırılmışdır. Naftalan Sukanal İdarəsi üçün yeni inzibatı binanın da tikintisi nəzərdə tutulur.
Şəhərdə çirkab suların axıdılması məqsədilə borularla 31 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin inşası yekunlaşmışdır. I mikrorayonda tutumu 500 kubmetr olan bir, II mikrorayonda isə iki su anbarı tikilmişdir. Bütün çoxmərtəbəli yaşayış binalarında istismar müddəti ötmüş köhnə su xətləri yenisi ilə əvəz edilmiş, abonentlərə yeni su sayğacları quraşdırılmışdır. Hazırda şəhər ərazisində yağış sularının axıdılması üçün yeni xətlərin çəkilişi işləri aparılır. Bu işlər də başa çatdıqdan sonra artıq kommunal sahədə heç bir problem qalmayacaq. Bundan başqa, gələcəkdə şəhərdə mövcud çirkab suların təmizləyici qurğuları da yenidən quraşdırılacaq.
2013-cü ildə şəhərə müalicə və istirahətə gələn yerli və xarici qonaqların sayı əvvəlki illərlə müqayisədə artaraq 15 min nəfərə çatmışdır.
Qarşıda duran və davam etdirilən işlərdən söz açan məruzəçi qeyd etmişdir ki, Dövlət Proqramında icra müddəti çatmış, lakin icrasına başlanılmamış tədbirlərlə bağlı, yəni mədəniyyət obyektlərinin yenidən qurulması və tikintisi, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar icra hakimiyyəti tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər edilmiş və gələcəkdə bu işlərin həyata keçirilməsi nəzərdə tutulub. Şəhərdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərlə bərabər, hazırda sakinləri narahat edən mənzil-məişət problemlərinin həlli istiqamətində də irimiqyaslı tədbirlər görülür.
Əhalinin asudə vaxtının və istirahətinin səmərəli təşkil edilməsi üçün Heydər Əliyev parkında ötən il yenidənqurma və abadlıq işləri həyata keçirilmişdir. Burada yeni yaşıllıq zolaqları salınmış, Heydər Əliyev Mərkəzi inşa olunaraq istifadəyə verilmişdir. Hazırda şəhər bələdiyyəsi və polis şöbəsi üçün yeni inşa olunan inzibati binada tikinti işləri davam etdirilir. Dövlət başçısının müvafiq sərəncamına əsasən 6,8 kilometr uzunluğunda Naftalan-Qaşaltı- Qaraqoyunlu avtomobil yolunun əsaslı təmirinə başlanılmış, qrunt sularının ötürülməsi üçün suötürücülər tikilmişdir. Ümumilikdə Naftalanın kurort zonası olmasını nəzərə alaraq iqlimin yaxşılaşdırılması məqsədilə şəhərdə genişlənən yaşıllaşdırma işləri 2013-cü ildə də davam etdirilmiş və yol kənarlarında, parklarda 10 mindən artıq müxtəlif növ həmişəyaşıl ağac və gül kolları əkilmişdir.
Məruzə ətrafında çıxışlarda maliyyə şöbəsinin müdiri Saleh Tağıyev, Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Əlipaşa Nəbiyev və başqa məsul şəxslər ayrı-ayrı sahələrdə qazanılmış uğurlardan həllini gözləyən problemlərdən danışmışlar. Belə bir inam ifadə olunmuşdur ki, 2014-2018-ci illəri əhatə edəcək yeni regional Dövlət Proqramı layihəsində Naftalan üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi şəhərin inkişafına böyük təkan olacaqdır.
Toplantıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev çıxış etmişdir.
Prezident İlham Əliyevə ünvanlanmış məktubda şəhərin problemlərinin həllinə göstərdiyi ardıcıl dəstəyə görə naftalanlıların ölkə rəhbərinə minnətdarlığı ifadə olunmuşdur.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.