Strateji Araşdırmalar Mərkəzinin dövri nəşri olan “Strateji təhlil” jurnalının 7-8-ci nömrəsi çapdan çıxmışdır

 

 

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM)  ölkəmizin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan “Strateji təhlil” jurnalının 7-8-ci nömrəsi işıq üzü görmüşdür.

SAM-dan AzərTAc-a bildirmişlər ki, redaksiya şurasının sədri akademik Ramiz Mehdiyevin olduğu “Strateji təhlil” jurnalının 7-8-ci nömrəsinin Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki ilə başlayan “Milli inkişafın strateji prioritetləri” başlıqlı bölməsində müasir dövrün səciyyəvi xüsusiyyətləri, xüsusən də qloballaşmanın ölkələr arasındakı münasibətlərə köklü düzəlişlər etməsi, Azərbaycanın beynəlxalq və regional münasibətlər sistemində aparıcı dövlətə çevrilməsi, siyasi modernləşmə proseslərinə yeni metodoloji - xronopolitoloji baxış, Azərbaycanın gender siyasəti kimi mövzular ətraflı təhlil edilmişdir. Bu bölmədə: AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Bəxtiyar Əliyevin “Siyasətin tükənən romantikası (sosial-psixoloji yanaşma)”, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Aslanovun “Siyasi modernləşmə proseslərinə xronopolitoloji baxış - yeni analitik metod kimi”, filologiya üzrə elmlər doktoru, professor, Milli Məclisin deputatı Sahibə Qafarovanın “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gender siyasəti yüksək nəticələr verməkdədir” sərlövhəli məqalələri yer almışdır.

Jurnalın “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” başlıqlı ikinci bölməsində Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiaları, ermənilərin “din” strategiyasının qaranlıq pərdəsi altında həyata keçirdikləri gizli planlar, onların “yer üzünün ilk xristian etnosu və dövləti”, “xristianlığın ilk şəhid milləti” kimi ortaya atdıqları iddialar və tarixi reallıqların saxtalaşdırılmasına yol açan cəhdləri, Azərbaycanın və Türkiyənin “erməni məsələsi” ilə bağlı beynəlxalq münasibətlər sistemində qarşılaşdıqları problemlər, Qərb və türk sivilizasiyalarının və  geosiyasi maraqların toqquşması və s. bu kimi aspektlər nəzərdən keçirilmişdir. Bu bölmədə Emin Şıxəliyevin “Ermənilərin ”din" strategiyasının əsas istiqamətləri" sərlövhəli məqaləsi öz əksini tapmışdır.

“Qlobal və milli iqtisadi sistemlərin aktual məsələləri” adlanan üçüncü bölmədə Vüsal Qasımlının “İqtisadi modernizasiyanın nəzəri-metodoloji əsasları”, Ceyhun Abbasovun “Azərbaycanın regional iqtisadi mövqeyinin xərclər-buraxılış modeli vasitəsilə təhlili”, Zaur Vəliyevin “Dövlət büdcəsi xərclərinin səmərəliliyinin qiymətləndirilməsi”, Mahir Hümbətov və Xanım Əkbərovanın “Azərbaycanda lizinq bazarı” sərlövhəli məqalələrində müvafiq mövzular araşdırılmışdır.

“Xarici siyasət və beynəlxalq münasibətlərin aparıcı meylləri”  başlıqlı dördüncü  bölmədə Fətəli Abdullayevin “Beynəlxalq miqrasiyanın geosiyasi aspektləri”, Elçin Mehdinin “Avropa İttifaqının müasir enerji təhlükəsizliyində Azərbaycanın yeri”, Aqil Əhmədovun “Azərbaycan-İsrail münasibətləri: reallıqlar və perspektivlər”, Azad Qəribovun “Mərkəzi Asiya-Çin münasibətləri: Çinin regionda yüksəlişi”, Elnarə Qəribovanın “Avropa İttifaqı üçüncü dövlətlərlə əlaqələrini necə qurur: assosiasiya sazişlərinin növləri, xüsusiyyətləri və hüquqi əsasları” sərlövhəli məqalələri əksini tapmışdır. 

“Müasir hüquqi və sosial  dövlət quruculuğu” başlıqlı bölmədə Leyla  Əliyevanın “Avropa konstitusiyaları və dünyəvilik prinsipi”, Adil  Vəliyevin “Cinayət məsuliyyətinin diferensiasiyasında cinayət hüququ prinsiplərinin yeri və rolu”, Lalə Səfərəlinin “Korporativ investisiyalarda məşğulluq və sosial yönümlülüyün hüquqi şərtləri”, Səadət  Məmmədovanın “Qaçqınlar və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması Azərbaycan Respublikasının sosial siyasətinin prioritet istiqaməti kimi”, Nəcibə Mustafayevanın “Azərbaycanda hüquqi dövlət quruculuğunda qanunvericiliyin və insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi”, Natiq Abdullayevin “Mediasiya: beynəlxalq və milli təcrübə” sərlövhəli məqalələrində qeyd olunan mövzular ətraflı araşdırılmışdır.

Jurnalın “Tarix, fəlsəfə, mədəniyyət: mövqelər, baxışlar” başlıqlı bölməsində Məhərrəm  Zülfüqarlının “Milli dəyərlər uğrunda mübarizənin tarixşünaslığı (1969 - 1982-ci illər)”, Rəfail  Əhmədlinin “XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi mühit və siyasi hərəkat”, Ruhiyyə Məmmədovanın “Mədəniyyətlərin ənənə və müasirlik prizmasından təhlili” məqalələrinə yer verilmişdir.

“KİV, sosial şəbəkələr və informasiya təhlükəsizliyi” başlıqlı bölmədə Ramil Vəlibəyovun “KİV-in və sosial şəbəkələrin kütləvi şüurun idarə edilməsində rolu” və Almaz Nəsibovanın “Sosial şəbəkələrin ənənəvi mediadan üstünlüyü və media təmsilçilərinin sosial şəbəkələrdəki fəaliyyətinin müsbət və mənfi tərəfləri” başlıqlı məqalələri verilmişdir.

“Strateji təhlil” jurnalının 7-8-ci nömrəsinin sonuncu - “Mövqe” başlıqlı bölməsində Rüfət Əzizovun “Kiçik və orta sənaye biznesində gənc menecerlərin rolu (”Əsrin müqaviləsi"nin 20 illiyinə həsr olunur)" məqaləsində müəllifin mövzuya dair yeni baxışı öz əksini tapmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında