Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələrinin maddi-texniki təminatının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasının müdafiə potensialını xeyli gücləndirmişdir. Artıq muxtar respublikada yerləşən hərbi hissələr lazımi silah-sursat və döyüş texnikaları ilə təmin olunmuşdur.
Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq yanvarın 29-da Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin komandan heyətinə 15 ədəd “Mitsubishi-PAJERO” və 10 ədəd “UAZ” markalı xidməti avtomobillər verilmişdir.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin sədri çıxış edərək demişdir: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ”Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmış, yeni ştat strukturu təsdiq olunmuşdur. Hazırda Əlahiddə Ümumqoşun Ordusunda xidmətin nümunəvi təşkili və maddi-texniki bazanın gücləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür. Bu gün Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrində xidmət edən komandan heyətinin yeni xidməti avtomobillərlə təmin olunması da bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Eyni zamanda, bu idarəetmədə çevikliyin təmin olunmasına və xidmətin nümunəvi təşkilinə imkan verəcəkdir.
Əlahiddə Ümumqoşun Ordusu Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması və idarəetmənin vahid mərkəzdən təşkili məqsədilə yaradılmışdır. Ona görə də hərbi qulluqçular daim öz üzərlərində işləməli, öz vəzifə borclarını dərindən bilməli, silah və texnikalardan istifadə imkanlarını yaxşı mənimsəməlidirlər."
Ali Məclisin sədri zabitlərin göstərilən qayğıya nümunəvi xidmətləri ilə cavab verəcəyinə əminliyini bildirmiş, onları yeni xidməti avtomobillərlə təmin olunmaları münasibətilə təbrik etmişdir.
Zabitlər muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərə və hərbi xidmətin nümunəvi təşkili üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
***
Həmin gün Daxili Qoşunların Naxçıvan Alayında zabit-gizir ailələri üçün xidməti yaşayış binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova raport vermişdir.
Tədbirdə çıxış edən baş leytenant Orxan Seyidov demişdir ki, hərbi qulluqçuların xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən dövlət qayğısına cavab olaraq şəxsi heyət qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində, sabitliyin və əmin-amanlığın qorunmasında səylə çalışacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Daxili Qoşunların Naxçıvan Alayının şəxsi heyətinə dövlətçiliyimizin möhkəmləndirilməsində və qorunmasında uğurlar arzulamış, onları yeni xidməti mənzillərlə təmin olunmaları münasibətilə təbrik etmişdir.
Sonra Ali Məclisin sədri mənzillərin orderlərini və açarlarını təqdim etmişdir. Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.
Məlumat verilmişdir ki, 12 mənzilli yaşayış binası 3 mərtəbədən ibarətdir. Binada yenidənqurmadan sonra elektrik, qaz, rabitə, su və kanalizasiya xətləri yenilənmiş, bütün evlər qızdırıcı ilə təmin olunmuş, havalandırma sistemləri quraşdırılmışdır. İki və üç otaqlı mənzillərdə zabit ailələrinin məişət şəraitinin yaxşılaşdırılması üçün lazımi infrastruktur yaradılmış, məişət əşyaları qoyulmuşdur.
Daxili Qoşunların Naxçıvan Alayının zabiti, mayor Elnur Talışov və ailə üzvləri yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Bina bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş, həyətdə abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.