“ Tarixin bir səhifəsi ”

 

 

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş sərgi  belə adlanır

İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli ictimai-siyasi xadim, ədəbiyyatşünas, publisist Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunan “Tarixin bir səhifəsi” adlı tədbir-sərgi keçirilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin  mətbuat xidməti məlumat yayıb.

Muzeyin ekspozisiyasında Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətini əks etdirən kitablar, müxtəlif sənədlər, fotoşəkillərdən ibarət sərgi təşkil olunmuşdur. Tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilmiş, sonra İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi çıxış edərək, müsəlman Şərqində ilk respublika üsul-idarəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin təməl daşını qoyanlardan biri Məhəmməd Əmin Rəsulzadənin kəşməkəşli həyat yolundan, çoxcəhətli fəaliyyətindən danışmışdır. Bildirilib ki, böyük şəxsiyyət ötən əsrin əvvəllərində Azərbaycan milli istiqlal hərəkatına rəhbərlik edib. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.        

Dövlət İdarəçilik Akademiyası tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova qeyd edib ki, xalqımızın bu görkəmli siyasi xadimi haqqında hələ də yetərli məlumata malik deyilik: “Azərbaycan xalqında Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinə böyük məhəbbət var. Biz onun haqqında daha səhih bilgilərə malik olmalıyıq. Çünki onun xalqımız qarşısında tarixi xidmətləri var”. Tarixçi Ədalət Tahirzadə tədbirin təşkilinə görə İstiqlal Muzeyinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib. Alim şəxsi arxivindən Məhəmməd Əmin Rəsulzadəyə aid 30 fotoşəkli muzeyə bağışladığını deyib.

Bakı Dövlət Universitetinin dosenti, Cümhuriyyət tarixinin tədqiqatçısı, tarix elmləri namizədi Nəsiman Yaqublu çıxışında qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə ömrünün yarıdan çoxunu mühacirətdə keçirib. Onun Azərbaycan həqiqətləri uğrunda mübarizəsi 1920-ci ildə başa çatmayıb. Qafqaz xalqlarının istiqlaliyyəti uğrunda mübarizə aparıb, beynəlxalq təşkilatlarla əlaqələr qurub. Bir neçə xarici dil bilib, Avropa mətbuatında alman, fransız, polyak və digər dillərdə məqalələr dərc etdirib. Onun həyatı, yaradıcılığı və siyasi fəaliyyəti bir çox ölkələrdə, o cümlədən Polşada, Fransada, Almaniyada tarixçilər tərəfindən araşdırılır və öyrənilir.

Sonda M.Ə.Rəsulzadənin nəvəsi, rəssam Rais Rəsulzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sərgi fevralın 10-dək davam edəcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında