Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin ən yüksək statuslu üzvü olmuşdur

 

 

 

 

 

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) QHT bölməsinin ən yüksək statuslu üzvü olmuşdur.

Bu barədə AzərTAc-a BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında keçirilən QHT komitəsinin toplantısında iştirak edən BAMF-ın sədri Umud Rəhimoğlu məlumat vermişdir.

U.Rəhimoğlu demişdir ki, toplantı çərçivəsində keçirilmiş sessiyalarda qeyri-hökumət təşkilatlarının ECOSOC-da məşvərətçi statusla qeydiyyatı, QHT-lərin təxirə salınmış müraciətlərinə yenidən baxılması, dörd illik hesabatların təsdiqi, ən yüksək statuslu QHT-lərin müraciətlərinin müzakirəsi və sair məsələlər diqqət mərkəzində olmuşdur.

Toplantıda U.Rəhimoğlu ilə yanaşı, BAMF-ın departament rəhbəri Ramil Əziz, qurumun Nyu-Yorkdakı təmsilçisi Sergey Matsko da iştirak etmişlər. Sessiyalar 19 dövlətin BMT-dəki daimi nümayəndəliklərindən ibarət QHT komitəsinin rəylərinin və tövsiyələrinin müzakirəsi ilə davam etdirilmişdir.

Qeyd edilmişdir ki, ECOSOC ilk dəfə BMT Nizamnaməsinin 71-ci bəndinə əsasən 1945-ci ildə 41 QHT-nin xüsusi məşvərətçi statusla quruma üzvlüyə qəbul edilməsi ilə qeyri-hökumət təşkilatlarına müxtəlif məsələlər ətrafında müzakirələrə və məsləhətləşmələrə qoşulmaq hüququ tanınmışdır. Artıq 1992-ci ildə 700-dən artıq qeyri-hökumət təşkilatı bu quruma üzv olmuşdur. Bu gün dünya üzrə 3 min 400 təşkilat ECOSOC-un məşvərətçi statuslu üzvüdür. ECOSOC-un məşvərətçi statusu dörd ildən bir seçilən, BMT-nin Təhlükəsizlik Şurasının üç daimi üzvü - ABŞ, Çin, Rusiya da daxil olmaqla 19 dövlətin nümayəndələrindən ibarət QHT komitəsinin zəmanət və tövsiyəsi əsasında verilir. Çin, Sudan, İsrail, Mərakeş və başqa ölkələrin nümayəndələri də BAMF-ın yüksək statuslu üzvlüyünü dəstəklədiklərini və bu təşkilatın çox vacib işlər gördüyünü bildirmişlər. İclasda BAMF ilə yanaşı, İdarəetmə və Əhali Proqramları üzrə Beynəlxalq Şura da BMT-nin bu yüksək statusuna layiq görülmüşdür.

Bildirilmişdir ki, BAMF 2007-ci ildən ECOSOC-un xüsusi məşvərətçi statuslu üzvüdür. ECOSOC-un QHT bölməsinə üzv olduqdan sonra BAMF fəaliyyətini daha da genişləndirmiş, iqtisadi-sosial inkişaf məsələlərinə, davamlı inkişafa, Minilliyin İnkişaf Məqsədlərinə nail olunmasına dəstək vermişdir. Bu yüksək status dünyanın hər hansı bir regionunda, xüsusilə də Şərqi Avropada və Asiyada BMT agentliklərinin prioritet hesab etdikləri sahələrin, davamlı inkişaf məsələlərinin təbliği üçün BAMF-a imkanlar yaradacaqdır.

 

U.Rəhimoğlu demişdir ki, BAMF ECOSOC-un prioritetlərini Azərbaycan ilə yanaşı, postsovet məkanında da həyata keçirmək, davamlı inkişaf istiqamətində platformanı gücləndirmək niyyətindədir. Bu status həm də BMT-də Azərbaycanla, eləcə də ölkəmizin maraq dairəsində olan məsələlərlə bağlı müzakirələr zamanı BAMF-ın vətəndaş cəmiyyəti təşkilatı olaraq münasibət bildirməsi, müvafiq səviyyədə iş aparması üçün geniş imkanlar açır. Ümumiyyətlə, BAMF-a belə bir yüksək statusun verilməsi Azərbaycanda vətəndaş cəmiyyətinin, bütövlükdə ölkəmizin uğurudur.

Bildirilmişdir ki, BAMF bu statusun əldə olunması üçün 2012-ci ildən ECOSOC-un QHT bölməsinə ərizə ilə müraciət etmişdi. 2013-cü ilin mayında keçirilən səsvermədə 18 ölkənin lehinə, bir ölkənin isə əleyhinə olması səbəbindən statusun verilməsi məsələsi təxirə salınmışdı. Əleyhinə olan ölkə nümayəndəsinin suallarının cavablandırılması və gərgin müzakirələrdən sonra BAMF BMT-nin qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulan ən yüksək statusuna layiq görülmüşdür. Statusun əldə olunmasında BAMF-ın BMT agentlikləri, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Sülh Bürosu, ABŞ Dövlət Departamenti və digər təşkilatlar ilə davamlı əməkdaşlığının da rolu olmuşdur. Həmçinin Azərbaycanın BMT-dəki nümayəndəliyi bu uğurun qazanılmasına yaxından dəstək vermişdir.

Xatırladaq ki, Ermənistan QHT-ləri dəfələrlə hələ ECOSOC-un QHT bölməsinin məşvərətçi statusunu almaq üçün çalışsalar da buna nail ola bilməmişlər.

 

 

Çoxmənzilli yaşayış binalarının daxili su şəbəkələri yenidən qurulur

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların fasiləsiz içməli su ilə təmin olunması, su itkilərinin qarşısının alınması, hidravlik rejimin təmin olunması, uçotun düzgün qurulması məqsədilə çoxmənzilli yaşayış binalarının su təchizatı sisteminin yenidən qurulması üzrə genişmiqyaslı işlər həyata keçirir.

2012-ci ildə Bakı şəhərinin Suraxanı və Binəqədi rayonlarının müxtəlif ərazilərində çoxmənzilli yaşayış binalarının supaylayıcı sistemlərinin tamamilə yenidən qurulması istiqamətində pilot layihələr müsbət nəticələr vermişdir. Bütün bunlar əsas götürülərək Bakı şəhərinin digər rayonları, həmçinin Sumqayıt və Xırdalan şəhərlərindəki çoxmənzilli binalarda da istismar müddətini başa vurmuş su təchizatı sistemlərinin yenidən qurulması işləri həyata keçirilmişdir.

“Azərsu” ASC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, 2013-cü ildə Bakı şəhəri və Abşeron yarımadasında 919 çoxmənzilli binanın daxili su şəbəkələrinin yenidən qurulmasına başlanılmışdır. Layihəyə uyğun olaraq həmin binalarda uzun müddətdir istismarda olan metal borulardan ibarət xətlər polietilen borularla əvəzlənir. Binaların zirzəmilərində yararsız vəziyyətə düşmüş aşağı paylayıcı şəbəkələr binaların həyətinə çıxarılır, eyni zamanda, mənzillərin daxilindən (şaxtalardan) keçən dik dayaqlar ləğv edilərək supaylayıcı xətlər pilləkən qəfəslərində quraşdırılır. İl ərzində binaların daxili su təchizatı sistemlərinin yaxşılaşdırılması məqsədilə ümumi uzunluğu 105 kilometr olan su xətləri çəkilmişdir. Layihəyə uyğun olaraq hər bir abunəçi “smart-kart” tipli sayğacla təmin olunur. Artıq həmin binalarda 70 min ədəd sayğac quraşdırılmışdır. Görülmüş işlər nəticəsində bu binalarda 280 minə qədər sakinin içməli su təchizatı yaxşılaşmışdır. Eyni zamanda, yanğından mühafizəni asanlaşdırmaq üçün hər bir binanın qarşısında yanğın hidrantları quraşdırılmışdır.

M.YAQUBZADƏ, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında