Babək rayonunun Yuxarı və Aşağı Uzunoba kəndlərində kənd mərkəzi və məişət evi istifadəyə verilmiş, sonuncuda həm də kənd məktəbi əsaslı şəkildə yenidən qurulmuşdur.
Bu münasibətlə keçirilən mərasimdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev çıxış edərək rayonda aparılan quruculuq işləri barədə məlumat vermişdir.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov yeni sosial obyektlərin istifadəyə verilməsini Aşağı və Yuxarı Uzunoba kəndlərinin həyatında əlamətdar hadisə kimi dəyərləndirmişdir. Qeyd etmişdir ki, bu gün ölkəmizdə həyata keçirilən dövlət siyasətinin tərkib hissələrindən biri də əhalinin yaxşı yaşaması, onlar üçün sosial obyektlərin tikilməsi, məskunlaşmasından ötrü şəraitin yaradılmasıdır. Bu mənada Naxçıvan Muxtar Respublikası sözün əsl mənasında örnəkdir. Bölgədə öyrəniləsi, digər regionlarda tətbiq ediləsi təcrübə çoxdur. Bu gün dünyada gedən proseslərin əsas mahiyyəti odur ki, kəndlə şəhər arasında fərq azalsın, kəndli şəhərlə kənd arasında kəskin fərq hiss etməsin. Ona görə də kəndlərdə sosial obyektlər tikilməli, infrastruktur yaradılmalıdır. Biz Naxçıvan Muxtar Respublikasının timsalında bunların şahidiyik. Həyata keçirilən bu tədbirlərin əsas mahiyyəti sağlam Azərbaycan vətəndaşı yetişdirməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, kənd sakinlərini təbrik etmiş, yeni obyektlərdə çalışacaq kollektivlərə uğurlar arzulamışdır. O demişdir ki, ölkəmizdə bütün sahələrdə quruculuq işləri aparılır, sabitlik qorunur və digər tədbirlər həyata keçirilir. Onların sırasında ən mühümü ölkə Prezidenti İlham Əliyev tərəfindən ulu öndərimizin yolunun uğurla davam etdirilməsinin nəticəsi olaraq qəbul edilmiş dövlət proqramlarıdır. Bu gün həyata keçirilən bütün tədbirlər həmin proqramların tərkib hissəsidir. Biz qəbul olunmuş dövlət proqramlarının muxtar respublikada icrasını daim diqqət mərkəzində saxlayır və bölgənin bütün kəndlərinin abad, firavan və sakinləri üçün lazımi şəraiti olan yaşayış məntəqələrinə çevrilməsinə çalışırıq.
Ali Məclisin sədri Aşağı və Yuxarı Uzunoba kəndlərinin də belə yaşayış məntəqələri sırasına daxil olduğunu, sosial və digər problemləri həll olunmuş abad yaşayış məntəqələrinə çevrildiyini bildirmiş, bu münasibətlə hər iki kəndin əhalisini bir daha təbrik etmişdir. Qeyd etmişdir ki, Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsi öz ətrafında 214 evi, 1081 nəfər əhalini birləşdirir. Hər iki kənddə 205 nəfər dövlət büdcəsindən əməkhaqqı, pensiya və müavinət, yardım alır. Bunlar dövlətimizin vətəndaşlarına göstərdiyi qayğıdır. Digər tərəfdən, dövlət başçımızın təsdiq etdiyi proqramlara, qəbul etdiyi qərarlara uyğun olaraq əkinçilərə dövlət tərəfindən gübrə güzəştlə verilir, yanacağın və motor yağlarının dəyərinin ödənilməsi məqsədi ilə hər hektar üçün 40 manat, buğda əkənlər üçün isə 80 manat vəsait ödənilir. Əkilən sahələrdən əldə olunmuş məhsulun bazarda satılması üçün heç bir problem yoxdur. Dəyirman və tədarük məntəqələri taxılın kiloqramını 30 qəpikdən alır. Kənd əməkçiləri üçün bazarlarda "açıq qapı" yaradılmış, rüsumsuz xidmət təşkil edilmişdir. İstənilən kənd təsərrüfatı məhsulu istehsalçısı becərdiyini mərkəzi bazarda sata bilər. Hər iki kənd tamamilə qazlaşdırılmış, telefonlaşdırılmışdır, 304 nömrəlik ATS hər iki kəndə xidmət edir. Kənd mərkəzində klub, baytarlıq məntəqəsi, kitabxana istifadəyə verilir. Bunlardan səmərəli istifadə olunmalıdır. Bu gün yeni sosial obyektlərin istifadəyə verilməsi Azərbaycan dövlətinin bir icra nümayəndəliyində həyata keçirdiyi tədbirlərin nümunəsidir. Belə tədbirlər davam etdiriləcəkdir. Ölkəmiz inkişaf etdikcə kəndlərimiz, rayonlarımız, şəhərlərimiz də inkişaf edəcəkdir. Ölkəmiz möhkəmləndikcə, əhalinin rifah halı da yaxşılaşacaqdır. Bunun üçün isə dövlət və əhalinin birliyi vacib məsələlərdən biridir. Əgər dövlətimiz bu kəndlərdə belə tədbirlər həyata keçirirsə, bu ərazidə yaşayan insanların da hər biri öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Dövlət orqanlarında çalışanlar onların üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirməli, kənd əhalisi isə onların ixtiyarına verilmiş torpaqlardan səmərəli istifadə etməlidirlər. Yəni torpaqlarımız əkilməli, məhsul bolluğu yaradılmalı, eyni zamanda, bunun vasitəsilə insanlarımız öz rifah hallarını yaxşılaşdırmalıdırlar. Biz bu istiqamətdə gedən işləri daha da sürətləndirsək, daha da irəli aparsaq, inkişaf etdirsək, onda ölkəmiz də inkişaf edəcək, möhkəmlənəcək və əhalinin rifah halı yaxşılaşacaqdır.
Ali Məclisin sədri əmin olduğunu bildirmişdir ki, sakinlər dövlətimiz tərəfindən onlara göstərilən qayğıdan, yaradılmış şəraitdən səmərəli, düzgün istifadə edəcək, ölkəmizdə məhsul bolluğu yaranacaq, Azərbaycan inkişaf edəcək, əhalinin rifah halı yaxşılaşacaqdır.
Rəmzi açılışı bildirən lent kəsilmiş, yeni obyektlərə baxış olmuşdur.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.