Azərbaycan-Macarıstan biznes forumu

 

 

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində yanvarın 27-də Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş biznes forumda tikinti, İKT, kənd təsərrüfatı, qida emalı avadanlıqları, tekstil, tibbi texnologiyalar, əczaçılıq, turizm, qablaşdırma, maliyyə, alternativ enerji, daşınmaz əmlak və digər sahələrdə fəaliyyət göstərən  Macarıstan şirkətləri iştirak etmişlər.

Forumda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edərək iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulamışdır.  Bildirilmişdir ki, dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan müzakirələr, imzalanmış sənədlər əlaqələrin inkişafına təkan vermişdir. Hökumətlərarası Komissiyanın, Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupun səmərəli fəaliyyəti, ötən il Şuşa ilə Döndöş şəhərlərinin qardaşlaşması haqqında birgə bəyannamənin imzalanması, Bakı-Budapeşt birbaşa hava xəttinin açılması, bu ilin əvvəlində Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün yeni layihənin icrasına başlanması, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişlənməsi Azərbaycan-Macarıstan əməkdaşlığının hərtərəfli inkişafının göstəriciləridir. Hazırda iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq, eləcə də ticarət əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bakıda Macarıstan Ticarət evinin açılması bu əlaqələrin genişlənməsinə əhəmiyyətli töhfədir.

Nazir Şahin Mustafayev 2005-2013-cü illərdə ölkələrimiz arasında 9 biznes forumun və işgüzar görüşün keçirildiyini vurğulamış, işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iş adamları arasında əlaqələrin yaradılmasına, iqtisadi əməkdaşlığın genişlənməsinə, yeni layihələrin icrasına və biznes təşəbbüslərin inkişafına təkan verdiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Macarıstan şirkətləri Azərbaycanda əsasən kənd təsərrüfatı və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər. Son iki ildə keçirilmiş biznes forum və işgüzar görüşlərin nəticəsi olaraq inşaat, informasiya-kommunikasiya texnologiyaları sahələrində layihələrin həyata keçirilməsi barədə razılaşmalar əldə olunmuşdur.

Bildirilmişdir ki, bugünkü tədbirdə hər iki tərəfdən müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin 150-yə yaxın nümayəndəsi iştirak edir və biznes forum iş adamları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsində, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayacaqdır. Nazir macar iş adamlarını azərbaycanlı sahibkarlarla sənaye, kənd təsərrüfatı, inşaat, turizm və digər sahələrdə birgə layihələri müzakirə etməyə və əlaqələri daha da genişləndirməyə dəvət etmişdir.   

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto  ölkəmizdəki dinamik iqtisadi inkişafdan məmnunluğunu ifadə etmişdir. P.Siyarto əlaqələrin bundan sonra da davamlı olaraq inkişaf edəcəyinə əminliyini bildirmiş, iş adamları arasında əlaqələrin Macarıstan-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafına təkan verəcəyini vurğulamışdır. Macarıstan iqtisadiyyatı, ölkəsinin biznes və investisiya imkanları barədə məlumat verən dövlət katibi macar şirkətlərinin kənd təsərrüfatı, səhiyyə, turizm, enerji sahələrində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırmışdır. O, Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün yeni layihənin icrasına görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmişdir.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizdə investisiya mühiti və biznes imkanları, Macarıstanın İnvestisiya və Ticarət Agentliyinin (HİTA) vitse-prezidenti Peter Bilek Macarıstan-Azərbaycan ticarət əlaqələrinə və  HİTA-nın göstərdiyi xidmətlərə dair təqdimatlarla çıxış etmişlər.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında