Zaqatalada bu məsələ günün reallıqları sırasındadır
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən gənc müstəqil dövlətimiz yeni əsrin istənilən ilini böyük nailiyyətlərlə yola salır. 2013-cü il isə bu baxımdan daha yaddaqalan oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətdə və idarəetmədə nümayiş etdirdiyi qətiyyət nəticəsində regionun lider dövlətinə çevrilən respublikamız sürətli inkişafın özünəməxsus nümunəsini formalaşdırıb. Ölkədə aparılan islahatlar, cəmiyyət həyatının bütün sahələrini əhatə edən müasirləşmə prosesi dövlətimizin beynəlxalq nüfuzunu daha da artırır.
Cənab Prezidentin bu il yanvarın 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da qeyd etdiyi kimi, ölkəmiz üçün ötən il çox uğurlu olmuş, Azərbaycanın dinamik inkişafı təmin edilmişdir. Bu isə dövlət başçısının bəyan etdiyi proqram və planların reallığa söykənməsinin, milli maraqlara tam cavab verməsinin və ardıcıllıqla həyata keçirilməsinin əyani təsdiqi kimi qiymətləndirilir. Eyni zamanda, bu göstəricilər ümumxalq, ümumdövlət nailiyyətləri olduğuna görə daxili işlər orqanlarının fəaliyyətinə də öz müsbət təsirini göstərmişdir.
Qeyd etməkdən məmnunuq ki, ölkə miqyaslı nailiyyətlərin qazanılmasında Zaqatala rayonu ictimaiyyətinin xidmətləri olduğu kimi, daxili işlər orqanlarının fəaliyyətindəki qeyd olunan müsbət tendensiyalarda da Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının payı vardır. Belə ki, geridə qalan ildə Zaqatala Rayon Polis Şöbəsinin şəxsi heyəti cinayətkarlığa qarşı mübarizəni daha da gücləndirmiş, axtarış işinin yaxşılaşdırılması, qanunsuz silahların yığılması, narkomaniyanın yayılmasının qarşısının alınması, əməkdaşların peşə hazırlığının artırılması və sair bu kimi istiqamətlərdə uğurlu addımlar atılmışdır. Fəaliyyət prosesində qarşıya çıxan problemləri həll etməyə çalışan əməkdaşlarımız istənilən məsələni kollegial şəkildə və qanunlar çərçivəsində həll etməyə nail olmuşlar. Bu məsələdə dövri olaraq keçirilən əməliyyat müşavirələrinin xüsusi rolu olmuşdur.
2013-cü ildə rayon ərazisində həyata keçirilən əməliyyat və profilaktiki tədbirlər nəticəsində ictimai asayişin qorunması istiqamətində dövlətin qarşımıza qoyduğu vəzifələrin yerinə yetirilməsinə nail olunmuşdur. Müxtəlif cinayət əməllərinə görə 103 nəfər həbs edilərək barələrində açılan cinayət işləri aidiyyəti üzrə məhkəmə orqanlarına göndərilmişdir. İl ərzində rayon ərazisində törədilmiş 193 cinayətdən 168-nin tamamlanması təmin edilmişdir ki, bu da 91,8 faiz deməkdir. Rayonun əməliyyat şəraiti daim nəzarətdə saxlanılmış, qeyri-aşkar şəraitdə baş vermiş 59 cinayətdən 48-nin, yəni 82,8 faizinin açılması təmin edilmişdir. Eyni zamanda, cinayət törədərək qaçıb istintaqdan gizlənən 26 nəfərdən 21-nin, yəni 80, 8 faizinin tutulması təmin edilmişdir. Bu göstəricilərin hər biri üçün bir və ya bir neçə dəfə əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini yada salmağa ehtiyac yoxdur. Ancaq axtarış tədbirləri təkcə cinayət törətmiş adamların istintaqa cəlb edilməsi üçün həyata keçirilmir. Polisin başqa axtarışlarına da ehtiyac olur. Məsələn, ötən il rayon ərazisində tamamilə heç bir məlumatsız itgin düşən 7 nəfər üçün geniş axtarış elan olunmuş, onlardan 6 nəfərin, yəni 85,7 faizinin tapılması təmin edilmişdir.
Dünyanın hər yerində olduğu kimi, bizdə də aparılan profilaktik tədbirlərə və maarifləndirmə işlərinə baxmayaraq bir çox cinayət hadisələri dəstə şəklində formalaşmış insanlar tərəfindən törədilir. Rayonumuzda ötən il də bu qəbildən olan hadisələr baş vermiş, polisin əməliyyat-axtarış tədbirləri nəticəsində 28 nəfərdən ibarət 11 cinayətkar dəstə zərərsizləşdirilmişdir. Həmin cinayətkar dəstə üzvlərindən 2 ədəd tapança, bir ədəd 5, 45 millimetr kalibrli AKSu markalı avtomat silahı, bir ədəd sandıqça, 9 ədəd 5,45 millimetr çaplı avtomat silahının patronları, 21 ədəd TOZ-8 markalı yivli silahda istifadə olunan patronlar, 1 ədəd Almaniya istehsalı olan 5, 6 millimetr kalibrli GSG-5 markalı avtomat silahı və onlarla digər döyüş silah-sursatı , üstəlik, 30 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Bundan başqa, ötən il rayon ərazisində yaşayan, dəfələrlə məhkum olunmuş, cinayətkar aləmdə “Qaş Nazim” kimi tanınan Nazim Məhərrəmov, Nəriman Qurbanəliyev ( “Disko Nəriman”), Xaqani Baqiryani, Rəşad Rəsulov (“Bandit Rəşad”) və onların ətrafında olan əlavə 8 nəfər zərərsizləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmuşlar.
Çox təəssüf ki, ötən il ölkə ərazisində ən böyük əks-sədaya səbəb olan cinayət hadisələrindən biri – 3 nəfərin ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnən ağır cinayət əməli məhz bizim rayonda törədilmişdi. Noyabr ayının 24-də avtomat silahdan açılan atəşlə törədilmiş həmin cinayət hadisəsi isti izlərlə açılmış, cinayəti törətmiş Balakən rayon sakini Samir Osmanov və həmin cinayətdə iştirak etmiş 8 nəfər həbs olunaraq istintaqa təhfil verilmişlər. Dekabrın 6-da Danaçı kənd sakini Qurban Qurqunayevə qarşı quldurluq edilərək ona ağır bədən xəsarətləri yetirilmiş, evindən külli miqdarda pul, qızıl-zinyət əşyaları aparılmışdı. Polisin göstərdiyi peşəkarlıq nəticəsində həmin cinayət əməlinin üstü açılmış, cinayətkarlardan ikisi həbs olunaraq istintaqa cəlb edilmişdir. Cinayətin digər iştirakçılarının həbs olunması istiqamətində istintaq tədbirləri davam etdirilir. Bundan başqa, ötən illərdən qalmış 3 cinayət hadisəsinin üstünün açılması da təmin edilmişdir.
Ötən il rayon ərazisində cinayətlərin profilaktikası daim diqqət mərkəzində saxlanılmış, bu sahə bütün əməkdaşlarımızın gündəlik fəaliyyətinin tərkib hissəsi kimi qəbul edilmişdir. Nəticədə rayonumuz və respublikamız üçün əlamətdar olan günlərdə, xüsusən prezident seçkiləri ərəfəsində heç bir ciddi qanun pozuntusu qeydə alınmamışdır.
O cümlədən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində məqsədyönlü tədbirlər davam etdiilmiş, kriminogen durum nəzarətdə saxlanılmışdır.
Cinayət işlərinin istintaqının və təhqiqat araşdırmalarının qanunvericiliyə uyğun şəkildə aparılması, yol təhlükəsizliyinin nümunəvi təmin olunması, əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi, vətəndaşların ərizə və şikayətlərinə həssaslıqla yanaşılması, onların qəbulunun keçirilməsi və xidməti fəaliyyətin digər önəmli sahələrində də kifayət qədər işlər görülmüş, müsbət nəticələr əldə edilmişdir. Təkcə əməliyyat toplantılarında deyil, eləcə də ilin yekunlarına həsr olunmuş tədbirdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi, eyni zamanda, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər görüləcəyi bildirilmişdir.
Ancaq bütün bunlarla yanaşı, qeyd etməli olduğumuz başqa bir məqam da var. Azərbaycan dövlətinin daha da qüdrətli olmasını istəməyən, xaricdəki antiazərbaycan qüvvələrin əlində oyuncağa çevrilmiş insanların daim milli dövlətimizə qarşı şər-böhtanlar püskürdüyü kimi, gündən-günə müasirləşən Azərbaycan polisinə də hərdən böhtan atanlar tapılır. Qoy olsun. Nə deyirlərsə desinlər. Xalq öz dövlətinə güvəndiyi kimi, öz polisinə də inanır. Biz bu inamı xalqa və dövlətə xidmətimizlə qazanmışıq. Əminik ki, sadə vətəndaşların bizə olan inamı, etimadı getdikcə daha da artacaq.
Təbii ki, bu gün daxili işlər orqanlarının öz xidməti vəzifələrini uğurla yerinə yetirməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən lazım olan bütün maddi-texniki şərait yaradılmış, hər bir polis əməkdaşı dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur. Ona görə də bu ali etimada cavab olaraq hər bir əməkdaş üzərinə düşən vəzifələri nümunəvi şəkildə yerinə yetirməli, Vətəninə, dövlətinə, xalqına ləyaqətlə xidmət etməlidir. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkənin bütün şəhər və rayonlarındakı polis orqanlarının gündəlik fəaliyyətini daim diqqət mərkəzində saxlayır və bizim daha da səmərəli işləməyimiz üçün lazım olan istənilən şəraitin yaradılmasına kömək edir. Zaqatala Rayon İcra Hakimiyyəti isə bizim xidməti vəzifəmizin yerinə yetirilməsində ən yaxın tərəfdaşımız kimi çıxış edir. Odur ki, biz – Zaqatala polisinin bütün şəxsi heyəti milli dövlətçiliyimizə, Azərbaycan xalqına, eləcə də ölkəmizin və bölgəmizin qonaqlarına bundan sonra da məhz qanunun tələbləri çərçivəsində, dövlətin tələb etdiyi səviyyədə, nazirliyimizin tövsiyə və tapşırıqları əsasında xidmət edəcəyik. Azərbaycan dövlətinin istənilən uğuru ölkənin hər bir sakinini sevindirdiyi kimi, Azərbaycan polisinin davranışı və cinayətkarlığa qarşı mübarizədə göstərdiyi peşəkarlıq hər bir sakini məmnun etməlidir. Biz buna nail olacağıq.
Arif BABAYEV,
Zaqatala Rayon Polis Şöbəsinin rəisi,
polis polkovniki
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.