Azərbaycanda son illər ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi nəticəsində dövlət tərəfindən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilən kənd təsərrüfatının inkişafı dinamik xarakter almışdır.
Ölkəmizdə fermerlər üçün bir sıra güzəştlər müəyyənləşdirilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilmişlər. Əkin sahəsinin becərilməsində işlədilən yanacaq və motor yağlarına görə istehsalçılara hər hektar üçün 40 manat, buğda və çəltik istehsalçılarına isə hər hektar səpilmiş sahəyə görə əlavə 40 manat subsidiya verilir. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər.
Böyük iqtisadi potensiala malik kənd təsərrüfatı rayonlarından olan Bərdədə torpaq istifadəçiləri də bu diqqət və qayğıdan səmərəli bəhrələnirlər. Fermerlər mövcud imkan və ehtiyat mənbələrindən istifadə edərək ötən ili də yüksək göstəricilərlə başa vurmuşlar.
Rayon Statistika İdarəsinin məlumatında bildirilir ki, 2013-cü ildə Bərdədə 101 milyon manatlıqdan çox kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Bu, 2012-ci illə müqayisədə 7 faiz çoxdur.
Ərzaq təhlükəsizliyi proqramına sanballı töhfə verən Bərdə taxılçıları ötən il 52,4 min ton məhsul istehsal etmişlər. Ümumilikdə hər hektarın məhsuldarlığı 34,8 sentner olmuşdur. 2012-ci ilə nisbətən buğdanın hər hektardan orta məhsuldarlığı 1,7 sentner yüksəlmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən diri çəkidə ət istehsalı 7,6 faiz, süd istehsalı 9,6 faiz, yumurta istehsalı 10 faiz, yun istehsalı isə 7,5 faiz artmışdır. Qarğıdalı, kartof, tərəvəz, bostan məhsulları, meyvə istehsalında da xeyli artım əldə edilmişdir.
Bərdəlilər Bakıda təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında da fəal iştirak edirlər. Rayonda istehsal olunan müxtəlif ərzaq məhsulları öz yüksək keyfiyyəti ilə paytaxt sakinlərini razı salır.
Bərdə rayon fermerləri şənbə və bazar günləri Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya müxtəlif çeşiddə və keyfiyyətli meyvə-tərəvəz, süd və bostan məhsulları çıxarırlar. Onlar məhsullarını bazardakından 25-30 faiz ucuz qiymətlərə satırlar. Burada həvəslə bazarlıq edən şəhər sakinləri onlara göstərilən xidmətlərdən razılıq edirlər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun dediyinə görə, istehlak bazarında qiymətlərin artmasının qarşısının alınması məqsədilə 2006-cı ilin iyulundan həftənin şənbə və bazar günlərində, eyni zamanda, bayram günlərində Bakı şəhərinin müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının satışı yarmarkası keçirilir ki, burada da qiymətlər bazar qiymətlərindən 25-35 faiz aşağı olur. Bununla yanaşı, kartof, tərəvəz, bostan məhsulları və meyvənin istehsalının əhalinin istehlak normasından 1,9-2,4 dəfə artıq olması ilə əlaqədar məhsul itkisinin qarşısının alınması və əhalinin müntəzəm olaraq kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi üçün respublikanın bir çox rayonlarında dövlət vəsaiti hesabına ümumi tutumu 60 min tondan artıq olan soyuducu anbarları tikilib istifadəyə verilmişdir.
Qadir Həsənovun verdiyi məlumata görə, sözügedən yarmarkaya Bərdə və digər rayonlardan hər həftənin şənbə və bazar günləri təxminən 20 tondan çox məhsul, o cümlədən kartof, kələm, pomidor, kök, üzüm, nar və digər kənd nemətləri gətirilir.
Burada fermerlərə, eyni zamanda, bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şərait yaradılmışdır. Yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir. Onu da deyək ki, bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Yarmarkanın Bərdə üzrə təşkilinə nəzarət edən Yaşar Həsənovun bildirdiyinə görə, burada qiymətlər bazardakından xeyli aşağıdır. Bərdədən Bakıya kifayət qədər kənd təsərrüfatı məhsulları gətirilir. Artıq 7 ildir ki, fəaliyyət göstərən yarmarkanın məqsədi paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəməkdir.
Yaşar Həsənov onu da diqqətə çatdırdı ki, yarmarkaların təşkili həm alıcılara, həm də fermerlərə kömək məqsədi daşıyır. Bunu nəzərə alan Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Bakı şəhərində keçirilən yarmarkalara yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları göndərilməsini daim diqqət mərkəzində saxlayır. Başçı fermerlərin problemlərinə bir qayda olaraq həssaslıqla yanaşır.
Yarmarkada qiymətlər istehsalçı ilə qarşılıqlı razılıq əsasında müəyyənləşdirilir. Mütəxəssislər yarmarka başlamamışdan 2 gün öncə Bakı bazarlarında monitorinqlər aparırlar və bunun əsasında da təyin edilmiş qiymətlər alıcılara təklif olunur. Təbii ki, satıcılar da bununla razılaşırlar. Bu, ondan irəli gəlir ki, fermerlərdən heç bir rüsum alınmır, yer haqqı ödənilmir.
Yaşar Həsənov həmçinin xatırlatdı ki, Bərdədən hər həftə Kənd Təsərrüfatı Nazirliyinə müvafiq məlumat daxil olur. Orada yarmarkaya gələn avtomobillərin markası, nömrəsi, çəkisi, istehsalçının adı, gətirdiyi məhsul və s. göstərilir. İstehsalçılar ancaq bu məlumatlar əsasında yarmarkaya yerləşdirilir.
Bərdə rayonunun nümunəsində göründüyü kimi, respublikamızda son illər məhsulun istehsalçıdan istehlakçıya çatdırılması mərhələsində mühüm tədbirlər həyata keçirilmiş, müəyyən uğurlar əldə edilmişdir. Lakin bununla belə sözügedən sahədə çətinliklər də az deyil. Ona görə də mövcud maneələrin aradan qaldırılması, ərzaq bazarında süni qiymət artımının qarşısının alınması, kənd təsərrüfatı və ərzaq məhsullarının qəbulu üzrə ixtisaslaşmış terminalların və onların saxlanılması üçün anbarların yaradılması, həmin məhsulların daşınmasına xidmət edən nəqliyyat infrastrukturunun təşkili, xüsusi ərzaq mağazaları şəbəkəsinin genişləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac vardır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin 16 yanvar 2014-cü il tarixli “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası sahəsində əlavə tədbirlərin görülməsi məqsədilə imzaladığı sərəncam mühüm əhəmiyyətə malikdir. Sərəncamda aqrar siyasətin əsas prinsiplərinin reallaşdırılması məsələləri, o cümlədən yerli icra hakimiyyəti orqanları ilə birlikdə paytaxtda keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsi məsələləri öz aydın ifadəsini tapmışdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.