Bakıdan hər dəfə Naxçıvana gedəndə boya-başa çatdığım, günü-gündən gözəlləşən şəhərin görkəmində yenilikləri, dəyişikləri görəndə, doğmalarla görüşəndə iftixar və sevinc hissələrinə qovuşuram. Son illər Naxçıvanda əsaslı surətdə yeniləşdirmə proqramı həyata keçirilmiş, Şərq memarlığı zəminində qurulan Naxçıvan Avropa şəhərinə çevrilmişdir. Elə bu gün də şəhər qədim abidələrlə müasir binaların vəhdətində yeniləşir, quruculuq, abadlıq və tikinti işləri davam etdirilir. Belə bir gündə Naxçıvandan Türkiyəyə yol gedirik. Naxçıvan şəhərindən Sədərək körpüsünədək uzanan abad, rahat, yüksək standartlara cavab verən avtomobil yolunun hər iki tərəfində əkin sahələri, tarlalar uzanıb gedir. Son illər siması büsbütün dəyişmiş yaşayış məntəqələrini, bir-birindən yaraşıqlı kəndləri keçdikcə ulu dağların əhatəsində olan muxtar respublikanın bərəkətli, gül-çiçəkli çölləri, sinəsi sərvətlə dolu, əbədi monumental görkəmli, zirvəsi qarlı, dumanlı dağların əzəməti görünür.
Araz boyu kəndlərə, bu ecazkar mənzərələrə baxmaq adama rahatlıq, mənəvi duyğular və iftixar hissələri gətirir, təbii, doyumsuz gözəlliklər bəxş edir. Araz çayı üzərindən, Ümid körpüsündən keçərkən yaxın keçmişi-1992-ci ilin 28 may gününün tarixə dönmüş zamanları, həmin günün izdihamı, bayram şənliyi, möhtəşəmliyi gözlərim önünə gəlir. Bu tarixi və böyük hadisələrin iştirakçısı olduğum üçün yenidən həmin günlər yadıma düşür. Həmin o gün uzun illər ayrı düşmüş iki qardaş xalqın, eyni millətin həsrətinə, ayrılığına son qoyulmuşdu. İnsanlar görüşür, öpüşür, qucaqlaşır, sevincdən gözləri yaşarırdı. Arazın beton dayaqları bir-birinə qovuşmuşdu, illər boyu insan ayağı dəyməyən sahillərdə bayram izdihamı, qələbəlik yaranmışdı.Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl Naxçıvana, oradan da körpünün açılışına gəlmişdi. Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışan ulu öndərimiz Heydər Əliyevlə birgə həmin təntənəli mərasimdə çıxış etdilər.
Ümummilli liderimiz Heydər Əliyev nitqində xüsusi olaraq vurğuladı: “Bu gün bizim arzu və ümidlərimizin körpüsü açılır. 70 ildən artıq idi ki, biz bu günü gözləyirdik. Və arzularımız həyata keçdi...Türkiyənin Baş naziri Süleyman Dəmirəl:“Bu körpü təkcə Azərbaycanı və Türkiyəni birləşdirmir. Bu, Avropa ilə Asiyanın arasında körpüdür, Avropa və Asiya ölkələrinin qarşılıqlı faydalı əlaqələrinə xidmət edə bilər...Bu çıxışlar, sözlər, fikirlər sürəkli, sevincli, hərarətli alqışlarla qarşılandı, iştirakçılar tərəfindən böyük əks-səda doğurdu. O günlərdə Naxçıvanla Ermənistan sərhədində müharibə gedridi. Naxçıvanın qəhrəman oğulları çətinliklərə sinə gərib silahlara sarılaraq Vətən torpaqlarını müdafiə edirdilər. Məhz həmin o tarixi gün sahillər birləşdi, körpü üzərindən hər iki tərəfə gediş-gəliş başladı. O vaxtdan ötən 21 ildə Azərbaycan və Türkiyə arasında avtomobil yolu istismara verilmiş, sadələşdirilimiş, vizasız keçid üçün bütün gün ərzində hər iki tərəfdə sərhəd buraxılış məntəqələri fəaliyyət göstərirlər. Avtomobil yolu ilə yanaşı yaxın zamanlarda bu sahillərdən dəmir yolu da keçəcək və iki dövlət arasında imzalanmış sənədlərə, yeni layihəyə görə gələcəkdə bütün dünyaya qapılar açılacaq. Bu düşüncələrlə Sədərək-Dilucu körpüsündən keçərək zirvəsi buludlarla örtülən,başı qarlı Ağrı dağının ətəkləri ilə Türkiyə ərazisinə, İğdıra doğru yol alırıq.
İğdırda 20 il öncə gördüyüm mənzərədən əsər-əlamət qalmayıb. Möhrəli divarlar və koma, daxma görünüşlü, palçıqdan tikilmiş suvaqlı evlər, torpaqlı-tozlu küçələr təsvirə gəlməz dərəcədə dəyişib. Azərbaycan ilə Türkiyə arasında körpü salınandan və sərhəd açılandan sonra İğdır yeni şəhər görkəmi alıb, böyüyüb, gözəlləşib, küçələr genişlənib, reklamlar çoxalıb, mağazalar, yaraşıqlı binalar, hotellər və yeni yaşayış evləri tikilib. Bir gecə 7 mərtəbəli, rahat şəraiti olan “Alqış” hotelində qalmalı oldum. İğdırdan Naxçıvana və Türkiyənin müxtəlif bölgələrinə və şəhərlərinə avtobus marşurutları açılmışdır. Hər gün “İğdırlı turizm” şirkətinin işçiləri “Mercedes-Benz” markalı rahat abtobuslarla sərnişinlərə yüksək xidmət göstərirlər. Səhər saat 10-30-da İğdır-İzmir avtobus marşurutu ilə yola düşdük, daha doğrusu avtobus səyyahəti başladı. Əzəmətli və ulu dağların arasından salınmış rahat şosse yolları ilə iri və kiçik yaşayış məntəqələri-Tuzluca, Kağızman, Xorasan, Ərzurum, Ərzincan, Refahiyyə, Əmralı, Sivas, Yozqat, Ankara, digər kənd və qəsəbələrdən keçərək, növbəti gün səhər saat 7-də Afyonkarahisar şəhərinə yetişdik.
Bu şəhərdə ilk dəfə qonaq olduğumdan böyük maraqla bölgənin tarixi, iqtisadiyyatı, mədəniyyəti, təhsil ocaqları, əhalisinin həyat tərzi ilə ətraflı tanış olmağa çalışdım. Latın dilində “Opium” deyilən xaşxaş bitkisinin bu yerlərdə eramızdan əvvəl 200-cü ildən etibarən əkildiyi göstərilir. “Opium” sözü zaman keçdikcə yazılış və deyiliş dəyişikliyinə uğrayaraq ofium, afiom, afion və sonda afyon olmuşdur.
Qədim Tunc Dövründən etibarən şəhər bir çox mədəniyyəti özündə yaşatmış və əsrlər ötdükcə özünəməxsus bir mədəniyyətə sahib olmuşdur.Qədim Tünc Dövrünə, Hitit, Frig, Roma dövrlərinə aid tapıntılar göstərir ki, qaya üstündəki qaladan uzun müddət istehkam kimi istifadə edilmişdir. Afyonkarahisar qalası şəhər mərkəzində vulkanik görkəmli, hündürlüyü 226 metr olan nəhəng bir qaya üzərindədir. Qala öncə Hapanuva, Roma və Bizans dövrlərində isə Akroenos, Səlcuqlar zamanında isə Karahisar adını almışdır. Qala zirvəsində e.ə.1200-
700-ci il tarixləri arasında Anadoluda yaşamış olan Friglər dövrünə aid mədəniyyət izlərinə də rast gəlinir. Ana Tanrıça Kübele şərəfinə tikilmiş ibadət yerlərində 4 ədəd böyük su hövzəsi yerləşir. Səlcuq Sultanı I Ələddin Keykubat vaxtında Dizdarı Bedrettin Gevhertaş tərəfindən qala divarlar ilə əhatələnmiş, burada tünd göy naxışları ilə tanınan ayrıca kiçik bir məscid və saray tikilmişdir. Səlcuq hökmdarları və I Ələddin Keykubat ilk dəfə Karahisar qalasını təmir etdirərək müdafiə məqsədilə istifadə etmişlər. Daha sonralar Anadoludakı digər yerlər ilə qarışdırılmaması üçün şəhərə Səlcuqlar zamanında “Karahisar-ı Sahib”adı verilmişdir. Bu dövrdə şəhərin digər bir adı da “Karahisar-ı Devle”dir. Bu ad bəzi mənbələrə görə Sahib Ata Fəxrəddin Alinin xəzinələrinin Afyonkarahisar qalasında qorunmasına görə verilmişdir. Bir başqa mənbəyə görə isə Sahib Ata Fəxrəddin Alinin nəvələrindən Müzafərəddin Devlenin adına uyğun olaraq şəhərə “Karahisar-ı- Devle” deyilmişdir. 2004-cü ildə Türkiyə Parlamentində Afyon (xaşxaş) kimi tanınan şəhərin tarixi adı bərpa edilərək Afyonkarahisar adlandırılmışdır.
Afyonkarahisar Anadoluda olan digər şəhərlər üçün bir körpü rolunu oynamışdır. Şəhər birləşdirici iri qovşaq olduğunu qoruyaraq günümüzə qədər eyni şəkildə saxlamışdır. Məhz bu səbəblərə görə də Anadolunu ələ keçirmək və ya qorumaq üçün baş vermiş müharibələr İpsos (e.ə.301), Miryorefalon (1176) və Büyük Taarruz (1922) Afyonkarahisar torpaqlarında cərəyan etmişdir. Roma ticarət yolları və Haçlı Səfərləri Afyonkarahisar şəhərindən keçmişdir...Xarici müdaxiləçilər Anadolunun ələ keçirilmiəsinin Afyonkarahisarın alnmasıyla mümkün olacağını düşünərək bu şəhərə hücum etmiş və buranı özlərinə yurd seçmişlər...Səlcuqlar şəhərdən baza kimi istifadə etmiş, osmanlılar Anadolunun osmanlılaşdırılması üçün Karamanoğullarına buradan hücum etmişlər. ... Afyon və ətraf təpələr Fransız, İtalyan və sonra yunan qüvvələri tərəfindən işğal edilmişdir. Lakin 27 avqust 1922-ci ildə Ege bölgəsindəki Türk əks-hücumunda ərazilər bərpa edilib. 1923-cü ildən sonra Afyon Türkiyə Respublikasının bir hissəsi olmuşdur. Qələbə çalmış Türkiyə Cümhuriyyətinin quruluş təməlləri burada atılmış və Böyük Taarruz hərəkatı Afyonkarahisarda başlamışdır.
Türkiyənin qərbində yeləşən Afyonkarahisar şəhəri bölgənin inzibati mərkəzidir. Dəmiryol və şosse yolları qovşağıdır. Ankara,İ zmir, İstanbul, Antalya yolları burada kəsişir, Afyon bu şəhərlərin reysləri üzrə məhşur dayanacaq yeridir. Şəhər dəniz səviyyəsindən 1021 metr yüksəklikdə yerləşir. Bu coğrafi məkan kontinental iqlimə malikdir, qışı soyuq və qarlı, yayı quru və isti keçir. Eyni ilə bizim Naxçıvanın iqlimidir. Əhalisinin sayı (2010) 173 min 100 nəfərdir. Şəhərdə mərmər, sement,yeyinti sənayesi, xalça istehsalı sahələri vardır. Hal-hazırda Afyonqarahisar mərmər, sucuk (ədviyyəli kolbasa), kaymak (krem və ya ağ Lokum) istehsalına görə tanınır. Təsərrüfatlardan tiryək və dərman istehsalı üçün xammal tədarük olunur.
Şəhərlə tanışlıqdan sonra Afyon Kocatepe Universitetinə (AKU) getdik. Türkiyənin ən qabaqçıl və yenilikçi universitetləri arasında tanınan ali təhsil ocağı şəhər ərazisində böyük bir sahəni əhatə edir. Ölkənin iyirmi bir yeni universiteti ilə birlikdə qurulan AKU 10 noyabr 1992- ci ildən fəaliyyətə başlamışdır.İldən-ilə ali təhsil müəssisəsi inkişaf etmiş,yeni fakültələr və ixtisaslar, institutlar açılmış, universitetin maddi-texniki və tədris bazaları genişlənmiş və möhkəmlənmişdir.Yeni fakültə və ixtisaslar üzrə kadr hazırlığı tələbə kontingentinin genişlənməsinə, yüksək ixtisaslı mütəxəssislər hazırlayan münbit və möhkəm baza yaradılmasına səbəb olmuşdur. Ötən 22 ildə uğurlu inkişaf yolu keçən ali təhsil müəssisəsi ölkənin 50 universiteti arsında 46-cı, Dövlət Universitertləri arasında 31-ci, yaradıldığı 21 universitet içərisində indeks sıralamasında 10-cu yeri tutur. Hazırda Universitetin tərkibində 5 institut, 13 fakültə, 4 yüksəkokul, 1 Dövlət Konservatoriyası, 15 peşə yüksəkokulu, 26 Uyğunlaşdırma və Araşdırma Mərkəzi fəaliyyət göstərir. Tələbələrin sayı 37 min 564, məzunların sayı 100 min 737 nəfərdir. Burada 543 müəllim, o cümlədən 80 professor, 140 dosent çalışır.
Universitetin Gözəl Sənətlər Fakültəsinin professoru, həmyerlimiz Məmməd Şirzadov ilə ərazidə yerləşən ayrı-ayrı korpusları, binaları gəzib ali təhsil ocağının rəhbərləri, fakültə dekanları, professor və müəllimləri ilə tanış oluruq. İlk tanışlıq, söhbət, müsahibələr və toladığım faktlardan məlum olur ki, Türkiyənin tanınımış, qabaqcıl universitetləri arasında inamla irəliləyən AKU XXI əsrin elmi və texnoloji biliklərinə, yeniliklərinə yaxından bələd olan təhsil ocağıdır. Universitet ötən illər ərzində inkişaf edərək beynəlxalq aləmdə səmərəli və keyfiyyətli tədqiqat və araşdırmaları ilə tanınmış, əsaslı və köklu bir quruluşa sahib olmuşdur.
AKU-nin rektoru, professor, dr. Mustafa Solak: “Universitetimiz yeni bir akademik 2013-2014-cü tədris ilinə yüksək hazırlıq tempi ilə başlamışdır. Məqsəd və amalımız universitetin fakültələri, institutları, texnikumları, peşə məktəblərində təhsil alan gənclərimizin dünya standartlarında peşə bilik və bacarıqlara, ölkə və dünya problemlərinə sahib olması, dərin blikli, yüksək ixtisaslı, vətənpərvər mütəxəssislər hazırlanmasıdır.
(ardı var)
Afət SADIQOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.