Yanvarın 23-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilmişdir.
İclasda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 2013-cü ilə dair illik hesabatı, YAP Qadınlar Şurası və Gənclər Birliyinin tərkibi haqqında 2013-cü ilə dair illik statistik hesabat, partiyanın 2013-cü il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2014-cü ilin birinci yarımilliyinə dair iş planı müzakirə edilmişdir.
AzərTAc xəbər verir ki, Baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov iclasın gündəliyində duran məsələlər barədə geniş çıxış etmişdir.
Bildirilmişdir ki, artıq tarixə çevrilmiş 2013-cü il Azərbaycan Respublikasının ictimai-siyasi və sosial-iqtisadi həyatında mühüm və əhəmiyyətli illərdən biri olmuşdur. Ötən il keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının böyük əksəriyyəti dövlətimizin başçısı İlham Əliyevə səs verməklə həyata keçirilən siyasi xəttin davamlı olmasını bir daha dəstəkləmişdir. Keçən ilin iyun ayında YAP-ın V qurultayında Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin prezidentliyə namizədliyi yekdilliklə qəbul olunmuş və partiya prezident seçkiləri kampaniyasında fəal iştirak edərək, seçicilərlə çoxsaylı görüşlər keçirmişdir. YAP-ın seçki təşviqat kampaniyasında partiyanın sədri, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər əsas yer tutmuşdur.
Hesabat ilində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar YAP silsilə tədbirlər həyata keçirmişdir. Bu məqsədlə “Heydər Əliyev: Böyük Azərbaycanlı” mövzusunda konfrans, “Heydər Əliyevin elmi irsi: Nəzəriyyə və təcrübə”, “Heydər Əliyev - Ömür yolu” kitablarının təqdimatı olmuşdur.
Qeyd olunmuşdur ki, partiya beynəlxalq əlaqələr sahəsində geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə YAP arasında işgüzar və səmimi münasibətlər qurulmuş, səmərəli və yaddaqalan görüşlər keçirilmiş, partiya müxtəlif layihələrə ev sahibliyi etmişdir. Hesabat dövründə Yeni Azərbaycan Partiyası nümayəndə heyəti bir sıra xarici səfərlərdə olmuş, müxtəlif beynəlxalq təşkilatlar və partiyalararası qurumlarla əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Çıxışlarda bildirilmişdir ki, hesabat dövründə YAP sıralarına 31 min 600 nəfərdən çox yeni üzv qəbul edilmiş və partiya üzvlərinin sayı 620 min nəfəri keçmişdir. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil etmişdir.
İdarə Heyətinin iclasında YAP-ın ötən ilə dair maliyyə hesabatı dinlənilmişdir. Bildirilmişdir ki, 2013-cü ildə partiyanın gəlirləri 7 016 790 manat olmuşdur. Bunun 5 720 849 manatını üzvlük haqlarından, 29 306 manatını partiya vəsiqələrinin haqlarının ödənilməsindən, 121 510 manatını depozitdən əldə olunan daxilolmalar, 1145 125 manatını büdcədən ayrılan vəsait təşkil etmişdir. Üzvlük haqlarının 80 faizdən çoxu partiyanın rayon və şəhər təşkilatlarının hesabında qalmış və onların maliyyə xərclərinin ödənilməsinə sərf olunmuşdur.
YAP-ın hesabına daxil olan maliyyə vəsaitinin 3 046 769 manatı partiyanın icra katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 1 554 712 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdikləri tədbirlərin, o cümlədən partiyanın qurultayının, iki beynəlxalq konfransın, gənclər üçün təşkil edilən yay və qış məktəblərinin və digər tədbirlərin maliyyələşməsinə, 254 510 manatı ezamiyyə xərclərinə, 319 699 manatı inventarların alınmasına, 117 495 manatı təmir işlərinə, 93 307 manatı çap işlərinə, 382 152 manatı kommunal və təsərrüfat xərclərinə, 53 919 manatı dəftərxana xərclərinə, 45 023 manatı xeyriyyə tədbirlərinə, 57 614 manatı əlavə dəyər vergisinə, 33 694 manatı həmkarlar ittifaqı təşkilatına, 150 550 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 54 190 manatı bank xidmətinə, 85 016 manatı isə sair xərclərə sərf edilmişdir.
Beləliklə, YAP-ın cəmi xərcləri 6 248 650 manat təşkil etmişdir. Hesabat ilinin sonuna toplanan vəsaitin 768 140 manatı partiyanın və onun yerli təşkilatlarının hesabında qalmışdır.
İdarə Heyətinin iclasının gündəliyində duran məsələlər geniş müzakirə olunduqdan sonra YAP İdarə Heyətinin 2013-cü ilə dair hesabatı, illik statistik hesabat, partiyanın maliyyə hesabatı və İdarə Heyətinin 2014-cü ilin birinci yarımilliyinə dair planı qəbul olunmuşdur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.