Vergi borclarının məbləği azalır

 

Vergilər Nazirliyinin Vergi Borclarının Alınması İşinin Təşkili İdarəsınin rəisi Zeynalabdin Məmmədzadə ötən ilin yekunları ilə bağlı söhbətində demişdir ki, hesabat dövründə Azərbaycan iqtisadiyyatında və vergi sistemində müsbət tendensiyalar davam etmişdir. 

Vergi orqanlarında idarəetmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, vergi ödəyicilərinin hüquqlarının etibarlı qorunmasının təmin olunması, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi və vergi borclarının yaranmasının qarşısının alınması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Bütün bunlar isə öz növbəsində vergi borclarının azalmasına  öz müsbət təsirini göstərmişdir.

Bu il  yanvarın 1-dək  vergi ödəyicilərinin dövlət büdcəsinə olan borclarının  məbləği 2012-ci il yanvarın 1-nə olan məbləğ ilə müqayisədə 23,8 faiz, 2013-cü ilin yanvar ayının 1-nə olan məbləği ilə müqayisədə isə 9 faiz azalmışdır. İl ərzində 227 min 480 borclu vergi ödəyicisinin vergi borcları tamamilə ləğv edilmişdir.  Cari ilin 1 yanvar tarixinə  borclu vergi ödəyicilərinin ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi cəmi 3,4 faiz təşkil etmişdir.

Z. Məmmədzadə bildirmişdir ki, Vergilər Nazirliyi tərəfindən vergi borclarının yaranma hallarının və vergi borclarının məbləğinin azaldılması, borclu vergi ödəyicilərinə fərdi yanaşma, borcların alınması üçün mümkün olan bütün tədbirlərdən kompleks şəkildə istifadə edilməsi, təbii ki, borcların səmərəli idarə olunmasına öz müsbət təsirini göstərir.

Ötən il vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən əmlakın siyahıya alınması barədə 60 min 700 sayda qərar açılmış və bu qərarların 86,8 faizi borclar ləğv edildiyi üçün bağlanmışdır. 2013-cü il ərzində əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 58,1 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.

Bununla yanaşı, ötən il vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməyən 454 borclu vergi ödəyicisində keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində  286 borclu vergi ödəyicisində qanun pozuntusu aşkar edilmiş və onlar barəsində 78,3 min manat məbləğində maliyyə sanksiyası və inzibati cərimə tətbiq olunmuşdur. Keçirilmiş tədbirlər nəticəsində tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələrin  89,4 faizinin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur.

 Göstərilən dövr ərzində borclu fiziki şəxslərin borcları üzrə tələbin onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi prosesi davam etdirilmişdir. Görülmüş tədbirlər nəticəsində 2 min 121 vergi ödəyicisinin 1 milyon 387,6 min manat məbləğində borc məbləğinin dövlət büdcəsinə ödənilməsi təmin edilmiş, 27 vergi ödəyicisinin nəqliyyat vasitələri siyahıya alınmış, 1139 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün həmin nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmaqla cərimə meydançalarına yerləşdirilməsi barədə məhkəmələr tərəfindən qərarlar qəbul edilmişdir.

Aparılan araşdırmalarla mülkiyyətində heç bir daşınan və ya daşınmaz əmlakı müəyyən edilməyən, lakin hüquqi şəxslərdə təsisçi (payçı) olduqları müəyyən edilən borclu fiziki şəxslərin borclarının onların paylarından tutulması istiqamətində tədbirlər də davam etdirilmişdir.

Z.Məmmədzadə sonda xatırlatmışdır ki, hüquqi şəxslərdə təsisçi kimi çıxış edən fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə 66 borclu fiziki şəxsə qarşı məhkəmələrdə iddialar qaldırılmışdır. Həmin iddialar üzrə 49 iş üzrə borc məbləğinin hüquqi şəxsin əmlakındakı payına yönəldilməsi barədə qətnamə çıxarılmış və  8 iş üzrə borc məbləği ödənildiyindən müvafiq məhkəmə qərardadı qəbul olunmuşdur. Borc məbləğlərinin qeyd edilən mənbələrə yönəldilməsi barədə görülmüş tədbirlər nəticəsində hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən 1224 borclu fiziki şəxs üzrə  1.022,5 min manat məbləğində borcların dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında