Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində 2013-cü ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclası keçirilmişdir.
MSN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclası açan nazir Yavər Camalov ötən il respublikanın iqtisadi və ictimai-siyasi həyatında qazanılan uğurlardan danışmışdır. Qeyd etmişdir ki, ötən il respublikamızda prezident seçkiləri keçirilmiş, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkədə sabitliyin, əmin-amanlığın, dinamik inkişafın təminatçısı olan İlham Əliyev yüksək səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Ötən illərdə olduğu kimi, 2013-cü ildə də Prezident İlham Əliyevin rəhbərliyi altında çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində ölkə iqtisadiyyatı surətlə inkişaf etmiş, dövlət büdcəsinin həcmi sürətlə artmış, əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmişdir.
Nazir ötən ilin Müdafiə Sənayesi Nazirliyi üçün də yaddaqalan il olduğunu bildirmişdir.
Ötən il 2012-ci illə müqayisədə nazirlik üzrə istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi 3,7 faiz artmışdır. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 900-ü ötmüşdür.
2013-cü ilin nəticələrinə görə istehsal olunaraq sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi artmışdır.
Ötən ildə də yaradılma işləri davam etdirilmiş, 11 mövzu və 71 mərhələ başa çatdırılmışdır.
2013-cü ildə 107 millimetrlik 12 lüləli yaylım atəşli reaktiv sistemin, şəffaf patron daraqlarının, 120 millimetrlik döyüş minasının və digər məmulatların yaradılması işləri tam başa çatdırılmış, seriyalı istehsalı və silahlanmaya qəbul edilməsi tövsiyə olunmuşdur. Eyni zamanda, BRDM-2 və BTR-70 tipli zirehli texnikaların sınaqları başa çatdırılmış və sifariş olunan sayda təkmilləşdirilərək respublikanın güc qurumlarına təhvil verilmişdir. Aviasiya bombalarının nümunələri hazırlanmış, onların sınaqları keçirilərək seriyalı istehsalının təşkili istiqamətində işlər aparılır.
“Matador” və “Marauder” tipli zirehli nəqliyyat vasitələrinə 14,5 millimetrlik pulemyotla təchiz edilmiş döyüş modulları quraşdırılmışdır. “Orbiter-2M” tipli pilotsuz uçuş aparatları üzrə 10 sistemin bütün sınaqları uğurla həyata keçirilərək sifarişçiyə təhvil verilmişdir.
Bildirilmişdir ki, 2007-ci illə müqayisədə ötən ildə yaradılma sahəsində başa çatdırılmış mövzuların sayı 26 dəfə, mərhələlərin icrası isə 14 dəfə artmışdır.
2009-cu ildən başlayaraq nazirliyin müəssisələrində yaradılan, istehsal olunan müdafiə təyinatlı məmulatlar beynəlxalq müdafiə sənayesi sərgilərində nümayiş etdirilir və böyük maraqla qarşılanır.
Məlumat verilmişdir ki, beynəlxalq sərgilərdə iştirak edən Müdafiə Sənayesi Nazirliyi dörd il əvvəl qatıldığı ilk sərgidə 27 adda müdafiə təyinatlı məmulatla respublikamızı təmsil etdiyi halda, ötən ilin mayında Türkiyədə keçirilən “IDEF-2013" XI Beynəlxalq müdafiə sənayesi sərgisində 130 adda müdafiə təyinatlı məmulat nümayiş etdirmişdir. Nazirlik bu sərgidə müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, optik nişangahlar, mühəndis texnikası və s. məmulatlarla yanaşı, ilk dəfə olaraq ”Yalquzaq" snayper tüfəngi, HP-7,62 tipli hücum pulemyotu, “Gürzə” xüsusi təyinatlılar üçün patrul maşını, pilotsuz uçuş aparatları və digər məmulatları da nümayiş etdirmişdir.
Dünyanın 36 ölkəsindən 500-dən çox şirkətin iştirak etdiyi sərgidə Azərbaycan istehsalı olan məmulatlar, xüsusilə “Yalquzaq”, “İstiqlal”, “Mübariz” snayper tüfəngləri, hücum pulemyotu, “Gürzə” xüsusi təyinatlılar üçün patrul maşını, müxtəlif növ döyüş sursatları böyük maraqla qarşılanmışdır.
Beynəlxalq sərgilərdə nümayiş olunan məmulatlara marağın artması nəticəsində Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq etmək istəyən ölkələrin və şirkətlərin sayı artmaqda davam edir.
MSN dünyanın inkişaf etmiş dövlətlərinin aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə 60-dan çox şirkət və firması ilə sıx əməkdaşlıq edir.
Azərbaycan ilk dəfə olaraq 2014-cü ilin sentyabrında beynəlxalq müdafiə sənayesi sərgisinə ev sahibliyi edəcəkdir. Artıq Müdafiə Sənayesi Nazirliyi tərəfindən “ADEX-2014" adı altında keçiriləcək sərgi ilə bağlı hazırlıq işlərinə başlanılmışdır. Sərginin yüksək səviyyədə keçirilməsi üçün təşkilatı tədbirlər görülür.
Tabeli müəssisələrdə müdafiə təyinatlı məmulatlar üzrə istehsal sahələrinin genişləndirilməsi ilə yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. 2007-ci illə müqayisədə 2013-cü ildə mülki məmulatların istehsal həcmində iki dəfə artım əldə olunmuşdur. Çeşidlərin sayı 450-ni ötmüşdür.
MSN-in müəssisələrində mülki məhsullardan: neft-qaz sənayesində işlədilən müxtəlif növ nəzarət və idarəetmə sistemləri, dəstləşdiricilər, traktorlar üçün tırtıllar, 4 və 6 laylı çap lövhələri, rəqəmsal teleyayıma keçidlə bağlı DVB-T tipli dekoderlər, neft quyularında dərinlik nasoslarının işinə nəzarət edən “Dinomoqraf DM” cihazı, gəmilərin təmiri üçün ehtiyat hissələri, səyyar yemək termosları, plastik kütlədən hazırlanmış taralar, müxtəlif güclü akkumulyator batareyaları, 12 kalibrli qoşa lülə və yarımavtomat yivsiz ov tüfəngləri, işıqforlarda taymer sistemi, polis məntəqələri üçün teleskop tipli maneə sistemləri və s. mənimsənilmişdir.
Nazirliyin müəssisələrində istehsal olunan mülki məhsullar 2010-cu ildən etibarən da bir çox beynəlxalq və milli sərgilərdə nümayiş etdirilir.
Müdafiə Sənayesi Nazirliyi ötən il sentyabrın 15-dən oktyabrın 17-dək Bakıda keçirilən “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisində təmsil olunmuş, nazirliyin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki təyinatı məmulatları da nümayiş etdirmişdir. Nümayiş etdirilən məmulatlar böyük maraqla qarşılanmışdır.
İclasda nazirliyin birlik və müəssisələrinin fəaliyyətləri haqqında həmin qurumların rəhbərlərinin hesabatları dinlənilmişdir.
Sonda nazir Y.Camalov Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin verdiyi tapşırıqları bir daha iclas iştirakçılarına xatırlatmışdır. Nazir Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların və 2014-cü ildə nazirliyin qarşısında duran vəzifələrin icrası ilə əlaqədar struktur, bölmə, birlik və müəssisələrin rəhbərlərinə xüsusi göstərişlər vermişdir.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.