Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2013-cü ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, tədbiri giriş sözü ilə açan daxili işlər naziri son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların, demokratik dəyərlərin möhkəmlənməsinin, ictimai münasibətləri tənzimləyən mexanizmlərin təkmilləşdirilməsinin bütövlükdə nazirliyin və onun orqan və hissələrinin, o cümlədən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin də üzərinə mühüm tapşırıqlar qoyduğunu, ümumən onların öhdəsindən layiqincə gəlindiyini xatırlatmışdır. Ötən il cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilmiş yüksək göstəricilərdən bəhs edən nazir bu işdə baş idarənin də önəmli rolu olduğunu qeyd etmiş, qazanılmış uğurlarla yanaşı, əməliyyat-xidməti fəaliyyətdə olan bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasının vacibliyini bildirmişdir.
Baş idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövründə görülmüş işlər və əməliyyat - xidməti fəaliyyətin nəticələri barədə məruzə ilə çıxış etmişdir. O demişdir ki, bu müddətdə cinayətkar qrupların formalaşma mərhələsində aşkarlanmasına, qanunsuz saxlanılan və gəzdirilən silah, sursat və partlayıcı maddələrin aşkarlanmasına, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizəyə xüsusi diqqət yetirilmişdir. Həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 129 cinayət faktı müəyyən edilmişdir.
Ötən il respublika üzrə 96 nəfərdən ibarət 20 mütəşəkkil cinayətkar dəstə ifşa edilmişdir. Onlar tərəfindən bütövlükdə 131, o cümlədən 53 dələduzluq, 10 qaçaqmalçılıq, 2 mənimsəmə, narkotiklərin satışı və saxlanılması ilə əlaqədar 21, silahların qanunsuz dövriyyəsi ilə bağlı 8 cinayət törədilmişdir. Dəstə üzvlərindən 44,4 kiloqrama yaxın narkotik maddə və 2 partlayıcı qurğu götürülmüşdür. Qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə ilə bağlı 21 fakt aşkar edilərək 23 nəfər məsuliyyətə cəlb olunmuşdur.
İqtisadi fəaliyyət və dövlət idarəçiliyi sahəsində ictimai münasibətlərə zərər vuran saxta pul və qiymətli kağızlar hazırlama və satma, rəsmi sənədləri saxtalaşdırma cinayətləri ilə mübarizə tədbirləri də davamlı olmuşdur. İl ərzində 12 cinayət faktı üzrə 78 minə yaxın saxta Azərbaycan manatı aşkar edilmiş, 3 diplom və xeyli sayda başqa saxta sənədlərin satışının və istifadəsinin qarşısı alınmışdır.
İstehlakçıları aldatma, keyfiyyətsiz məhsul istehsal etmə və satma, eləcə də əmtəə nişanlarından qanunsuz istifadə etmə cinayətlərinin aşkarlanması üzrə fəaliyyət çərçivəsində satışa çıxarılmış 300 tona yaxın müxtəlif yararsız ərzaq məhsulları və saxta tikinti materialları götürülərək məhv edilmişdir. Bundan əlavə, qanunazidd olaraq qumar oyunları təşkil edən 13 sahibkarlıq obyektinin fəaliyyəti dayandırılmış və cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmuşlar. Baş idarəyə daxil olan əməliyyat məlumatları mütəmadi araşdırılaraq lazımi tədbirlər görülmüş və müvafiq məlumatlar əsasında 102 cinayətin açılması təmin edilmişdir.
Məruzəçi ötən il əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət göstəricilərlə yanaşı, bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da etiraf etmiş, onların qısa müddətdə aradan qaldırılması üçün kəsərli tədbirlərin görüləcəyini bildirmişdir.
Əməliyyat müşavirəsinə yekun vuran general-polkovnik Ramil Usubov şəxsi heyətin ötən hesabat ilindəki fəaliyyətini ümumən yüksək qiymətləndirmiş, qarşıya qoyulmuş məsul vəzifələrin öhdəsindən gəlmək üçün konkret tapşırıq və tövsiyələrini vermişdir.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.