Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Sabir Ağabəyov 2013-cü ilə yekun vuraraq AzərTAc-ın müxbirinə müsahibəsində demişdir: “Bu gün Azərbaycan ilə İordaniya arasında münasibətlər çox yüksək səviyyədədir. Bizim qarşılıqlı əlaqələrimiz kifayət qədər dinamik inkişaf edir və bu gün həmin münasibətlər keyfiyyətcə yeni səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır”.
Səfirin sözlərinə görə, son illərdə Azərbaycanla İordaniya arasında münasibətlər sürətlə inkişaf etmişdir. Bu baxımdan, 2013-cü il də istisna olmamışdır. Keçən il bütün istiqamətlər üzrə əməkdaşlığımız intensiv davam etmiş, siyasət, iqtisadiyyat, mədəniyyət, nəqliyyat, rabitə və informasiya texnologiyaları, habelə beynəlxalq əməkdaşlıq sahələrində imzalanmış dövlətlərarası sazişlər uğurla həyata keçirilmişdir. Ölkələrimiz arasında əməkdaşlığın demək olar ki, bütün sahələrini əhatə edən 40-a yaxın dövlətlərarası saziş imzalanmışdır.
“Şübhəsiz, iki dövlətin rəhbərlərinin - Prezident İlham Əliyevin və Zati-aliləri Kral II Abdullanın səmimi şəxsi münasibətləri ikitərəfli münasibətlərə güclü təkan verir”, - deyən səfir vurğulamışdır ki, dövlətlərimizin başçıları daim bir-biri ilə əlaqə saxlayır. Bu əlaqələr ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə şərait yaradır. Bu amil elə bir möhkəm təməldir ki, onun üzərində qurulan münasibətlər strateji müttəfiqlik və əməkdaşlıq səviyyəsinə çatmışdır. Keçən il tərəflər siyasi və strateji qarşılıqlı əlaqələri fasiləsiz möhkəmlətmişlər, o cümlədən ən mühüm beynəlxalq təşkilatlarda və regional məsələlərdə sıx qarşılıqlı əlaqə saxlanmışdır, bu isə ölkələrimizin də tərkib hissələr kimi daxil olduğu beynəlxalq münasibətlər sistemində ümumi mənafelərin qorunması üçün zəruridir.
Azərbaycanın İordaniyadakı səfiri demişdir: “Bunu xatırlatmaq kifayətdir ki, İordaniya 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə Azərbaycanın namizədliyini dəstəkləmiş ölkələrdən biri olmuşdur, Azərbaycan isə 2014-cü ildə bu təşkilatın qeyri-daimi üzvlərinin seçkilərində İordaniyanın namizədliyini dəstəkləmişdir”.
Diplomat İordaniyanın ali qanunvericilik orqanı olan Senat tərəfindən 2013-cü il iyunun 19-da qəbul edilmiş “Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar qətnamə”ni 2013-cü ilin ən mühüm nailiyyətlərindən biri adlandırmışdır. Səfir demişdir: “Qəbul edilmiş sənəddə Azərbaycanın müsəlman əhalisinə qarşı təcavüz, insan hüquqlarının pozulması, zorakılıq təzahürləri pislənir, Ermənistan-Azərbaycan münaqişəsini beynəlxalq hüququn əsas prinsipləri və normaları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll etməyə, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə çağırış əks olunmuşdur. Qətnamədə həm də Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyə, qaçqınlara və məcburi köçkünlərə kömək göstərməyə çağırış vardır. İordaniya dövlətinin bu addımı ölkələrimiz arasında səmimi tərəfdaşlıq münasibətlərinin təsdiqidir. Bu addım iki ölkənin münasibətləri tarixinə yazılacaqdır. Hazırda İordaniya parlamentində analoji qətnamə qəbul edilməsi üzərində iş aparılır. Sevindirici haldır ki, İordaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində həll edilməsi məsələsində uzun illər boyu Azərbaycanın ədalətli mövqeyini daim prinsipial olaraq dəstəkləyir”.
Sabir Ağabəyov daha sonra demişdir ki, ölkələrimiz arasında mədəniyyət və humanitar sahədə intensiv əlaqələr vardır. İki ölkənin təhsil nazirlikləri arasında əlaqələrin tənzimlənməsi sayəsində tələbə mübadiləsi həyata keçirilir. Bundan əlavə, mütəmadi olaraq müxtəlif müştərək tədbirlər həyata keçirilir, yüksək səviyyədə qarşılıqlı səfərlər praktikasının davam etməsi iki ölkə arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə stimul yaradır. Məsələn, 2013-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İordaniyada səfərdə olmuş, Kral İkinci Abdulla şeyxülislamı qəbul etmişdir. İordaniya senatının sədri Tahir əl-Məsri və mədəniyyət naziri B.Avacan Bakıda rəsmi səfərdə olmuşdur.
İordaniya Senatının keçmiş sədri Tahir əl-Məsrinin başçılıq etdiyi, İordaniya senatorlarının, ölkə parlamentinin üzvlərinin və digər elita nümayəndələrinin daxil olduğu nüfuzlu nümayəndə heyəti Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun işində fəal iştirak etmiş, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov həmin nümayəndə heyətini qəbul etmişdir.
Qeyd etmək lazımdır ki, səfirlik İordaniyada hakimiyyətin bütün şaxələrinin nümayəndələri, o cümlədən Senatın yeni seçilmiş üzvləri, ölkə parlamentariləri, digər nazirlik və idarələrin nümayəndələri ilə daim əlaqə saxlayır. Məsələn, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi ilə İordaniyanın Qadın Məsələləri üzrə Milli Komissiyası arasında çox sıx əlaqə yaranmışdır. Bunun məntiqi yekunu kimi yaxın gələcəkdə Əməkdaşlıq haqqında Memorandum imzalanacaqdır.
“İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti” də Azərbaycan-İordaniya əlaqələrinin dərinləşməsinə sanballı töhfə verir. Bu cəmiyyət qarşılıqlı faydalı əməkdaşlıq və dialoqun davam etdirilməsi üzrə bir sıra məsələləri həll edir. Bununla bərabər, Azərbaycan səfirliyi ölkəmizin reallıqları, onun bütün sahələrdə qazandığı nailiyyətlər və inkişaf, habelə ölkəmizdə baş verən əlamətdar hadisələr barəsində İordaniya ictimaiyyətinin məlumatlandırılması məsələsinə çox böyük diqqət yetirir.
Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov sonda demişdir: “Biz ilk növbədə xalqımız üçün əlamətdar tarixlərlə bağlı tədbirlər keçiririk. Məsələn, keçən il ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi geniş qeyd edilmişdir. Yubiley tədbirləri çərçivəsində xüsusi jurnal buraxılmışdır, dekabrın axırlarında isə dünya miqyaslı görkəmli siyasətçi Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq Heydər Əliyev adına parkda İordaniya rəsmi hakimiyyət orqanları və bələdiyyə nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilmişdir. Təbii ki, 20 Yanvar faciəsinin və Xocalı soyqırımının ildönümləri diqqət mərkəzində olmuş, Azərbaycanın milli bayramları, habelə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilmişdir. Bu tədbirlərdə iştirak etmiş, Azərbaycanın mövqeyini düzgün başa düşən İordaniya tərəfinə, eləcə də xalqımız üçün əlamətdar tarixi hadisələri geniş işıqlandıran İordaniya kütləvi informasiya vasitələrinə xüsusi təşəkkürümü bildirmək istərdim.
Bütövlükdə 2013-cü ili bizim ənənəvi dostluq əlaqələrimizin möhkəmlənməsi üçün uğurlu il adlandırmaq olar. Lakin əsas məsələ budur ki, ölkələrimizin ümumi maraqları, ümumi dini, müştərək mədəniyyəti var və bu, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı zəmindir”.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Əmman
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.