Yaponiyada əfsanəvi döyüşçü Xiroo Onoda vəfat etmişdir

 

 

 

Yaponiyanın kütləvi informasiya vasitələri xəbər verirlər ki, İkinci Dünya müharibəsi başa çatdıqdan sonra təqribən 30 il ərzində Filippinin Lubanq adasında partizan kimi diversiya əməliyyatları aparmaqda davam etmiş əfsanəvi döyüşçü kiçik leytenant Xiroo Onoda 92 yaşında vəfat etmişdir.

Xiroo Onoda 1922-ci ildə anadan olmuşdur. 1942-ci ildə ordu sıralarına çağırılmış və piyada alayında sıravi əsgər kimi xidmət etmiş, sonra kəşfiyyat zabitləri hazırlayan Naqano hərbi məktəbinə daxil olmuşdur. 1944-cü ildə Xiroo Onoda diversiya əməliyyatları keçirmək üçün kiçik xüsusi dəstə ilə Filippinin Lubanq adasına göndərilir. Yola düşərkən komandiri Onodaya əmr verir ki, “bir əsgər belə sağ qalmış olsa, mübarizəni davam etdirin”.

1945-ci ildə Yaponiya danışıqsız təslimolma aktını imzalayır, Onoda müharibənin başa çatması haqqında vərəqələri dəfələrlə görsə də inanmır və hesab edir ki, bunlar düşmən tərəfindən yayılan dezinformasiyadır. Buna görə də o, illər uzunu partizan mübarizəsini davam etdirir, ABŞ-ın və Filippinin hərbi obyektlərinə, polis məntəqələrinə, ərzaq anbarlarına hücum edir.

1974-cü ildə gənc bir səyyah təsadüfən meşədə Onodaya rast gəlir və onun hələ də döyüş əmrini yerinə yetirdiyini öyrənir. Gənc səyyah müharibənin sona çatdığını bildirərək Onodanı dilə tutur ki, Yaponiyaya qayıtsın. Onoda komandirinin əmri olmadan diversiya əməliyyatlarını dayandırmayacağını bildirir. Bundan sonra Yaponiya hökuməti Onodanın komandiri olmuş Yesimi Taniqutini xarici ölkələrin birindən tapır və onu xüsusi tapşırıqla Lubanq adasına göndərir. Taniquti Yaponiya imperator ordusunun müharibə dövründəki köhnə geyim formasını geyinərək meşəyə gəlir və Xiroo Onodaya diversiya əməliyyatlarını dayandırmağı əmr edir. Yaponiyanın xahişi ilə Filippin hakimiyyəti Onodanı əfv edir və Yaponiyaya qayıtmasına icazə verir.

Ömrünün son illərində Braziliyada rançoda yaşayan Onoda orada ictimai təşkilat yaradaraq təbiəti dərk etmək yolu ilə gənc nəslin sosiallaşması istiqamətində fəaliyyət göstərmişdir.

Keçmiş döyüşçü İkinci Dünya müharibəsinə həsr olunmuş bir neçə kitabın müəllifi idi. Onun ən məşhur kitabı “Təslim olmamaq: mənim 30 illik müharibəm” adlanır.

 

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında