Bazar günü Sərhəd Qoşunlarının Lənkəran şəhərində yerləşən dəstəsində orduya sonuncu çağırış əsgərlərinin təlim-tədris hazırlığından sonra təntənəli andiçmə mərasimi oldu. Son illər ölkəmizdə yaranmış ənənəyə uyğun olaraq, əsgərlərin valideynləri, ictimaiyyət nümayəndələri, media təmsilçiləri də sərhədçi gənclərin Vətənə sədaqət andı içmələrinin şahidləri oldular.
Səhər tezdən hərbi hissənin zabitləri qonaqları qarşılayıb əsgərlərin sıraya düzüldüyü meydanın yaxınlığına gətirdilər. Mərasim iştirakçıları hərbi hissənin görkəmli yerində ümumilli lider Heydər Əliyevə qoyulmuş abidəni ziyarət etdilər, önünə əklil və çiçək dəstələri qoydular.
Səsgücləndiricilərin ətrafa yaydığı hərbi marşların, vətənpərvərlik mahnılarının sədaları hamıda xoş ovqat yaradır, hərbi hissədə bayramsayağı təntənəni artırırdı. Yaxın-uzaqlardan gəlmiş ata-analar, bacı-qardaşlar doğmalarının həyatında unudulmaz bir gün olan andiçmə mərasiminin bir-birini əvəz edən epizodlarından duyğulanmışdılar. Qərargah rəisi polkovnik-leytenant Zaur Zeynalovun komandası ilə Dövlət Bayrağı meydana gətirildi. Hərbi hissənin komandiri polkovnik-leytenant Elşən Mirzəyev şəxsi heyəti salamladı, andiçmə mərasimini açıq elan etdi. Dövlət himni səsləndi. Hərbi hissə komandiri təlim-tədris mərkəzinin rəisi mayor Sənan Məmmədova yeni çağırılmış əsgərlərin hərbi anda gətirilməsi barədə əmr verdi.
Mövcud qaydaya uyğun olaraq, tağımlara düzülmüş gənclər Vətənə sədaqət andı içdilər, dövlət bayrağını öpüb gözləri üstə qaldırdılar.
Polkovnik-leytenant Elşən Mirzəyev hərbi and içmiş əsgərləri təbrik edərək dedi:
- Bu gün hərbi hissəmizdə əlamətdar bir gündür - məhz bu gün xidmətə yeni başlayan əsgərlərimiz hərbi anda gətirildilər. Fərəhli haldır ki, valideynlər bu gün böyük qürur hissi ilə Azərbaycanın müxtəlif bölgələrindən uzaq məsafələr qət edərək övladlarının hərbi andiçmə mərasiminə gəlmişlər. Onlar Azərbaycan dövlətçiliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm amillərdən biri olan dövlət sərhədlərinin mühafizəsi kimi məsuliyyətli bir vəzifənin yerinə yetirilməsində övladlarına uğurlar diləyirlər.
Hərbi and hər bir hərbi qulluqçunu mübariz, mətin, cəsur, qorxmaz olmağa çağırır. Bu amala and içən hər bir əsgərin düşüncəsi bu duyğularla əhatələnməlidir. Eyni zamanda, hərbi and Azərbaycan xalqının tarixini, əcdadların keçdiyi döyüş yolunun tarixi mərhələlərini bir daha xatırladır.Əgər keçmişə qayıtsaq görərik ki, Azərbaycan xalqı dərin tarixi köklərə bağlı olmuş, hər bir zaman içdiyi anda sadiq qalmış, etibar, inam hissi ilə yaşamışdır. Verdiyi sözlərə əməl etmiş, öz qorxmazlığı, dönməzliyi ilə daim başqa xalqlardan fərqlənmiş və bu baxımdan da azadlığı və suverenliyi uğrunda mübarizə aparmışdır.
Bu gün Sərhəd Qoşunları dövlət sərhədlərinin etibarlı mühafizəsini təşkil etməyə qadir olan bir quruma çevrilmişdir. Bütün bunlar ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin sərhədlərinin mühafizəsinə və sərhədçilərə göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olmuşdur.
Yüksək dövlət qayğısı sərhədlərin toxunulmazlığının təmin edilməsinə, o cümlədən beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya , narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizədə imkanlarımızın genişləndirilməsinə,beynəlxalq sərhəd əməkdaşlığının inkişafına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılmasına, hərbi qulluqçuların maddi, sosial, hüquqi təminatının yaxşılaşdırılmasına çox böyük təsir edir.
Mərasimdə yeni and içmiş əsgərlər adından çıxış edən gənclər qürur və məsuliyyətlərini dilə gətirdilər, həyatlarının sonunadək bu anda sadiq qalacaqlarına, hərbi xidməti nümunəvi qaydada başa vuracaqlarına söz verdilər. Valideynlər adından çıxış edənlər isə övladlarının Vətənə xidmət andı içməsindən iftixar duyduqlarını bildirdilər, onlara sərhədlərimizi göz bəbəyi kimi, doğma ana kimi qorumağı tövsiyə etdilər.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanının təbrik telefonoqramı oxunduqdan sonra şəxsi heyət tribunanın qarşısından nizami addımlarla ötüb keçdi.
Andiçmə mərasimi başa çatdıqdan sonra valideynlərlə əsgərlərin görüşü keçirildi,çal-çağır oldu.
Hərbi hissə komandirlərinin şəxsi heyətlə iş üzrə müavini polkovnik Cabir Nəcəfovla birlikdə əsgərlərin, valideynlərin təəssüratları ilə tanış olduq. Əsgərlər təlim-tədris prosesində sərhədçi üçün zəruri olan biliklərə, vərdişlərə yiyələndiklərindən, komandirlərin və təlimçilərin onlarla tələbkar və qayğıkeş münasibətdə olduqlarından danışdılar. Valideynlərin iştirakı ilə əsgərlərin xidmət şəraiti barədə açıq söhbət aparıldı. Övladlarının hər şeydən razılığı, yüksək xidmət əhval-ruhiyyəsi ata-analarda arxayınçılıq, məmnunluq yaratdı.
Cabir Nəcəfov bildirdi ki, əsgərlərin yüksək fiziki hazırlığı ilə yanaşı, sağlam mənəvi-əxlaqi keyfiyyətləri, vətənpərvərlik təbriyəsi də diqqət mərkəzindədir. Ata-analar arxayın ola bilərlər ki, oğulları evlərinə əsl kişilik, qeyrət məktəbi keçmiş, sonrakı həyatları üçün ciddi təcrübə toplamış gənclər kimi qayıdacaqlar. Bu gün ordumuz ölkəmizin etibarlı keşikçisi olmaqla yanaşı, həm də ərlik, mətinlik universitetidir.
Nəhayət, bu həyacanlı və şərəfli mərasimin iştirakçısı olmaqdan əlavə, həm də yeni and içmiş gənclərdən birinin atası kimi mən də həmin gün ürəkdən sevindim, öyünc hissi keçirdim. Oğlum mənim üçün Azərbaycan əsgəri kimi yenidən doğuldu. Azərbaycan həm də oğlum qədər doğmalaşdı. Oğlum isə özü boyda vətənləşdi. Vətən əmanəti, vətənləşmiş oğullar!
{nl}
Tahir AYDINOĞLU, "Xalq qəzeti"
Lənkəran-Bakı
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.