Səbail 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəlik ilk hesabatını vermişdir

 

Bakı Biznes Mərkəzində Səbail rayonunun mərkəz ərazilərini əhatə edən 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ilk hesabat yığıncağı keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin  fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq  2012-ci ilin sonunda yaradılmış bu nümayəndəlik ötən ilin əvvəlindən tam  fəaliyyətə başlamışdır.

Toplantıda 2013-cü il ərzində rayonun mərkəz hissəsində həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr   müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Hesabat məruzəsi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Həsənli bildirmişdir ki, nümayəndəliyin fəaliyyətə başlaması ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti “Şəhidlər Xiyabanı” Kompleksinin ərazisində inşa edilmiş inzibati binada nümayəndəlik üçün xüsusi yer ayırmış, bura hər cür avadanlıq və ləvazimatla təchiz olunmuşdur.

2013-cü ildə nümayəndəliyin ərazisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrının, Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun, “Alov qüllələri” Kompleksindəki “Fairmont Baku” otelinin, Neftçilər prospektində ikimərtəbəli yeraltı avtomobil dayanacağının, Xalça Muzeyinin yeni binasının, əsaslı təmirdən sonra “Qız qalası”nın və Səbail Rayon İcra Hakimiyyəti binasının açılış mərasimləri keçirilmişdir. Ötən il “Fəvvarələr meydanı”nda  260 avtomobil yerlik yerüstü qaraj istifadəyə verilmişdir. 1 saylı şəhər poliklinikasında,  7 saylı orta məktəbdə, 44 saylı uşaq bağçasında əsaslı təmir-yenidənqurma işləri başa çatdırılmışdır. 190 saylı orta məktəbin  iclas və idman zalları  əsaslı təmir olunmuşdur.

Səbail RİH “Şəhidlər Xiyabanı” kompleksində 20 Yanvar Cəmiyyətinə və Vətən Müharibəsi Veteranları Birliyi  rayon təşkilatına qərargah, xiyabana xidmət göstərən təsərrüfat işçilərinə inzibati bina tikdirmişdir. Hazırda  “Alov qüllələri” kompleksinin və  “Cənub” mehmanxanasının  tikintisi, 10 çoxmərtəbəli yaşayış binasının   üzlənməsi, stadionun və 2 saylı şəhər poliklinikasının əsaslı təmiri aparılır.

Ötən il nümayəndəlikdə ev təsərrüfatının uçotu kitabları tərtib olunmuş,  yaşayış binaları və fərdi evlərin sayı, texniki vəziyyəti, sakinlər barədə ətraflı məlumat toplanmışdır. Bundan əlavə, idarə və təşkilarlarla tanışlıq işləri aparılmış, müxtəlif tədbirlər keçirilmişdir.

Yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham  Əliyevin Bakı şəhərinin hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması üçün  görüləcək  işlərdən danışmışdır. Başçı daha sonra qeyd etmişdir ki, ölkə Prezidentinin tapşırıqlarına əsasən, şəhərin mərkəzini əhatə edən 1 saylı nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir. Paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir.

Yığıncağın sonunda sakinlər təklif və mülahizələrini bildirmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

R.TAHİR,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında