Artıq tarixə çevrilmiş 2013-cü ildə Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə bu qədim diyar haqqında bir neçə kitab işıq üzü görmüşdür. Bunlar Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu tərəfindən hazırlanmış “Masallı folklor örnəkləri-I”, “Masallı” ensiklopedik toplusu, eləcə də F.Xələfli və N.Ədiloğlunun “Masallı-cənnət misallı”, F.Sadıqovun “Masallı folkloru” və digər əsərlərdir.
Cənub bölgəsinin gözəl məskəni Masallı zəngin folklor örnəklərilə tanınır. Elə Masallı toponiminin bir yozumu da folklor nümunələri olan misallarla bağlıdır. Yəni “məsəlli-misallı” diyar, sözlü-söhbətli məmləkət, “məsəl çəkənlər”in bol olduğu yurd yeri. Müxtəlif zamanlarda burada yaşayan insanlar şifahi xalq yaradıcılığının nümunələrini yaradıblar.
Yarım əsrdən artıq bir müddətdə dünyanı dolaşan “Halay” folklor qrupunun heyranedici çıxışlarını kim görməyib ki?.. Beynəlxalq “Qızıl buta” və “Qızıl balta” mükafatlarını alan, haqqında hələ sovet dönəmində Moskva televiziyasının film çəkdiyi “Halay” bir növ Azərbaycan incəsənətinin qədimlik, ilkinlik mücəssəməsinə çevrilib. İki il öncə Masallının “Azərbaycanın Folklor Paytaxtı” seçilməsinə haqq verən əsas amillərdən biri də, heç şübhəsiz, “Halay”la bağlıdır.
“Masallı folklor örnəkləri-I” adlı sanballı kitabdakı zəngin materialları toplayıb tərtib edən filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayat, nəşrin redaktoru isə Folklor İnstitutunun direktoru Muxtar İmanovdur. Kitab ərsəyə gələnə qədər dağlara, kəndlərə və obalara elmi ekspedisiyalar təşkil olunub, yerli ziyalılar da ağız ədəbiyyatının toplanmasında fəallıq göstərib, alimlərə yardımçı olublar. Dörd yüz on səkkiz səhifəlik kitab “Tarixini folklorunda, sözünü tarixində yaşadan diyar” adlanan əhatəli ön sözdən, “İnanclar”, “Dini rəvayətlər”, “Dini nəsihətlər”, “Mənkabələr”, “Əfsanələr”, “Məzəli və qəribə əhvalatlar”, “Yaxın keçmişlə bağlı əhvalatlar”, “Laylalar və oxşamalar”, “Bayatılar”, “Ağılar”, “Adət-ənənə”, “Toy adət-ənənələri”, “Halay” və “Xalq sənətləri” adlı bölmələrdən ibarətdir. İbrətamiz rəvayət və nəsihətlər, əsasən, məkan adları ilə bağlı əfsanələr, düşündürücü lətifə xarakterli əhvalatlar maraqla oxunur. Yəqin ki, çoxları “Ay lolo” sözləri ilə başlanan nəğmələri dinləyib. Amma heç də hamı bilmir ki, “lolo” yüyrük, beşik deməkdir. Kitabı oxuyanlar bunu da öyrənirlər. “Halay” isə toplu, yığıncaq, dairə mənasını verir.
“Masallı” ensiklopedik toplusu isə ötən il keçirilən ənənəvi folklor festivalı ərəfəsində işıq üzü görərək tədbirə əlavə rəng qatdı. İkinci festival ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmişdi və o da öz möhtəşəmliyi ilə yadda qaldı. Beş gün ərzində sərgilənən tədbirlər unudulmaz təsir bağışladı və öncəki festivalda qazanılan uğurun təsadüfi olmadığını bir daha göstərdi.
Toplu ən müasir poliqrafik formada, yüksək zövqlə hazırlanıb. Kitab Azərbaycan və ingilis dillərində yazılıb. Rayon icra hakimiyyətinin rəhbərliyi kitabın çapına hər cür köməklik göstərib. Mübaliğəsiz demək olar ki, bu toplu Masallı üçün, qəlbi yurd sevgisi ilə vuran hər bir ziyalı üçün qürur və iftixar aynası, müsafirlər üçün əvəzsiz töhfədir. Topluya onun CD disk variantı da əlavə edilib.
Yüzlərlə gözəl foto, slaydla müşayiət olunan ayr-ayrı bölmələrdə Masallının tarixi, təbiəti, sərvətləri, ekologiyası, mədəni ənənələri, turizm obyektləri, sosial-iqtisadi inkişaf dinamikası geniş əksini tapıb. Səhifələr zərif haşiyələrlə, müşayiət yönümlü yarımbaşlıqlarla bəzədilərək daha da cəlbedici və baxımlı olub. Nəfis toplu 166 səhifədən və 21 bölmədən ibarətdir.
Xatırladaq ki, Masallıda kitab çap etdirmək kimi nəcib təşəbbüsün ilk “qaranquş”u hələ 2011-ci ildə yerli qələm sahiblərinin ədəbi nümunələrinin toplandığı “Masallının söz çələngi” toplusu olub. Həmin topluda 106 yazarın yaradıcılığına müraciət edilib, maraqlı şeir və hekayələr cəmlənib. Sonra professor Fərahim Sadıqovun “Masallı folkloru” - I kitab həyata vəsiqə alıb.
Müəllifin eyni adlı ikinci kitabı isə qısa vaxtda Masallıda təqdim olunan sayca 7-ci nəşr kimi dəyərlidir. İcra hakimiyyəti rəhbərliyinin dəstəyi ilə çap olunan bu kitabda Masallı folkloru elmi-pedaqoji, ekoloji cəhətdən təhlil edilir, etnopedaqoji baxımdan şərh olunur. Tanınmış folklorşünasların rəyləri kitabın sanbalından soraq verir.
Fərahim Xələfli və Nurəddin Ədiloğlunun araya-ərsəyə gətirdiyi “Masallı-cənnət misallı” kitabı da müəlliflərin böyük nailiyyəti sayıla bilər. Müəlliflərin birinin tanınan alim, digərinin isə istedadlı yazıçı-publisist olması yurd sevgisindən rişələnmiş kitabın daha da oxunaqlı alınmasını təmin edib. Yeri gəlmişkən, Nurəddin Ədiloğlu ilə BDU-nun jurnalistika fakültəsində birgə oxuduğum və bədii yazılarına yaxından bələd olduğum üçün onun ilhamına və qələminin gücünə inamım var. Yazıçı dostumun özünəməxsus dəst-xətti bu kitabdakı yazılardan da aydın sezilir.
Kitaba Masallının keçmişi və bugünündən bəhs edən etnoqrafik, bəzən də essevari oçerklər, məqalələr daxil edilib. Polemik düşüncələr maraqlıdır. Oxucular bu kitab vasitəsilə Masallının təbiəti, onun mədəni həyatı, elm və mədəniyyət adamları, milli qəhrəmanları, adətləri, mətbəxi barədə məlumatlarla tanış olaraq fərəh hissi keçirə bilərlər.
Onu da əlavə edək ki, rayon rəhbərliyinin təşəbbüsü ilə yaradılmış “Masallılar.az” adlı internet saytı da bu gözəl diyarla bağlı məlumatlarla zəngindir və sosial şəbəkələrdə layiqli yerini tutub. “Masallı-cənnət misallı” kitabının son səhifəsində isə qeyd olunur ki, Masallı haqqında maraqlı yazılar bu silsilədən nəşrə hazırlanan növbəti kitaba da daxil ediləcək.
Nəcib təşəbbüslər hər zaman fərəh yaradır.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.