Açıq havada açıq söhbət

 

 

 

 

Yerlərdəki səyyar qəbullar problemlərin həllinə kömək edir

Qışın, necə deyərlər, oğlan çağı olmasına baxmayaraq, əsl yaz havasıdır. – Adətən, belə günlərdə görüşlərimiz açıq havada keçirilir.Yəqin ki, bu dəfə də belə olacaq, – deyə rayon icra hakimiyyəti aparatının ərazi idarəetmə və yerli idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Əliyev yolboyu rayon icra hakimiyyəti başçısının kənd və qəsəbələrdə keçirilən səyyar görüşlərindən danışır.

...Yolumuz Cəfərli kəndinədir. Bu, o kənddir ki, 90-cı illərin əvvəllərində erməni işğalçıları tərəfindən hücuma məruz qalmışdı, neçə-neçə ev yandırılmışdı, adamlar əsir götürülmüşdü, mal-qara aparılmışdı. Amma bütün bunlara baxmayaraq, kənd camaatının məğrurluğu Cəfərlinin bu gün də mənfur qonşularının əhatəsində yaşamasının qarşısını ala bilməmişdir. Əksinə, son illər kənd sakinlərinin həyat tərzinin daha da yaxşılaşdırılması üçün çox iş görülmüşdür. Əhalinin sayı 1400 nəfərə çatan kənddə elektrik enerjisi, təbii qaz, su, nəqliyyat problemləri həll edilib. Çoxlu evlər tikilib, müasir həkim məntəqəsi inşa olunub...Qonşu erməni kəndlərindən çıxan tüstü açıq-aşkar görünür. Hiss olunur ki, pis vəziyyətdə, acınacaqlı şəkildə yaşayırlar.

...Bir azdan elə açıq havada, bir neçə ay qabaq istifadəyə verilmiş, hər cür şəraiti olan həkim məntəqəsi binasının qarşısında görüş başlanır. Hiss olunur ki, kənd camaatı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərova hörmətlə yanaşır, ona öz dərd-sərlərini, kəndin problemlərini çəkinmədən, açıq ürəklə danışırlar.

Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Barat Vəliyev çıxışında qeyd edir ki, kəndin 200 ildən çox yaşı var. Burada bir klub, iki kitabxana, bir poçt şöbəsi, iki məktəb, uşaq bağçası, ATS fəaliyyət göstərir. Camaat əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.

Son iki ildə suvarma arxları beton üzlüyə alınıb, içməli və suvarma xətlərinin böyük bir hissəsi dəyişdirilib, kənddaxili yollara qum-çınqıl döşənib, poçt binası tikilib, ATS təmir olunub. Təbi ki, problemlər də var və onlar da əlaqədar təşkilatların, ilk növbədə rayon icra hakimiyyətinin köməyilə həll olunur.

Kənd sakinləri bir-bir söz alır, görülən işlərdən, həlli vacib problemlərdən söz salırlar. Maraqlı, həm də diqqətçəkən məqamlardan biri budur ki, adamlar daha çox öz şəxsi problemlərini deyil, kəndin bugünündən, sabahından danışır, təkliflər irəli sürürlər.

Sabir Vəliyev, kənd ağsaqqalı: – Rayon icra hakimiyyətinin başçısının çox qısa müddət ərzində bir neçə dəfə bizim kəndə gəlməsi, dərd-sərimizlə, gün-güzəranımızla maraqlanması bizi çox sevindirir. Kəndarası yollar düzəldilir, arxlar qaydaya salınır, qazımız, işığımız, suyumuz var. Bütün bunlara görə dövlət başçımız cənab İlham Əliyevə minnətdarıq. Bizi rayon mərkəzilə birləşdirən yolumuz da tikilsə, heç bir dərdimiz olmaz.

Ayaz Əsgərov, rayon icra hakimiyyətinin başçısı: – Plana salınınb və yaxın vaxtlarda bu yolun da çəkilişinə başlanacaq. Nəzərə alın ki, son iki ildə təkcə Qazaxda 100 kilometrə yaxın təzə yol çəkilib.Cəsarətlə deyə bilərik ki, heç bütün Ermənistan üzrə bu qədər yol çəkilməyib. Qazaxda yalnız sizin kəndi və Kosalar kəndini rayon mərkəzilə birləşdirən yol qalıb.

Fazil Almazov, kənd məktəbinin direktoru: – Ayaz müəllim, ölkə rəhbərliyinin köməyilə Qazaxda, o cümlədən bizim kənddə görülən işlər göz qabağındadır. Bax, o tüstüsü qalxan erməni kəndlərində adam qalmayıb, hamısı bir-bir evlərini tərk edirlər. Amma bizə elə şərait yaratmısınız ki, adam sözlə ifadə edə bilmir. Yeganə xahişim 42 il qabaq tikilmiş məktəb binamızın əsaslı təmir olunması ilə əlaqədardır. Yəqin ki, unutmamısınız...

Ayaz Əsgərov: – Yadınızda saxlayın ki, hər bir kəndin, hər bir qəsəbənin, hətta hər bir ailənin problemlərini bilirik və onların həlli istiqamətində işlər aparırıq. Son 10 ildə Qazaxda 30 yeni məktəb binası tikilib. Təkcə son iki ildə isə 10 məktəb binası istifadəyə verilib, neçə-neçə tədris ocağı əsaslı təmir olunub. Bütün bunlar ölkəmizin qüdrətindən xəbər verir. Cənab Prezidentimizin diqqət və qayğısı, Mehriban xanım Əliyevanın köməyi olmasaydı, biz bu işləri görə bilməzdik.

Alı Alıyev, kənd sakini: – Düzü indi fikirləşirəm ki, hansı problemi sizin qarşınızda qaldırım. Tapa bilmirəm. Əksəriyyəti həll olunub. Qalanlar da görürəm ki, həll olunur. Axı nə deyim?!. Yalnız sağ olun, yenə sağ olun.

...Səyyar görüşün sonunda Ayaz Əsgərov üzünü ətrafına toplaşanlara tutub dönə-dönə soruşdu:-Ayrı kimin nə sözü, arzusu, təklifi var?..

Beləcə, daha bir görüş başa çatdı. Açıq havada açıq söhbət getdi...

...Qeyd edək ki, yenicə yola salınan 2013-cü il qazaxlılar üçün çox əlamətdar və yaddaqalan olub. Heydər Əliyev Mərkəzində əsaslı təmir və Heydər Əliyev parkının böyük bir hissəsində yenidənqurma işləri aparılıb. YAP Qazax rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib. Parklar, xiyabanlar yenidən qurulub. “Fəxri qazaxlılar” parkı öz görkəmini tamamilə dəyişib. Yaşayış və inzibati binaların fasadları milli memarlıq üslubunda işlənilib, yaşıllıqlar salınıb, dam örtükləri dəyişdirilib...

Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qazax Rayon İcra Hakimiyyətinə 8,9 milton manat vəsait ayrılmışdır. Uzunluğu 27 kilometr olan , 26 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini rayon mərkəzilə birləşdirən strateji əhəmiyyətə malik bu yolun yenidənqurma işlərinə başlanılmış və artıq yolun 25 kilometr hissəsində tikinti işləri başa çatdırılmışdır.

İllik gücü 1 milyon ton olan Qazax sement zavodunun ikinci hissəsi tikilib istifadəyə verilmişdir. Qeyd edək ki, bu və yuxarıda adlarını çəkdiyimiz obyektlərin bir çoxunun açılış mərasimində ölkə Prezidenti iştirak etmişdir.

Ötən il yeni məktəb binaları istifadəyə verilmişdir. Çaylı, Daş Salahlı, Xanbağı, Xanlıqlar, Ürkməzli kəndlərində bütün tələblərə cavab verən yeni məktəb binaları şagirdləri öz qoynuna almışdır.

...Qazaxın ucqar bir kəndində keçirilən görüş bir daha göstərdi ki, adamlar onlara göstərilən diqqət və qayğıdan hədsiz ruhlanır, sabaha daha ümidlə baxırlar.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında