Əkinçilik mədəniyyətimizdə üzüm bitkisi
Üzüm giləmeyvələrin ən dadlısı, cana faydalısıdır. Zəngin qida tərkibli bu nemət gözə işıq, cana qüvvət gətirir. Ata-babadan üzümə meynə, kələsər, kaşan da deyiblər.
Qədimdən dünyanın əlverişli iqlim şəraitində üzüm bitkisinin inkişafı XX əsrdə zirvə nöqtəsinə çataraq, 7,6 milyon hektarı əhatə etmişdir. 1984-cü ildə respublikamızda 220 min hektar üzümlük sahələrindən 1,67 milyon ton məhsul istehsal olunmuşdur. Bunun 147 min tonu Naxçıvanda yetişdirilmişdir. Bərəkətli torpaq, bol Günəş, mütərəqqi becərmə üsulu üzümün canıdır. Tədqiqatlar göstərdi ki, Azərbaycanda torpaq və iqlim xüsusiyyətləri əksər ölkələrdən seçildiyinə görə hətta dəmyə torpaqlardan da bol üzüm məhsulu götürmək mümkündür. Dünyada mövcud olan 5000 üzüm sortundan 400-dən çoxu Vətənimizdə yetişir.
Onu da deyək ki, qədim ata-baba sortları qarşısında "gətirilmə" sortlar üstünlük təşkil edə bilmir. Şirvanşahı, mədrəsə, mələyi, əsgəri, Aldərə, nənaqırna, qızılı, ağadayı, gülabı, şəfeyi, nəxşabi, hüseyni, təbrizi, mərəndi, xəlili, nəbi, şanı, gavahəngi... kimi min illərin sınağından çıxmış, zərərverici və xəstəliklərə qarşı dözümlü sortların hər biri öz dad-tamı, yetişmə, saxlama müddəti, onlardan hasil olan ərzaqlarla fərqlənir. Üzümə təkcə şərab materialı kimi baxmaq düzgün deyil. Oduncağı yanacaq, yaşıl budama vaxtı pöhrə və yarpaqları mal-qaraya yemdir, yarpaqlarından təzə və qışa saxlanmış halda dadlı dolma, qoralarından sirkə və abqora, yetişdikdə isə doşab, şirə, cem, mürəbbə, kişmiş, mövüc hazırlanır. Üzüm çiçəkləyəndə ondan behişt ətri gəlir. Müasir texnologiya, çoxtutumlu meyvə-tərəvəz ambarları istənilən məhsulu zay olmadan qorumaqla ilin hər fəslinə saxlaya bilər. Bəs ata-babadan milax asma üsulu necə?
Açığını deyim ki, Naxçıvan torpağı Cənubi Azərbaycana daha yaxın olduğundan xalqımızın əkinçilik mədəniyyətində mübadiləli üsullar çox gözəl mənimsənilmişdir. Culfanın Bənəniyar kəndində nənaqırna üzüm sortu var. Dünya üzümçüləri onu arna-qırna adlandırırlar. Bu sortu camaat göz bəbəyi kimi qoruyur. Payızda salxımların saplığına bir gilə üzüm taxmaqla milaxlar asılır, yazadək zirzəmilərdə təzə-tər qalır. İndinin özündə də fərdi həyətyanı sahələrdə 150-200 yaşlı nənaqırna bağları vardır.
Şahbuzun Keçilik kəndində yaşayan Musa müəllimə Bənəniyarlı dostlarından biri üzüm payı göndəribmiş. Musa müəllim deyir ki, qutunu açdım, salxımı qaldıranda gözlərimə inanmadım. Əl tərəzisində çəkdim, bir salxım 8 kiloqram gəldi. Gilələr, az qala, ərik boyda idi.
Bənəniyarda üzüm arxları elə dərin qazılır ki, atlı girsə kənardan papağı ancaq görünər. Eni də 4-5 metr. İldə 1-2 dəfə su verərlər. Üstəlik də qar-yağışdan hopan ehtiyat sular. Naxçıvanın sərt qış şaxtası bu yerlərdə payız vaxtı tənəkləri bürmələyib basdırmağı tələb edir, yoxsa bəzən 40 dərəcəyə çatan şaxta meynələri kökündən qurudar.
Nənaqırnada, Bənənuarda, qonşu Göydərə, Saltaq, Xanağa kəndlərində xüsusi üsulla qurudulan mövücün sorağı Təbrizdən, Marağadan, Tehrandan, Bakıdan, Gəncədən gələrdi. Maraqlı burasıdır ki, qarağan kolunun ocaqda yandırılmasından əldə olunan "qəlyə" daşla (potaş) mis qazanlarda, tiyanlarda pörtlədilib çıxarılaraq qurumağa sərilmiş məhsula arı-milçək deyilən heç bir həşarat yaxın düşə bilmir. Özü də payızda tədarük edilən mövuc əsasən Novruzda bazarlara çıxarılır. Yadımdıdar, uşaq idik. Gözümüzün qabağında ağsaqqal babalar, qocalar Novruzda görüşüb bayramlaşanda hərə cibindən bir ovuc mövüc çıxararaq bir-birinə pay verərdi. Üzüm doşabından inək yağı ilə yazlıq buğda ununun xəşili ayrı dad-tamda olarda. Doşabın başqa bir xüsusiyyəti də var. Soyuqlamış, ödü şişib qara ciyərə yük olmuş adama səhər-səhər acqarına doşab içirdərlər.
Hazırda müstəqil məmləkətimizdə verilən torpaq payında hər kəs ürəyincə istədiyini əkir, əkdiyini biçir, biçdiyini döyür, döydüyünü ağız şirinliyi ilə yeyir.
Kənd təsərrüfatında, neft sənayesində misilsiz belə uğurları görən Aqanbekyanlar, Şahnazyanlar, Balayanlar, Sitaryanlar bədnam Mixail Qorbaçova bu yurda yürüş təşkilini diktə etdilər. Ulu öndər Heydər Əliyevin qayıdışı olmasaydı, bu yerləri döyüş poliqonuna çevirmək niyyətində idilər.
Xainlik, təcavüz, hərbi müdaxilə edilməsəydi, məmləkətimizin üzüm məhsuluna nə kəmiyyətdə, nə də keyfiyyətdə çatan olmazdı. Atalar sözüdü: Su gələn arxa bir də gələr. Barlı, varlı olan bu torpaqlarda üzümçülük yenidən dirçəldilir. Süfrə sortlarına daha çox üstünlük verilir. Qədim Naxçıvan torpağında Azərbaycan MEA Naxçıvan bölməsinin Bioresurslar İnstitutu, Naxçıvan Dövlət Universiteti ulu diyarda itib-batmaqda olan qədim sortların bərpası, tinglik təsərrüfatı ilə yaxından məşğul olur.
Muxtar Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik təsərrüfatlarında genefondun digər növləri ilə yanaşı, nadir üzüm sortları da artırılıb yayılır. Bu sətirlərin müəllifi kimi öz sahəmdən ağ, sarı, qara və qırmızı kişmişlər, aldərə, nəxşabı, şəfeyi, şanı, gülabı, mələyi, qızılı, əsgəri, inəkəmcəyi kimi qiymətli üzümlərdən dolu qabları evə daşıdıqca torpağın səxavəti qarşında baş əyirəm. İstər-istəməz el deyimləri yaddaşda təzələnir: Acdın yıxıl torpağa, doyuracaq səni. Torpaq deyər: döy məni, doyurum səni, öldür məni, dirildim səni, əz məni, əziziliyim səni. Sən mənə tər ver, mən sənə zər verim. Torpaqda izin olsun, süfrədə üzün olsun. Əkəndə cızma-qara etsən, haqqına toyuq dəni verərəm.
İndi torpaq özümüzündü, onu yaxşı becərək.
{nl}
Qaşdar ƏLİYEV, Əməkdar təbiəti mühafizə işçisi, aqronom fenoloq, akademik Həsən Əliyev adına Ekologiya Mükafatı laureatı
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.