Nizami Kino Mərkəzində bayram şənliyi

 

 

 

 

Nizami Kino Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənlikləri ilə əlaqədar bayram şənliyi keçirilmişdir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Adil İskəndərov adına Mədəniyət Sarayının yaradıcı kollektivi tərəfindən təşkil olunan bu möhtəşəm bayram şənliyi uşaqlar tərəfindən böyük sevinclə qarşılanmışdır.

Peşəkar aktyor və məzhəkəçilərlə yanaşı, mədəniyyət sarayının yaradıcı kollektivinin də yaxından iştirak etməsi bayram şənliyinə yüksək əhval- ruhiyyə qatmış, daha da rəngarəng etmişdir. Sarayın bədii rəhbəri, ssenari müəllifi Gülxanım Abbasova tərəfindən hazırlanan bayram tədbirində uşaqların sevimli at, dovşan, ayı, canavar və digər nağıl qəhrəmanları  ilə yanaşı, əlbəttə ki,  Şaxta baba və Qar qız da vardı.

Tədbir Şaxta baba və Qar qızın musiqi sədaları altında  səhnəyə at qoşulmuş kirşədə daxil olması ilə başladı. Uşaqlar bu mənzərəni təəccüblə izləsələr də sevimli Şaxta babanı və Qar qızı sürəkli alqışlarla qarşıladılar. Hər şey nağıllarda olduğu kimi idi. Küləyin vıyıltısı, at kişnərtisi, Şaxta babanın soyuqdan qızarmış burnu və üzü uşaqlarda əsl bayram əhval-ruhiyyəsi yaratdı.

Bu il ilk dəfə olaraq uşaqların cizgi filmlərindən yaxşı tanıdıqları Maşa və Ayı da bu şənlikdə iştirak edirdilər. Maşa  öz dəcəlliyindən əl çəkmədi. Lakin bu dəfə ayını deyil, Şaxta babanı öz əməlləriylə “bezdirməyə” çalışdı. O, babanın gah sehrli ağacını  gizlədir, gah da onun yerini uşaqlardan gizlətməyə çalışırdı. Məzhəkəçilər də cürbəcür oyunlar göstərib, uşaqları əyləndirirdilər. Maraqlı nömrələrdən biri də Qar qızın keçirdiyi mahnı müsabiqəsi oldu. Hiss olunurdu ki, tədbiri hazırlayanlar bu şənliyə ciddi hazırlaşıblar.

Uşaq mahnılarından “Yeni il”,  “Oynaq topum”, “Quzum”,  “Sağıcıdır mənim nənəm”,  “Bib-bib”,  “Bizim həyət”, “Sərçə” və ən nəhayət, “Kuklam”  mahnıları səsləndirilsə də, təəssüf ki, uşaqların bir çoxu bu mahnıların adlarını  tapa bilmədi. Bu da təbiidir. İllərdən bəri səsləndirilməyən bu mahnılar daha çox valideynlər tərəfindən razılıq və nostalji hisslərlə qarşılandı. Lakin sevindirici hal o idi ki,  təşkilatçılar bəstəkarların bütün dövrlərdə yaratdığı uşaq mahnılarını  yada salmaqla o mahnıların ölməzliyini bir daha uşaqlara aşılamağa çalışırdılar.

İki saatadək davam edən bayram şənliyi, yəqin ki, uzun müddət uşaqların hafizəsindən silinməyəcək. Çünki, bu bayram tədbirində hədiyyələrdən tutmuş bütün əyləncəli musiqi kompozisiyası və bədii tərtibata kimi hər şey möhtəşəm idi.

Rafiq SALMANOV,

 “Xalq qəzeti”

 (Fotolar müəllifindir)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında