Sədərək kənd 1 nömrəli tam orta məktəbinin yeni binasının açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov demişdir ki, aparılan quruculuq və abadlıq işləri Sədərək rayonunu abad yaşayış məntəqəsinə çevirmişdir. Rayonda digər sahələrlə yanaşı, təhsilin inkişafına da xüsusi diqqət yetirilir. Son illər Sədərək rayonunda 1 məktəb, 2 uşaq bağçası və şahmat məktəbi inşa edilmiş, aparılan abadlıq işləri sayəsində yaşayış məntəqələrinin siması tamamilə dəyişmişdir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, rayonda təhsil uğurları ilbəil artmaqdadır. Ötən tədris ilində rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 31-i ali məktəblərə qəbul olmuşdur. Həbib İbrahimov yaradılan şəraitə və göstərilən qayğıya görə rayon sakinləri adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Sədərək kənd 1 nömrəli tam orta məktəbin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Məktəb təhsil verməklə yanaşı, eyni zamanda gəncləri müstəqil həyata hazırlayan tərbiyə ocağıdır” fikrini xatırladaraq demişdir: “Gənclər təhsil almaqla yanaşı, müxtəlif peşələrə də yiyələnməli, gələcəkdə ölkəmizin inkişafında yaxından iştirak etməlidirlər. Bu mənada ümumtəhsil məktəblərinin üzərinə mühüm vəzifələr düşür”.
Ali Məclisin sədri daha sonra demişdir ki, ötən tədris ilində məktəbin məzunlarından 15-i ali məktəblərə,4-ü orta ixtisas məktəbinə, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmuşdur. Yaradılan şərait gələcəkdə qazanılan uğurların daha da artırılmasına imkan verəcəkdir. Ali Məclisin sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkürünü bildirmiş, onlara tədrisdə uğurlar arzulamışdır.
Sonra Ali Məclisin sədri Sədərək rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompyuter dəstləri hədiyyə etmişdir. Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur. 828 şagird yerlik məktəb binası 3 mərtəbədən ibarətdir. Binada 46 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 4 kompyuter otağı, 2 müəllimlər otağı, kitabxana, idman zalı və bufet vardır. Ümumtəhsil məktəblərində kitabxanalardan səmərəli istifadə vacib məsələdir. Məktəbin kitabxana fondunda 15 minə yaxın ədəbiyyat vardır.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin sədri Vasif Talıbov demişdir ki, Sədərək kənd 1 nömrəli tam orta məktəbində şagirdlərin hərtərəfli biliklərə yiyələnməsi üçün lazımi şərait yaradılıb. Kollektivin əsas vəzifəsi bu şəraitdən səmərəli istifadə etmək, bilikli və vətənpərvər gənclər yetişdirməkdir.
Müəllimlər yaradılan şəraitə görə minnətdarlıq edərək demişlər ki, pedaqoji kollektiv üzərlərinə düşən vəzifələri dərindən dərk edir, məktəbdə təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində səylə çalışırlar.
Məktəbin həyətində abadlıq işləri aparılmış, işıqlandırma sistemi quraşdırılmış, futbol meydançası və açıq idman qurğuları istifadəyə verilmişdir.
* * *
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi, nazirliyin və onun struktur qurumlarının iş şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yeni bina inşa olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tikinti aparılan əraziyə və binanın layihəsinə baxmışdır.
Məlumat verilmişdir ki, binanın yerləşdiyi ərazi rayonun yaşayış məntəqələri istiqamətində şəxsi heyətin və avtomobillərin hərəkətinin təşkilinə uyğun seçilmişdir. Hazırda binanın özülü qazılmış və ilkin dəmir-beton işləri görülmüşdür. Ərazidə inzibati bina, yeraltı ehtiyat su hovuzu, texniki qaraj və təlim qülləsi tikiləcək, növbətçi yanğınsöndürmə xidmətinin fəaliyyətinin təmin olunması üçün hər cür şərait yaradılacaqdır.
Ali Məclisin sədri tikinti işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.