Yanvarın 1-də ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının şəhər və rayon mərkəzlərində də bayram şənlikləri keçirilmişdir.
Yeni ilin ilk günündə Naxçıvan şəhərinin əhalisi ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan prospektdəki mərkəzi meydanda keçirilən bayram şənliyinə toplaşmışdı. Vətənimizi, yeni ilin gəlişini tərənnüm edən mahnıların səslənməsi, yolka ətrafında Şaxta babanın, Qar qızın çıxışları, Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklərin göstərilməsi şənliyə gələnlərdə xoş ovqat yaratmışdır.
Mərkəzi meydanın bir hissəsində 50-dən artıq istehsal və xidmət müəssisəsi tərəfindən şəhər sakinlərinə ictimai-iaşə xidməti göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisınin sədri Vasif Talıbov bayram şənliyinin keçirildiyi mərkəzi meydana gəlmiş, bayram yolkası ətrafında toplaşmış uşaqların və şəhər sakinlərinin Yeni il bayramını təbrik etmişdir.
Ali Məclisin sədri ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanmış, uşaqlara hədiyyələr vermişdir. Yeni il şənliyi bayram günlərində davam etmişdir.
* * *
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı Naxçıvan Muxtar Respublikasında yüksək coşqunluq və bayram gəzintisi şəraitində qeyd edilmişdir. Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki mərkəzi meydanda bir neçə gün əvvəldən bayramların gəlişi münasibətilə yolka bəzədilmişdir. Dekabrın 31-də axşam saatlarından başlayaraq Naxçıvan şəhərinin əhalisi bayram əhval-ruhiyyəsi ilə meydana toplaşmışdı. Vətənimizi, həmrəyliyi, milli dəyərləri, Yeni ili tərənnüm edən mahnıların sədaları meydana toplaşan minlərlə sakinə xoş ovqat bəxş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda və digər iki yerdə quraşdırılan monitorlar vasitəsilə canlı yayımlanmışdır.
Gecə saatlarında - yeni ilin ilk nəfəsi duyulanda çoxminli şəhər sakinləri möhtəşəm bayram atəşfəşanlığını seyr etmişlər.
* * *
Bayram günlərində muxtar respublikada xüsusi diqqətə, qayğıya və şəfqətə ehtiyacı olan insanlar unudulmamış, onlara bayram sovqatları aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Psixi Xəstəliklər Dispanserinə gəlmiş, səhiyyə ocağındakı xəstələri və tibb işçilərini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir.
Sonra Ali Məclisin sədri Psixi Xəstəliklər Dispanserindəki xəstələrin səhhəti, onların müalicəsi və qidalanması ilə maraqlanmışdır.
Gətirilmiş hədiyyələr Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində və Onkoloji Mərkəzdə müalicə alan xəstələrə və burada çalışan tibb işçilərinə paylanmış, müxtəlif adda ərzaq məhsulları anbarlara təhvil verilmişdir.
* * *
Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Hərbi Hospitalına gəlmişdir. Ali Məclisin sədri hərbi qulluqçuların səhhəti, müalicəsi, dərman təchizatı və qidalanması ilə maraqlanmışdır.
Vasif Talıbov hospitalın ayrı-ayrı bölmələrində müalicə olunan hərbi qulluqçuların bayramlarını təbrik etmiş, onlara tezliklə sağalıb xidmət yerlərinə qayıtmalarını arzulamışdır.
Hospitalda müalicə alan əsgərlərə və tibb heyətinə bayram hədiyyələri paylanmış, gətirilmiş ərzaq məhsulları mətbəxə təhvil verilmişdir.
* * *
Dekabrın 31-də Naxçıvan şəhərindəki 1 nömrəli hərbi şəhərcikdə yeni Xidmət Kompleksi istifadəyə verilmişdir.
Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov hərbi qulluqçuları və tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir.
Ali Məclisin sədri hərbi qulluqçulara xidməti vəzifələrinin yerinə yetirilməsində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
* * *
Dekabrın 31-də Naxçıvan şəhərində istifadəyə verilmiş yeni yaşayış kompleksində 20 və daha artıq təqvim ili tamam olmuş və qüsursuz xidmət etmiş 16 hərbi qulluqçuya yeni mənzillər verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mənzillə təmin olunan hərbi qulluqçuları və onların ailələrini təbrik etmişdir. Ali Məclisin sədri hərbiçi ailələrini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir. Mayor Cahangir Şirinov və hərbiçi ailəsi adından Almaz Rəcəbli yeni mənzillərlə təmin olunmalarına görə minnətdarlıqlarını bildirmişlər. Sonra Ali Məclisin sədri mənzillərin orderlərini təqdim etmiş, yaradılan şəraitlə tanış olmuşdur.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.