Böyük Qələbənin qazanılmasında xızılılar da fərqlənmişlər

Ötən əsrin ən dəhşətli hadisəsi sayılan İkinci Dünya müharibəsində alman faşistləri ilə ölüm-dirim savaşında 700 minə yaxın soydaşımız iştirak etmiş, onlardan da yarısından çoxu qəhrəmancasına həlak olmuşdur. Bəşəriyyətin faşizm kabusundan xilas edilməsində misilsiz şücaət göstərən insanlar hər cür hörmətə və qayğıya layiqdirlər.
Alman faşistləri ilə amansız savaşda həlak olmuş soydaşlarımızın əziz xatirəsi hər il ehtiramla yad olunur, sağ qalmış keçmiş döyüşçülərə, eləcə də arxa cəbhədə böyük fədakarlıqla çalışmış şəxslərə qayğı və diqqət göstərilir. Elə ölkə Prezidenti cənab İlham Əliyevin son illər imzaladığı müvafiq sərəncamlar da faşizm üzərində tarixi qələbənin təmin olunmasında bu və ya digər şəkildə iştirak edən soydaşlarımıza göstərilən dövlət qayğısının parlaq təzahürüdür.
Faşizm üzərində Qələbənin 65-ci ildönümü dünyanın bir çox dövlətlərində, o cümlədən, bu möhtəşəm zəfərin qazanılmasına öz töhfəsini vermiş respublikamızda da təntənəli şəkildə qeyd olundu. Böyük Vətən müharibəsinin müqəddəratında və faşizm üzərində Qələbədə xalqımızın böyük xidmətləri danılmazdır. Bu döyüşün iştirakçıları sözün həqiqi mənasında qəhrəmanlıq salnaməsi yaratmış, qələbə qazanmışlar.
İkinci Dünya müharibəsində təkcə Xızı rayonunun kiçik bir kəndi olan Tudardan 72 nəfər azğın düşmənə qarşı döyüşlərdə iştirak etmiş, onlardan 41-i şəhidlik zirvəsinə yüksəlmişdir.
Yeri gəlmişkən, o illərlə bağlı bir məqamı da xatırlatmaq istərdim. Böyük Vətən müharibəsi başa çatanda mən 10 yaşın içindəydim. "Qara kağızların" sinələrə çalın-çarpaz dağ çəkməsinə baxmayaraq, qələbə müjdəsi bütün tudarlıları hədsiz sevindirmişdi. Kənd camaatı qələmlə təsviri mümkün olmayan bir dərəcədə fərəh hissi keçirirdi...
Müharibədən sonrakı illərdə həlak olanların xatirəsini əbədiləşdirmək üçün hər yerdə abidələr ucaldılır, onların adlarına məktəb, klub, kitabxana, küçələr verilirdi. Sözün əsl mənasında "heç kəs yaddan çıxmır, heç nə udulmur"du. Amma təəssüf ki, bu sözləri tudarlı şəhidlər haqqında demək olmazdı. Onları xatırladan, yad edən heç bir iş görülməmişdi. Bu, bəlkə də Bakıdan 90 kilometr uzaqda yerləşən Tudar camaatının şəhərə köç etməsi və kəndin boşalması ilə bağlı idi. Amma tudarlı şəhidlərin xatirəsinin əbədiləşdirilməməsini heç nə ilə əsaslandırmaq olmurdu.
Bu il mayın 9-da, Qələbə günündə neçə-neçə tudarlının arzusu nəhayət ki, reallaşdı. Böyük Vətən müharibəsində həlak olan 41 həmvətənimizin xatirəsini əbədiləşdirən abidənin açılış mərasimi keçirildi. Kəndin ən hündür yerində qəlbləri, ürəkləri riqqətə gətirən, həyəcanlandıran, üzərində qəhrəmanların adları həkk edilən abidə ucaldıldı. Açılış mərasimində yaxında-uzaqda yaşayan bütün tudarlılar iştirak edirdilər. Bəlkə də Tudar kəndi indiyədək belə izdiham görməmişdi.
Abidənin açılışı günündə şəhidlərin ruhuna dualar deyildi, yasin oxundu və kənd sakini Əlisəfa həkim tərəfindən ehsan verildi. Mərasim iştirakçıları belə yekdil qərara gəldilər ki, hər il mayın 9-da harada yaşamalarından asılı olmayaraq, abidə önünə toplaşmalı, qəhrəmanların xatirəsini yad etməlidirlər.
Abidənin ucaldılmasında Xızı Rayon İcra Hakimiyyətinin mənəvi dəstəyi, Əlisəfa və Xudaverdi Haqverdiyev qardaşlarının maliyyə köməkliyi, Hacı Mustafanın dəyərli məsləhətləri xüsusi qeyd edilməlidir.

{nl}

Mirzəbala CAHANGİROĞLU


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında