Dünya şöhrətli yazıçı və ictimai xadim, qırğız xalqının böyük oğlu, türkdilli xalqların iftixar etdiyi nəhəng söz ustası Çingiz Aytmatovun anadan olmasının 85 illiyi bu yaxınlarda Azərbaycanda da təntənə ilə qeyd olundu. Milli Dram Teatrında keçirilən yekun mərasimdə Qırğızıstandan gəlmiş numayəndə heyətinin tərkibində ölməz sənətkarın oğlu, Çingiz Aytmatovun yaratdığı məşhur İssıkgöl Beynəlxalq Forumunun prezidenti Askar Aytmatov da var idi.
Tədbirdən sonra Askar Çingiz oğlu ilə ayaqüstü müsahib olduq. Hörmətli qonağın Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə xalqımıza təbrikini oxucularımıza təqdim edirik:
—Bu günlərdə Azərbaycanı ikiqat təntənə içərisində gördüm. Həqiqətən, türkdilli xalqların doğma yazıçısı kimi tanınan Çingiz Aytmatovun yubileyinə əvvəllər olduğu kimi , bu dəfə də Azərbaycanda sənət bayramı kimi hazırlıq görülüb. Bu axşamkı təntənə bizi valeh etdi. Bir daha inandıq ki, azərbaycanlılar Çingiz Torequl oğlunu qırğızlar qədər sevirlər. Səhnədə səslənən ğırğız melodiyaları, nəğmələri, Aytmatovun əsərləri əsasında hazırlanmış səhnəciklər—Nayman ana ilə oğul Manqurtun dialoqu, “Ana tarlanı”nın qəhrəmanı Ananın monoloqu, yazıçı Anar bəyin təsirli çıxışı, alqışlar... Hər şey bu axşam Azərbaycanda Çingiz ağaya dərin bələdlikdən, sonsuz sevgidən xəbər verirdi, əfsanəvi bir ovqat yaradırdı. Bütün bunlara görə qardaş azərbaycanlılara dərin minnətdarlığımı bildirirəm.
Çingiz Aytmatovu Azərbaycanla sıx, mehriban əlaqələr birləşdirirdi. O, Səməd Vurğunun parlaq şəxsiyyətini yüksək qiymətləndirir, Rəsul Rzanın yaradıcılığından hörmətlə danışır, Bəxtiyar Vahabzadə, Anar, Şahmar Əkbərzadə, Hüseynbala Mirələmov, Hidayət Orucov və başqa ziyalılarla dostluq əlaqəsi saxlayırdı, dəfələrlə Azərbaycanda olmuşdu. Atam ümummilli lideriniz Heydər Əliyevi Türk dünyasının da lideri kimi qəbul edir, ona dərin ehtiram bəsləyirdi. Çingiz Aytmatov Heydər Əliyevin onun yaradıcılığına və şəxsiyyətinə verdiyi yüksək qiyməti böyük şərəf sayırdı. Prezident İlham Əliyevin yüksək statuslu “Dostluq” ordeni ilə ilk dəfə Çingiz Aytmatovu təbrik etməsi isə atamın zəngin bioqrafiyasının nadir hadisələrindəndir, layiq görüldüyü ən nüfuzlu təltiflərdəndir.
Çingiz Aytmatov Azərbaycanı çox sevirdi, onun Türk dünyasında birləşdirici rolunu xüsusi qiymətləndirirdi. O, söz düşəndə deyirdi ki, Azərbaycanda ümumtürk ruhu hər yerdən yüksəkdir. Bakıdan həmişə çox arzuladığı türk birliyinə və həmrəyliyinə dərin inam hissi ilə qayıdırdı. Sonuncu dəfə 2008-ci ilin yazında Azərbaycanda olanda Prezident İlham Əliyevlə görüşmüş, onun əlindən “Dostluq”ordenini almışdı. Bakıda çox maraqlı görüşlər keçirmişdi, təəssüratı çox yüksək idi. Deyirdi ki, payızda Bakıda keçiriləcək 80 illik yubileyinə dəvət alıb və mütləq azərbaycanlı dostlarla bir yerdə olacaq. Təəssüf ki, yubiley yaxınlaşanda qəfil ölüm onu hamımızdan ayırdı...
Yazıçının 85 illik yubileyinə dəvət alanda onun ruhunu sevindirmək, atamın Azərbaycan sevgisinə bir oğul kimi qovuşmaq üçün böyük məmnuniyyətlə Bakıya gəldim. Burada gördüklərim məni elə təsirləndirdi ki, dəfələrlə gözlərimdən sevinc yaşı axıb. Aytmatovun əksər əsərləri sizdə dəfələrlə nəşr olunub. Haqqında saysız-hesabsız yazılar var. Yubileyə ayrıca kitab buraxılıb.
Məndə belə bir qənaət yarandı ki, Çingiz Aytmatov və onun adı qardaş xalqlarımız arasında möhtəşəm bir körpü salıb. Biz bu körpünü daim gediş-gəlişli etməliyik.
Əvvəldə dedim ki, Bakıda ikiqat bayram əhvalı gördüm. Xalqınız Yeni ilin astanasında gözəl bir bayrama hazırlaşır. Dünyada yaşayan bütün azərbaycanlıların ilin son günündə millət bayramına toplaşması, həmrəylik nümayiş etdirməsi gözəl nümunədir. Fürsətdən istifadə edib dünyada yaşayan bütün azərbaycanlıları bu həmrəylik günü və yeni ilin gəlişi münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Qoy yeni il Azərbaycan xalqına yeni uğurlar, xoş günlər gətirsin. Azərbaycan ümumtürk birliyi yolunda göstərdyi səylərlə daha ucalara yüksəlsin!
Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.