Hər bir azərbaycanlının qəlbini nurlandıran gün

 

 

 

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  mənəvi birliyimizin rəmzinə çevrilmiş müqəddəs bir tarix kimi hər bir azərbaycanlının qəlbində yer almaqdadır.

Dünya azərbaycanlılarının həmrəyliyi təkcə  hiss və duyğuların təzahürü kimi  deyil, eyni zamanda, daha çox bugünkü reallıqlara əsaslanmış  milli-siyasi birlik,  azərbaycanlılar arasında həmrəyliyin daha da möhkəmlənməsi, xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının təminatı, bütün sahələrdə dövlət dəstəyinin təzahürü kimi özünü  göstərir. Azərbaycanın son illərdəki böyük uğurları isə bu təntənəni daha da möhkəm edir. Təqribən bir ay əvvəl keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı kimi mən bunlara şahidlik etdim.

Azərbaycanda son illər ərzində müxtəlif mövzularla bağlı mötəbər beynəlxalq tədbirlər, sammitlər, konfranslar keçirilir. Bakı bir növ beynəlxalq əməkdaşlığın mərkəzlərindən birinə çevrilmişdir. Bu il Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos Ümumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısı və artıq iki dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Bakı Beynəlxalq Humanitar Forumunun da bu sırada öz yerini tutan aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir hadisə kimi yadda qaldı.

Dünyanın müxtəlif ölkələrindən, daha dəqiq desək, 70 ölkədən 800-ə yaxın çoxsaylı nümayəndələrin—nüfuzlu ictimai-siyasi xadimlərin, sabiq dövlət başçılarının, Nobel mükafatı laureatlarının iştirak etdiyi bu tədbir Azərbaycanı daha yaxından tanımağa bir daha imkan yaratdı. Eyni zamanda, Azərbaycanda bu cür möhtəşəm bir tədbirin keçirilməsi bilavasitə ölkənin dünyada durmadan artan nüfuzunun təsdiqi idi.

Möhtərəm Prezident İlham Əliyev 31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində dünya azərbaycanlılarına təbrikində bildirir: “Uğurlarımızla bərabər, qeyd etməliyəm ki, qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası kimi taleyüklü vəzifə dayanır.

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə nail olmaq üçün qarşı tərəflə danışıqları davam etdiririk. Hesab edirəm ki, harada yaşamalarından asılı olmayaraq dünya azərbaycanlıları da bu işə öz dəstəklərini verməlidirlər." Biz azərbaycanlılar da bir məsələdən çox arxayınıq və  heç şübhə etmirik ki, Prezident İlham Əliyevin növbəti 5 ildə yenidən prezident seçilməsi və ölkəmizə rəhbərlik etməsi Azərbaycanın daha da qüdrətlənməsinə, güclənməsinə, eləcə də dünya birliyində daha da layiqli yer tutmasına geniş imkanlar açacaqdır.

Bu böyük bayram münasibətilə bütün həmvətənlərimizi və soydaşlarımızı səmimi qəlbdən təbrik edirəm.

 

 

Afiq BƏRDƏLİ,

Türkiyənin Egey Universitetinin professoru, molekulyar tibbi laboratoriyanın rəhbəri ,  III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında