Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilmişdir

 

Dekabrın 29-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilmişdir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda ulu öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkəmizin son illərdə sürətli sosial-iqtisadi inkişafı, demokratik hüquqi dövlət quruculuğu, xüsusilə məhkəmə-hüquq islahatları sahəsində qazanılmış nailiyyətlər qeyd edilmişdir.

Vurğulanmışdır ki, Azərbaycan Prezidentinin ədliyyə sisteminə yüksək diqqət və qayğısı nəticəsində işçilərin sosial müdafiəsi gücləndirilmiş, ölkəmizin ədliyyəsinin 95 illik yubileyi ərəfəsində bir qrup hakim və ədliyyə işçisi “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medallarına və fəxri adlara layiq bilinmişdir.

Tədbirdə təltif olunmuş şəxslərə ədliyyə naziri tərəfindən bu yüksək dövlət mükafatları təqdim edilmişdir.

Təltif olunmuş əməkdaşlar çıxış edərək, onlara göstərilən bu yüksək etimadı bundan sonra da doğruldacaqlarını söyləmiş, ölkə rəhbərinə dərin minnətdarlıqlarını ifadə etmişlər.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hazırlanmış illik məruzə müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, 2013-cü ildə inzibati nəzarət qaydasında yoxlanılmış bələdiyyə aktlarının sayı ötən illə müqayisədə artaraq 60000-ə çatmış, onlardan 2700-ə yaxın akt nazirliyin təklifləri əsasında dəyişdirilmiş və ya ləğv edilmişdir. Bələdiyyə aktlarının surətlərinin qanunvericiliyə uyğun olaraq vaxtında təqdim edilməməsinə görə 364 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə təqdim olunmuş, 25 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilmişdir. Eyni zamanda, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 3500 hektara yaxın torpaq sahəsinin geri qaytarılması təmin olunmuşdur. Məruzənin Milli Məclisə təqdim olunması barədə qərar qəbul olunmuşdur.

Tədbirdə, həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin gücləndirilməsi, mövcud nöqsan və çatışmazlıqların səbəblərinin təhlil olunub aradan qaldırılması, metodiki yardımın səviyyəsinin artırılması, regional ədliyyə şöbələrinin və bələdiyyələrin milli assosiasiyalarının imkanlarından səmərəli istifadə olunması üzrə və digər tapşırıqlar verilmişdir.

Eyni zamanda, kollegiya iclasında ədliyyə orqanlarının fəaliyyət istiqamətləri üzrə cari ilin ikinci yarım ili ərzində görülmüş işlərin nəticələri müzakirə olunmuş, növbəti il üçün əsas prioritetlər, o cümlədən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının, habelə Korrupsiyaya qarşı mübarizəyə və Açıq Hökumətin təşviqinə dair milli fəaliyyət planlarının icrası ilə bağlı strateji istiqamət və tədbirlər müəyyən edilmiş, icra və notariat xidmətlərinin müasirləşdirilməsi, məhkumların hüquqlarının daha etibarlı qorunması, ədliyyə orqanlarında kadr işinin təkmilləşdirilməsi, elektron xidmətlərin dairəsinin genişləndirilməsi, hüquqi maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı konkret göstərişlər verilmişdir.

Bununla yanaşı, əhaliyə göstərilən elektron xidmətlərin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların layihələri müzakirə olunaraq qəbul olunmuşdur.

İclasda bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında