İnsan əməlləri ilə ucalır

 

 

Maraqlı insandır. Böyük və mənalı ömür yolu keçib. Deyir ki, ömrünün böyük hissəsini ulu öndərin hakimiyyətdə olduğu illər təşkil edir. Bununla qürur hissi keçirdiyini xüsusi vurğulayır. “Ulu  öndər bizə müstəqil Azərbaycanı bəxş etdi, fəxr edirəm ki, mən belə bir gözəl ölkənin  vətəndaşıyam” -deyir Nizami Muradov.

O, Qubadlı rayonunun Cardaxlı kəndində anadan olub. Orta məktəbi 1959-cu ildə bitirdikdən sonra Bakıya gəlib.  Qaradağ Neft-Qazçıxarma İdarəsinin yeraltı təmir sexində operator köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. Eyni zamanda,  həmin ildə  Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olunub.  N.Muradov 1964-cü ildə hərbi qulluqdan qayıdandan sonra yenə adı həmin idarədə çalışıb. Bir il sonra ona etimad göstərilərək müəssisənin qarışıq mallar ticarəti sahəsində əmtəəşünas vəzifəsinə təyin edilib.  Bir müddət burada işlədikdən sonra  Qaradağ Rayon Partiya Komitəsində təlimatçı kimi irəli çəkilib.

1971-ci ildə Qaradağ rayonundakı  Korgöz qəsəbə sovetinin sədri seçilən Nizami müəllim bu vəzifədə olduğu dövrdə adı çəkilən yaşayış sahəsi dinamik inkişaf yolu keçib. Korgözün adı dəyişdirilərək,  Qızıldaş adlandırılıb və şəhər tipli qəsəbə statusu alıb. Burada genişmiqyaslı quruculuq, tikinti-abadlıq işlərinə başlanılıb, qəsəbənin təmizliyi, yaşıllaşdırılması diqqət mərkəzində saxlanılıb. On il ərzində qaz, su, işıq xətləri tamamilə təzələnib, dörd yarımstansiya, iki aptek, iki orta məktəb, bir texniki peşə məktəbi, stadion, iki tibb məntəqəsi, onlarla ticarət və məişət obyektləri, dayanacaqlar tikilib, avtobus marşurutları açılıb. Bütün bunlara görə  Qızıldaş Bakı şəhəri qəsəbələri arasında keçirilən yarışda üç dəfə birinci yerə layiq görülüb.

1981-ci ildən “Azneft” İstehsalat Birliyinin texniki təchizat və komplektləşdirmə idarəsinin rəisi təyin olunub. Onun rəhbərliyi dövründə bu müəssisənin bütün tabe qurumları  yenidən qurulub, Əli Bayramlı, Binəqədi, İmişli, Şəmkir, Siyəzən bazalarına dəmiryol xətləri çəkilib, ümumi sahəsi 30 min kvadratmetr olan 40-a yaxın təzə anbar binası tikilib. Bununla da  illərlə yağışın, qarın altında qalan material və texnikanın zay olub sıradan çıxmasının qarşısı alınıb. Həmçinin dövlət standartına uyğun altı avto və iki vaqon tərəzisi tikilib istifadəyə verilib.

Nizami müəllim harada işləyirsə-işləsin, insanlara arxa-dayaq durmaq, əl uzatmaq, abadlıq-quruculuq işlərində yaxından iştirak etmək onun həyat amalı olub. Fikrimin təsdiqi kimi bir misal çəkmək istərdim.  “Azneft” İstehsalat  Birliyinin texniki təchizat və komplektləşdirmə idarəsinə rəhbərlik etdiyi illərdə  Binəqədi rayonunun sosial-iqtisadi inkişafına köməyini əsirgəməyib.

...Ötən əsrin 90-cı illəri Azərbaycanın siyasi, sosial-iqtisadi sahələrində necə acınacaqlı vəziyyət hökm sürməsi hamımızın yaxşı xatirindədir. Xaos, özbaşınalıq, hərki-hərkilik baş alıb gedirdi. Sənaye müəssisələri dağıdılır, avadanlıqlar dəyər-dəyməzinə sərhəddən kənara çıxarılırdı. Təcrübəli, peşəkar mütəxəssislər, necə deyərlər, gözümçıxdıya salınırdı. Belə bir vaxtda Nizami Muradov da neçə illər sevdiyi, bağlandığı işindən kənarlaşdırıldı. Ancaq o, fəaliyyətsiz dayana bilməzdi. Nə iləsə məşğul olmaq, xalqın bu çətin, ağır günlərində bir işin qulpundan yapışmaq lazım idi. Ona görə də çox götür-qoydan sonra qərara gəldi ki, Badamdar qəsəbəsində çörək istehsalı sahəsi yaratsın. Belə də etdi. Bir müddət bu işlə məşğul oldu. Lakin ulu öndər Heydər Əliyev xalqın təkidli tələbilə yenidən hakimiyyətə gəldikdən sonra dövlət müstəqilliyini qazanmış Azərbaycanın üzləşdiyi fəlakət və sarsıntılara, ağır sosial-iqtisadi böhrana, xaos və anarxiyaya tədricən son qoyuldu. 

Böyük siyasət ustasının yüksək idarəçilik keyfiyyətləri sayəsində Azərbaycanda həyat tədricən öz axarına düşdü, sənaye müəssisələrinin fəaliyyəti bərpa edildi, bacarıqlı, səriştəli kadrlar əvvəlki işlərinə qaytarıldı. Nizami müəllim də 1997-ci ilin iyul ayında Quruda Neft və Qazçıxarma İstehsalat Birliyi yol-təmir tikinti trestinin  səyyar-mexanikləşdirilmiş dəstəsinə rəis vəzifəsinə təyin edildi. O, qısa müddət ərzində İstehsalat Birliyi rəhbərliyin, təcrübəli mütəxəssislərin   köməyilə vəziyyəti yaxşılığa doğru dəyişdi. Hər biri bir tərəfə atılıb qalmış maşın-mexanizmlər təmir edildi, səliqəyə salındı, ətraf ərazi abadlaşdırıldı.

O dövrdə Nizami müəllimin rəhbərliyi ilə Siyəzən Neft və Qazçıxarma İdarəsinin Zağlı – Zeyvə  sahəsində beş kilometr, Ə. Əmirov adına Neft və Qazçıxarma İdarəsinin bir nömrəli sahəsində 17 kilometr yol yüksək keyfiyyətlə çəkildi. Bibiheybət Neft-Qazçıxarma İdarəsinin Bayıl və Gəmi təmiri zavodu arasındakı ərazisi abadlaşdırıldı. Bundan başqa, rəhbərlik etdiyi kollektiv Binəqədi Neft və Qazçıxarma İdarəsinin mədənarası yolunun çəkilişində, Hövsan qəsəbəsində, Suraxanıda, Qaraçuxurda parkların salınmasında, Günəşlidə “Qartal” abidəsinin ucaldılmasında, habelə  Əmircanda şair Tofiq Bayramın heykəlinin ətrafının abadlaşdırılmasında, Bibiheybət və Balaxanı neft və qazçıxarma idarələrinin sahəsində dambaların inşasında  fərqləndi.

Müsahibimiz  mühüm bir məqama da toxundu: – Uzun illərin təcrübəsindən yaxşı bilirəm ki, rəhbər vəzifədə işləyən şəxs tabeliyindəki adamlara nə qədər tələbkarlıqla yanaşırsa, bir o qədər də qayğı göstərirsə, o zaman müəssisədə dönüş yaranacaq, uğur qazanılacaq. Əksinə olarsa,  kollektivdə irəliləyişdən söhbət belə gedə bilməz.

Onu da dedi ki, bu gün respublikada işgüzarlıq, tələbkarlıq ab-havası yaşanır. Bu, möhtərəm dövlət başçısı İlham Əliyevin siyasi fəaliyyətinin prioritet xəttidir. Prezident çıxışlarında da bu məqamı daim vurğulayır. Məmurları təvazökar olmağa çağırır, vəzifəli şəxslərin ailə üzvlərini cəmiyyətdə bərqərar olmuş yüksək ali dəyərlərə riayət etməyə dəvət edir.

N. Muradov daha sonra dedi: “ Uzun illərin təcrübəsinə əsaslanıb deyə bilərəm ki, bu gün ölkəmizin əldə etdiyi uğurların da əsasında məhz bu amil – səmərəli iş, təvazökarlıq və insanlara xidmət vəzifəsi dayanır. Əgər dövlət başçısı gecə-gündüz xalqın, ölkənin mənafeyi naminə çalışırsa, insanların qayğı və problemlərinə həssaslıqla yanaşırsa, məmurlar başqa yol tuta bilməzlər. Adi bir misal deyim. Hamımız cənab İlham Əliyevin 50 illiyini Ağcabədidə köçkünlərlə keçirməsini yaxşı xatırlayırıq. Bəli, bu, ölkə rəhbərinin  təbiətidir, xarakteridir, Azərbaycan vətəndaşlarına, yurd-yuvalarını itirən qaçqın-köçkünlərə  münasibətinin bariz ifadəsidir. Bu, hamımıza – qocaya da, cavana da gözəl nümunədir. Belə nümunəni heç zaman unutmamalıyıq. Unutsaq, yenə də uğursuzluq sindromuna düşərik”.

Nizami müəllim Bakı Şəhər Veteranlar Şurasının üzvüdür. Dövlətimiz tərəfindən əməyi həmişə yüksək qiymətləndirilmişdir. Dəfələrlə orden və medallarla təltif olunmuşdur. “SSRİ neft sənayesi əlaçısı” adına layiq görülüb.

Mehdi MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında