Azərbaycan həqiqətləri dünyanın gündoğar ölkəsində də səsləndirildi

 

 

Ulu öndərin beynəlxalq aləmə inteqrasiya siyasətinin davam

etdirilməsi İsmayıllını da dünya arenasına çıxarır

 

 

Artıq hər il, hər ay gənc müstəqil dövlətimizin həyatında əlamətdar hadisəyə çevrilən məqamlarla tanış oluruq.  Ancaq zamanın və müdrik dövlət idarəçiliyinin bizə bəxş etdiyi həqiqətlərdən biri də odur ki, bu gün təkcə respublikamızın  deyil, eləcə də  ölkəmizin bir çox bölgələrinin  beynəlxalq aləmə inteqrasiyası təmin olunur, ayrı-ayrı şəhər və rayonlarımızın dünyanın aparıcı ölkələrinin müxtəlif şəhərləri ilə dostluq əlaqələri yaradılır.

Xatırladaq ki, bu tendensiyanın təməlini ulu öndərimiz Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində - Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərdə qoymuşdu. O zaman Sumqayıtın, Gəncənin, Mingəçevirin və digər şəhərlərimizin  Avrasiyanın ayrı-ayrı şəhərləri ilə dostluq ənənələri formalaşdırılmışdı. Bu qardaşlaşmaq və dostlaşmaq təcrübəsi həm ölkəmizin iqtisadi  göstəricilərinin, turizm potensialının təbliğində, həm də dünya mədəniyyətində xüsusi yeri olan Azərbaycan mədəniyyətinin növbəti dəfə beynəlxalq aləmə çıxarılmasında xüsusi önəm kəsb edirdi.  Üstəlik, bu gün Azərbaycanın  zorən cəlb edildiyi Dağlıq Qarabağ  münaqişəsi kimi problemi də vardır ki, biz istənilən fürsətdən yüksək səviyyədə istifadə edərək həmin münaqişə barədə həqiqətləri xaricdəki dostlarımızın diqqətinə çatdırırıq.  Fikrimizcə, bu gün dünya ictimaiyyətinin  Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi qətiyyətli mövqenin formalaşdırılmasında bu siyasi fəaliyyətin də rolu az deyildir.

 Biz məmnunuq  ki, ulu öndər Heydər Əliyevin möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasətinin  yerlərdə yüksək səviyyədə  icra olunması prosesində İsmayıllı rayonunun da  xidmətləri az deyildir. Artıq üç ildən çoxdur ki, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin   xeyir-duası ilə Yaponiyanın Şizioka Prefekturasının İto şəhəri ilə  İsmayıllı rayonu arasında dostluq, qardaşlıq münasibətləri yaradılmışdır. Bu münasibətlərin nəticəsidir ki, Azərbaycanda ilk dəfə  məhz bizim rayonumuzda “Yapon bağı” salınmışdır. Bundan başqa,  Yaponiya dövlətinin dəstəyi ilə rayonumuzdakı  Ruşan, Buynuz kəndlərində məktəb, Zoğallıq kəndində və İsmayıllı şəhərində (keçmiş Mican kəndində) uşaq bağçası, Lahıc qəsəbəsində 450 tonluq su anbarı tikilmiş, eləcə də, rayon mərkəzinin  yeni yaşayış sahəsinə kanalizasiya xətti çəkilmiş, Qalacıq kəndində həkim məntəqəsi üçün bina  inşa olunmuş, Basqal qəsəbəsində kəlağayı istehsalı müəssisəsi yaradılmış, İsmayıllı şəhərində uşaq poliklinikasının binası və İvanovka kənd xəstəxanasının doğum şöbəsi əsaslı şəkildə təmir olunmuş, məişət tullantıları poliqonu və İsmayıllı şəhərində 2 artezian quyusu istifadəyə verilmişdir.

 Rayon rəhbərliyinin dəvəti ilə Yaponiyanın nümayəndə heyətləri  dəfələrlə İsmayıllıda olmuş və dostluq, qardaşlıq münasibətlərinin yaradılması istiqamətində çox böyük iş aparmışlar. İndiyə qədər yaranmış münasibətləri rəsmiləşdirmək məqsədilə rayonumuzun nümayəndə heyəti bu günlərdə Yaponiyanın İto şəhərinə səfər etmişdir. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyətinə   bu sətirlərin müəllifi daxil idi. Bu qısa yazıda məhz həmin səfər barədə bəzi təəssüratlarımızı bölüşmək istəyirik.

Azərbaycanla Yaponiya arasında birbaşa təyyarə reysi olmadığına görə  əvvəlcə Türkiyənin İstanbul şəhərinə,  oradan isə Narita şəhərinin eyni adlı hava limanına uçduq. İstanbul və Narita arasındakı 9 min kilometrdən artıq məsafəni 11 saat 15 dəqiqəyə qət etdik. Yaponiyaya yerli vaxtla noyabrın 21-də saat 12-də çatdıq. Azərbaycanla Yaponiya arasında vaxt fərqi 5 saatdır. Narita hava limanına enəndə ilk rastlaşdığımız yazı “ANA” sözü oldu. Bu, Yaponiya Hava Yollarının ingilis dilində yazılış formasıdır. İlk rastlaşdığımız  sözdə bir doğmalıq hiss etdik və səfərimizin sonrakı günlərində bu fikrimizin yanlış olmadığının şahidinə çevrildik.

Narita hava limanında nümayəndə heyətini Azərbaycanın Yaponiyadakı səfirliyinin ikinci katibi Rövşən Mirzəyev və səfirliyin məsul əməkdaşı  Ələkbər Bayramov qarşıladılar.  Endiyimiz  hava limanı İto şəhərindən 200 kilometr aralıda  yerləşir və biz bu məsafəni üç saatdan bir qədər artıq vaxta qət etdik. Səfər başlayan kimi diqqətimizi  ilk cəlb edən hər yerin səliqə-sahmanlı  və təmizliyi  oldu.

Bu qədər təmizliyi necə qoruyub saxlayırlar sualımıza səfirliyin təsərrüfat müdiri Ələkbər Bayramov belə cavab verdi: “Burada təmizliyə hamılıqla ciddi əməl edirlər. Bu işlə tək hansısa bir təşkilat yox, hamı məşğuldur. Əgər kimsə yolda maşından zibil atarsa, yol polisi əməkdaşları həmin tullantını götürür, ən yaxın posta xəbər verir. Orada həmin sürücü saxlanılır, ona hansı məsafədə zibil atması bildirilir. Əgər sürücü bunu boynuna almazsa, həmin dəqiqə xüsusi ekspertlərlə onun barmaq izləri müəyyən edilir və sürücü çox böyük məbləğdə cərimə edilir.”

Məlumat üçün bildirmək istəyirik ki, bizim  barmaq izlərimizi də hava limanında pasport qeydiyyatından keçərkən götürmüşdülər və belə bir aqibət təmizlik qaydalarına əməl etmədiyimiz təqdirdə bizi də gözləyə bilərdi.

İto şəhərinin rəhbərliyi tərəfindən rayonumuzun nümayəndə heyətinin səfəri ilə əlaqəli xüsusi hazırlıq işləri görülmüşdü. Səfərdən bir gün qabaq isə Yaponiya televiziyasında Azərbaycan haqqında 50 dəqiqəlik film yayımlanmışdı. Səfərimizin ilk günü şəhər parlamentinin sədri cənab Nishicima Akira tərəfindən nümayəndə heyətinin şərəfinə şam yeməyi verildi. Görüşdə İto şəhərinin meri Hiromi Tsukuda, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, İto şəhəri parlamentinin sədri Nishicima Akira, Azərbaycanın Yaponiyadakı səfiri Gursel İsmayılzadə, “Kosuqi Zohen co” MM Şirkətinin prezidenti Kosuqi Saki çıxış etdilər. Bütün çıxışlarda Azərbaycan və Yaponiya arasında yaranmış bu dostluq və qardaşlıq əlaqələri alqışlandı və gələcəkdə bu münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinin əhəmiyyətindən danışıldı.

Tədbirdə Yaponiya və Azərbaycan haqqında hazırlanmış videoçarx nümayiş etdirildi. Videoçarxda İto şəhərinin meri cənab Hiromi Tsukudanın Azərbaycanda olduğu zaman Bakı şəhərindən, İsmayıllıdan və Lahıc kəndindən hazırlanmış materiallara daha çox yer verilmişdi. Sonra tədbir yapon milli musiqisi  və rəqsləri ilə davam etdirildi. Görüşün sonunda  isə qarşılıqlı hədiyyə mübadiləsi aparıldı. İto şəhəri barədə söz açarkən xatırlatmalı çox məqamlar vardır. Biz onlardan cəmi bir neçəsini yada salaq. İto şəhərindəki Komuro parkını  min (1000) növ Kamillia çiçəkləri bəzəyir. Çiçək mövsümündə burada 4000 ağac gül açır. Yeri gəlmişkən, bu şəhərə aid olan İzokulgen deyilən ərazidə albalı çiçəkləri tuneli var. Orada 40 növə aid 3000 albalı ağacı sentyabr və may aylarında ətrafı cənnətə döndərmək istəyirmiş kimi çiçəkləyir. O qədər də adət etmədiyimiz mövzulardır.

Noyabrın 22-də günün birinci yarısında İto şəhərinə gəzinti təşkil edildi, şəhərin mərkəzi küçələri, park və xiyabanları ilə  tanış olduq. Yaponiyanın qüruru və fəxri hesab olunan Fudci dağını seyr etmək üçün kanat yolu ilə yüksəkliyə qalxdıq. Bu yüksəklikdən Fudci dağı daha əzəmətli görünürdü. Eləcə də İto şəhəri bütün gözəlliyi ilə göz oxşayırdı. Sakit okeanın təmiz havasını udmaqdan doymaq olmurdu. Sonra Sakit Okeana daha yaxın olmaq üçün minlərlə turisti özünə cəlb edən asma körpüdə olduq və sıldırım qayalıqlara tamaşa etdik. Nəhayət, saat 11.30-da rəsmi görüş üçün İto şəhər meriyasına gəldik.

Nümayəndə heyətini İto şəhərinin meri Hiromi Tsukuda qarşıladı. Qarşılanma mərasimi çox gözəl, daha doğrusu, yaponsayağı təşkil olunmuşdu. Meriyanın girəcəyindən tədbirin keçiriləcəyi yerə qədər uzun bir məsafəni əllərində dövlətimizin bayraqlarını tutmuş meriyanın, eləcə də “Kosuqi Zohen co” MM şirkətinin onlarla işçisi bizi böyük səmimiyyətlə qarşıladı.  Qafqazdan çox-çox uzaqlarda–gündoğar ölkədə Azərbaycan bayraqlarının  arası ilə addımlamaq çox qürurverici idi.  Meriyada əvvəlcə şəhərin meri cənab Hiromi Tsukuda ilə görüş keçirildi və şəhərlər arasında təhsil, turizm və kənd təsərrüfatı sahələrinin gələcəkdə birgə fəaliyyəti istiqamətində fikir mübadiləsi aparıldı.  Xatırladım ki, 130 milyon nəfər əhalisi olan Yaponiya dünyada kənd təsərrüfatı məhsulları idxal edən ən böyük ölkələrdən biridir. Çünki ölkə ərazisinin cəmi 15 faizi kənd təsərrüfatına yararlıdır. Ölkə kənd təsərrüfatı məhsullarını, xüsusən yeyinti sənayesi mallarını mütləq xaricdən almaq məcburiyyətindədir. Bu problemlərin həlli yollarını  müasir  elmi-texniki nailiyyətlərin kənd təsərrüfatına tətbiq edilməsində görən yaponlar kifayət qədər olmasa da, xeyli uğur qazana biliblər.Maraqlıdır ki, Yaponiyada kənd təsərrüfatı deyəndə meşə sənayesini, balıqçılığı və dəniz sənayesini də bu sahəyə aid edirlər. Ölkə torpaqlarının 68 faizi meşələrlə örtülüdür. Meşə yapon iqtisadiyyatının ən mühüm tərkib hissələrindəndir.  Əkilən torpaqların 40 faizində düyü becərilir. Bu ölkədə hər il 10 milyon ton düyü istehsal edilir.  Buna baxmayaraq yaponlar bəzi Avropa xalqları kimi dünyanın ləzzətini yeyib-içməkdə deyil, mütləq nə isə yaratmaqda, ixtira etməkdə və ən başlıcası, xoş ünsiyyətdə görürlər.

Həmin gün saat 12.00-da İsmayıllı və İto şəhərləri arasında dostluq mübadiləsi haqqında saziş imzalandı. İmzalanma mərasimində çıxış edən İto şəhərinin meri Hiromi Tsukuda ötən ilin payızında Azərbaycana etdiyi səfəri barədə məlumat verdi və bildirdi ki, Azərbaycan qədim və zəngin mədəniyyətə malik olan gözəl bir ölkədir, insanları həddən artıq qonaqpərvər və mehribandırlar. Azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin olduğunu və hasilatdan əldə edilən mənfəətin insanların rifahı naminə bacarıqla istifadə edildiyini vurğulayan mer İsmayıllı ilə bağlanacaq sazişin hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirdi.

Nümayəndə heyətimizin rəhbəri  - İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sazişin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradacağına əminliyini bildirdi, Yaponiyanın təhsil, kənd təsərrüfatı və turizm sahələrində təcrübəsinin Azərbaycan tərəfi üçün maraqlı olduğunu vurğuladı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illər iqtisadi sahədə görünməmiş inkişafa nail olduğu, Ermənistan tərəfindən müharibəyə cəlb edilməyimizə və ərazi işğalına məruz qalmağımıza baxmayaraq ölkə rəhbərinin bu problemin sülh yolu ilə həllinə çalışdığı barədə məlumat verdi.

Sonra İsmayıllı və İto şəhərləri arasında qarşılıqlı dostluq və əməkdaşlıq haqqında saziş imzalandı. Sazişi İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və İto şəhərinin meri Hiromi Tsukuda imzaladılar. Sazişin imzalanma mərasimindən sonra mətbuat konfransı keçirildi. Mirdaməd Sadıqov və Hiromi Tsukuda jurnalistlərin suallarını cavablandırdılar və sazişin əhəmiyyətindən danışdılar. Daha sonra İto şəhərinin meri cənab Hiromi Tsukuda tərəfindən nümayəndə heyətinə nahar verildi. Nahardan sonra İto şəhər parlamentinin iş şəraiti ilə tanış olduq. Nümayəndə heyətinə parlamentin fəaliyyət istqamətləri haqqında məlumat verildi və xatirə şəkli çəkdirildi.

Günün ikinci yarısında İto şəhər Turizm Assosiasiyasında olduq. Burada nümayəndə heyətini assosiasiyanın rəhbəri Masahiko Şibata qarşıladı. Turizm sahəsi İto şəhərində ən geniş yayılmış sahədir və 74 min nəfər əhalisi olan bu şəhərə il ərzində 7 milyondan artıq turist səyahət edir. Yəqin ki, hörmətli oxucu yerli sakinlərlə turistlərin sayı arasındakı fərqə diqqət yetirdi. Odur ki, bu istiqamətdə işlərin təşkili ilə əlaqədar nümayəndə heyətini maraqlandıran məsələlər barədə  ətraflı fikir mübadiləsi aparıldı və gələcəkdə bu şəhərin təcrübəsindən istifadə edərək  İsmayıllıda  turizm sahəsinin perspektiv inkişafı geniş təhlil olundu. Görüşün sonunda assosiasiyanın rəhbərliyinə hədiyyələr təqdim olundu.

Daha sonra İto şəhərinin ən iri ticarət mərkəzi olan “Skydome” ilə tanışlıq oldu. Qeyd etmək istəyirəm ki, nümayəndə heyətinin qarşılanmasına bütün şəhər hazırlanmışdı. Belə ki, ticarət mərkəzi ilə tanışlıq zamanı şəhər sakinləri, eləcə də satıcılar əllərində Azərbaycanın dövlət bayrağını tutaraq, nümayəndə heyətini salamlayırdılar. Həddən artıq görməli məqamlar idi.  Üstəlik, eşitməli məqamlar da çox idi. Belə ki, yerli radio vasitəsi ilə davamlı olaraq şəhər sakinlərinə ölkəmiz və onun regionları, xüsusilə,  İsmayıllı rayonu barədə maraqlı məlumatlar verilirdi.

Ticarət mərkəzi ilə tanışlıqdan sonra İto şəhərinin orta məktəblərindən birində olduq. Bəri başdan qeyd edək ki, Yaponiyadakı təhsil müəssisələrinin səviyyəsi barədə hamımız hələ çox əvvəllərdən məlumatlı idik. Yüksək fəallığı ilə seçilən məktəbin pedaqoji kollektivi Azərbaycana böyük maraq və ehtiramını olduqca səmimi şəkildə bildirdi. Bu məktəbin şagirdləri artıq bir neçə ildir ki, İsmayıllı şəhərinin 1 saylı məktəbinin şagirdləri ilə məktublaşaraq sıx dostluq əlaqəsi qurmuşlar. Məktəbin dəhlizində İsmayıllı məktəblilərinin İto şəhər məktəblilərinə yazdıqları məktublardan ibarət stend asılmışdı. Gənc həmyerlilərimizin səmimi sətirləri ilə ölkəmizdən çox-çox uzaqlarda tanış olurduq. 

Direktor Qokava Yukio bildirdi ki, hazırda məktəbdə 680 sagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 45 müəllim məşğul olur. Sonra rayonumuzun məktəbliləri ilə məktublaşan şagirdlərin bir qrupu ilə görüş oldu. Rayonumuzun  icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov məktəb şagirdləri arasında qarşılıqlı səfərlərin təşkili, azərbaycanlıların İto məktəblilərinin evində, eləcə də yapon məktəblilərinin İsmayıllı rayonuna gələrək Azərbaycan ailələrində yaşamasının qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərəcəyini  vurğuladı  və onları ölkəmizə dəvət etdi. Görüşdə şagirdlərin Azərbaycanla bağlı suallarına ətraflı cavab verildi və şəhər 1 saylı orta məktəbin şagirdlərinin İto məktəblilərinə yazdıqları məktublar və İsmayıllı məktəbliləri ilə məktublaşan  20 nəfər şagirdə, eləcə də məktəbin rəhbərliyinə hədiyyələr təqdim olundu.

Günün sonunda “Kosuqi Zohen co” MM Şirkətinin prezidenti cənab Saki Kosuqi tərəfindən nümayəndə heyətinə şam yeməyi verildi. Şam yeməyinin sonunda Kosuqiyə hədiyyələr təqdim olundu və xatirə şəkilləri çəkdirildi. Cənab Kosuqi Azərbaycana xüsusi hörməti olan bir insandır. O, dəfələrlə bizim rayonumuzda olmuşdur. İsmayıllıdakı  Heydər Əliyev adına mərkəzi istirahət parkında yaradılmış “Yapon bağı”nın təşkilatçısı  da məhz odur.Məlumat üçün bildirək ki, gün ərzində keçirilmiş bütün görüşlər barədə yerli qəzetlərdə silsilə yazılar dərc olunmuş və bu görüşün əhəmiyyətinə xüsusi önəm verilmişdir.

Rayonumuz İto şəhəri ilə yanaşı digər şəhərlərlə də qardaşlıq, dostluq münasibətləri qurmuşdur. Bu şəhərlərdən biri Belarus Respublikasının Nesvic şəhəridir. Dəfələrlə bu şəhərə səfər etmiş nümayəndə heyətinin tərkibində iştirak edərək rayonumuzun nümayəndə heyətinə xüsusi diqqət və qayğının göstərilməsinin şahidi olmuşuq. Belarusda şahidi olduğumuz həmin münasibəti  iki dövlət arasında yaranmış dostluq əlaqələrinin yüksək səviyyədə olması ilə bağlayırdıq. Ancaq uzaq Yaponiyada Azərbaycanı təmsil edən nümayəndə heyətinə bu qədər yüksək hörmət və ehtiram göstərilməsinin əsl səbəbini dövlətimizin gücündə, dövlət rəhbərimizin zərgər dəqiqliyi ilə həyata keçirdiyi xarici siyasətin uğurunda gördük. Ümumiyyətlə, Yaponiyada Azərbaycanı tanıyır və hörmət edirlər. Dövlətimizin Yaponiyadakı səfiri və səfirliyin işçiləri çox fəaldırlar və gündoğar ölkədə Azərbaycan dövlətinin siyasətini çox uğurla həyata keçirirlər.

Noyabrın 23-də, günün birinci yarısında “Kosuqi Zohen co” MM Şirkətinin tədris mərkəzində olduq, burada cənab Kosuqinin rəhbərliyi ilə  məhdud ərazidə ən səmərəli yerləşmə modelinin qurulması ilə tanış olduq və gələcəkdə bu sahədə İto şəhəri ilə rayonumuz arasında qarşılıqlı münasibətlərin yaradılması istiqamətində fikir mübadiləsi apardıq. Həmin günün ikinci yarısında Tokio şəhərinə qayıtdıq.

Ertəsi gün isə  Tokio şəhərinin görməli yerləri, parkları, meydanları, mərkəzi küçələri ilə tanış olduq, dünyanın ən hündür teleqülləsi olan Tokio qülləsinə qalxdıq. Tokio şəhəri dünyanın ən böyük şəhərlərindən biridir. Hazırda Tokioda 14 milyona yaxın əhali yaşayır və hər gün daimi iş yeri bu şəhərdə olan 7 milyon insan da buraya işləməyə gəlir. Şəhərlə tanış olarkən digər şəhərlərdə gördüklərimizdən fərqli məqamlarla üzləşdik. Belə ki, iş vaxtı şəhərdə az adam gözə dəyir, hamı öz işində olur. Elə ki, iş vaxtı qutardı şəhərdə insan seli yaranır. Şəhərin ən mərkəzi hissəsində belə,  böyük şəhərə xas olmayan sakitlik, səssizlik höküm sürür. Şəhərdə nə insan səs-küyü, nə də maşınların siqnal səsləri eşidilir. Hamı çox səliqəli şəkildə öz işi ilə məşğul olur. Sürücülər tərəfindən yol hərəkəti qaydalarına ciddi şəkildə əməl olunduğuna görə  tıxaclar yaranmır. Şəhərdə ideal təmizlikdir. Bütün küçələri, səkiləri elə bil indicə silib-süpürüblər. Heç yerdə toz, palçıq yoxdur. Şəhərin havası həddindən artıq təmizdir. İctimai yerlərdə papiros çəkmək qadağandır. Bunun üçün şəhərdə xüsusi yerlər vardır. Yalnız orada papiros çəkmək olar. İnsanlar həddindən artıq sakit və mehribandırlar. Kimliyindən asılı olmayaraq hər hansı bir ünsiyyətin sonunda baş əyib minnətdarlıqlarını bildirirlər. 

Günün sonunda Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Gursel İsmayılzadə tərəfindən nümayəndə heyətinə şam yeməyi verildi.

Noyabrın 25-də günün birinci yarısında yenə də Tokio şəhərinin görməli yerləri ilə tanışlıqdan sonra  Xarici İşlər Nazirliyində nazir müavini  Takao Makino ilə görüş keçirildi. Görüşdə Azərbaycanın Yaponiyadakı səfiri  Gursel İsmayılzadə, səfirliyin ikinci katibi Rövşən Mirzəyev, Yaponiyanın Azərbaycanda fəaliyyət göstərmiş  sabiq səfiri Şosuke Vatanabe və digər şəxslər iştirak edirdilər.

Nazir müavini Takao Makino nümayəndə heyətini Tokioda salamlamaqdan məmnun olduğunu bildirdi və qeyd etdi ki, bu əməkdaşlıq Cənubi Qafqaz regionu ölkələri ilə Yaponiya arasında ilk sazişdir.  Xatırlatdı ki,  bu sazişin imzalanması ikitərəfli münasibətlərin genişləndirilməsinə öz töhfəsini verəcəkdir.  Cənab Makino İsmayıllı və İto şəhərləri məktəblilərinin  məktublaşdıqlarından xəbəri olduğunu bildirdi. Azərbaycanın sürətli inkişafının Yaponiyada maraqla izləndiyini, İto və İsmayıllı şəhərləri arasında təhsil, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq istiqamətində yaxşı imkanlar yarandığını vurğuladı və özünün də ölkəmizi ziyarət etmək istəyində olduğunu bildirdi.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov səmimi qəbula və Yaponiyada olduğumuz müddətdə bizə yaradılmış əlverişli şəraitə görə Takao Makinoya minnətdarlığını bildirdi. O, Azərbaycanın son illərdəki nailliyyətlərindən danışdı və bu uğurların qazanılmasında ölkədəki ictimai-siyasi sabitliyin mühüm rol oynadığını qeyd etdi, ölkə rəhbəri İlham Əliyevin Yaponiya ilə əməkdaşlığa yüksək  önəm verdiyini və bu məsələni daim  diqqət mərkəzində saxladığını vurğuladı. Görüşün sonunda nazir müavini Takao Makinoya Azərbaycan nümayəndə heyəti tərəfindən hədiyyələr təqdim olundu.

 Səfər proqramımız noyabrın 25-də başa çatdı. Yerli vaxtla saat 22.30-da Tokiodan İstanbula,  oradan isə Bakıya uçduq.  Maraqlı idi,  Tokio hava limanında İstanbula uçuşdan qabaq son dəfə təyyarədən şəhərə baxdıqda gördüyümüz  yazı yenə də “ANA” sözü oldu.

Gedəndə 11 saata uçduğumuz yolu qayıdanda 12 saata qət etdik. Yaranmış boş vaxtdan istifadə edərək gördüklərimizin konturlarını cızmağa başladıq. Səfər zamanı keçirdiyimiz görüşlər və getdiyimiz yerlər bir kino lenti kimi gözümüzün qabağından gəlib keçdi. Yaponiyada gördüklərimiz  bizi çox təsirləndirmişdi. Buranın təbiətinin gözəlliyi, insanların mehribanlığı və işgüzarlığı yaddaşımızda çox dərin iz buraxmışdı. Lakin, bütün bunlara baxmayaraq, vətənimiz üçün, İsmayıllı üçün çox darıxırdıq. Doğma rayonumuza çatmağa tələsirdik. Çünki hər bir insana öz vətənində əziz olan elə dəyərlər var ki, onları dünyanın heç bir yerində, heç nə ilə əvəz etmək mümkün deyil. Azərbaycan xalqında isə belə dəyərlər daha çoxdur.

 Beləliklə, bizə  gündoğar ölkədə Azərbaycan  həqiqətlərini söyləmək imkanı verən Yaponiya səfərimiz başa çatdı. Lakin əməkdaşlığımızın daha da  dərinləşdirilməsi istiqamətində atılacaq daha mühüm addımlar hələ irəlidədir. Belə ki, bu səfər çərçivəsində qonağı olduğumuz qüdrətli ölkə ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün geniş imkanlar yarandı. Şəhərlər arasında imzalanmış saziş bu münasibətlərin inkişafı üçün geniş perspektivlər vəd edir. Müvafiq  təşkilatlar tərəfindən Yaponiyada turizm, təhsil, kənd təsərrüfatı və digər sahələrdə tətbiq olunan yeniliklər öyrənilməli, istehsalata tətbiq olunmalıdır. Bunun üçün isə səmərəli işləmək lazımdır.

Əlavə edək  ki,  səfərdən sonra rayonumuzda İto şəhəri ilə İsmayıllı rayonu arasında imzalanmış sazişin müzakirəsinə həsr olunmuş geniş yığıncaq keçirilmiş, 14 təklifdən ibarət qərar qəbul olunmuşdur. Qərarda yapon dilinin öyrədilməsinə dəstək verilməsi, folklor qrupları arasında əlaqələrin yaradılması, turizm obyektləri rəhbərlərinin qarşılıqlı səfərlərinin təşkili, tibb mütəxəssislərinin qarşılıqlı əlaqələrinin qurulması, yapon fermerlərinin iş təcrübəsinin öyrənilməsi, parkların salınmasında və bəzək  bağçılığının yaradılmasında yapon mütəxəssislərinin təcrübəsinə müraciət olunması və bu kimi təkliflər əksini tapmışdır. Biz əminik ki, rayon rəhbərliyinin nümayiş etdirdiyi prinsipiallıq nəticəsində həmin təkliflərin hamısı günümüzün reallığına çevriləcək.

 

Həsən HƏSƏNOV,

 İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini,

Rəsul BALAYEV,

 İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru,

Azər ABBASOV,

 Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında