Yollar ayrıcında, Kür qırağında...

 

 

Söhbət Yevlaxdan, onun dinamik inkişafından, sosial-iqtisadi sahədə əldə edilmiş böyük uğurlardan gedir

 

 

Rayonun sosial-iqtisadi inkişafı ilə bağlı suallarımıza Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov təbəssümlə, bir qədər də təəccüblə cavab verdi:

- Axı, niyə şübhəylə yanaşırsınız, - dedi. - Bunlar ki, yekun nəticələrdə, konkret rəqəmlərdə əks olunub. Arayış isə sizdədir...

Əslində, tərəddüd etməyə heç bir əsas yox idi. İcra başçısının dediyi kimi, əlimdə olan geniş arayış son vaxtlar rayonda əldə edilmiş sosial-iqtisadi və mədəni inkişafdan, fakt və rəqəmlərin müqayisəli təhlili böyük uğurlardan, dinamik inkişafdan xəbər verirdi. Buna, necə deyərlər, sözümüz yoxdur. Ancaq orası da var ki, cəmi 2-3 il bundan əvvəl çoxları, elə mən özüm də Yevlaxda bütün sahələrdə yüksəlişin, o cümlədən sosial—iqtisadi inkişafın, necə deyərlər, zenitdə olduğunu güman edirdim. “Bundan daha böyük uğurlar əldə etmək, çətin ki, mümkün olsun düşünürdüm. Ədalət naminə deyək ki, burada şəhər icra hakimiyyətinin əvvəlki başçısı Elmar Vəliyevin (hazırda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısıdır) təşəbbüskar fəaliyyətinin, daha çox elmi mülahizələrə əsaslanan, operativ və yaradıcı iş üslub və metodlarının, təşkilat-idarəetmə məharətinin həlledici  rolu olmuşdur. Heç kimə sirr deyildir ki, Yevlax şəhəri  məhz onun rəhbərlik etdiyi dövrdə ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı nəticəsində öz inkişafının yeni bir mərhələsinə qədəm qoymuş, böyük uğurlar əldə edilmiş, az qala, əsrə bərabər işlər görülmüşdür.

Ancaq, görünür, inkişafın son həddə çatması barədə düşüncələrimizdə yanılmışıq. Ən azı, ona görə ki, həyat bir yerdə durub-dayanmır, ortaya hər gün yeni-yeni vəzifələr, həlli vacib problemlər çıxır. Digər tərəfdən, Yevlaxda inkişaf və yüksəliş möhkəm təməl üzərindədir. Deməli, tərəqqi ardıcıl və davamlı xarakter daşıyır. Bu gün rayon bütün sahələr üzrə sürətlə irəliləməkdədir.

Bunu əlimizdə olan arayışdakı fakt və rəqəmlər, onların dinamikası bir daha sübut edir.

 Yevlaxda, eləcə də ayrı-ayrı yaşayış məntəqələrində görülmüş işlərlə əyani tanışlıq, müxtəlif kollektivlərdə keçirdiyimiz görüşlər, ağsaqqallar, ziyalılar, gənclərlə aparılmış söhbətlər bu təəssüratı dərinləşdirdi. Gördüklərimiz, müşahidə etdiklərimiz, dinamik inkişaf və yüksəlişin geniş təhlilini isə açığını desək ki, bir qəzet səhifəsinə sığışdırmaq, sadəcə olaraq, qeyri-mümkündür. Hər halda biz burada əsas məqamlar, həlledici hədəflər üzərində dayanacağıq.

Əvvəlcə onu qeyd edək ki, yola salmağa hazırlaşdığımız 2013-cü il yevlaxlılar üçün Prezident İlham Əliyevin sentyabr ayının 10-də Yevlaxa növbəti tarixi səfəri ilə əlamətdar və yaddaqalan olmuşdur. Ölkə rəhbəri şəhərə səfəri çərçivəsində müxtəlif obyektlərin açılışında iştirak etmiş, görülüb başa çatdırılmış işləri yüksək  qiymətləndirmiş, ictimaiyyət nümayəndələri ilə səmimi söhbət etmişdir. Həmin səfər və keçirilən görüşlər bu gün də Yevlaxlıların qəlbində ən əziz  xatirə kimi yaşamaqdadır.

Onu da əlavə edək ki, Prezidentin verdiyi məsləhət və tövsiyyələr, göstəriş və tapşırıqlar işlərin gedişinə əsaslı şəkildə təkan vermiş, adamların əmək coşğunluğunu və sabaha inamını daha da artırmışdır. Məhz bunun nəticəsidir ki, 2013-cü ilin ötən ayları ərzində ümumdaxili məhsulun həcmi 400 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 85 milyon manat və yaxud 35 faiz çoxdur. O da fərəhlidir ki, ümumdaxili məhsulun 98,5 faizi qeyri-dövlət sektorunun payına düşür. 2013-cü ildə rayonda 1259 iş yeri açılmışdır ki, bunun da 1127-si daimidir.

Tikinti-quruculuq və abadlıq işləri yola salmağa hazırlaşdığımız 2013-cü ildə də eyni sürət və keyfiyyətlə davam etdirilmişdir. Belə ki, bütün maliyyə mənbələri hesabına şəhərdə və rayon ərazisində kapital qoyuluşunun həcmi 100 milyon manat olmuşdur. Sənaye və Energetika Nazirliyinin Regional Qaz Nəzarəti İdarəsinin binası tikilib istifadəyə verilmişdir. Yevlax hava limanının inzibati binası əsaslı təmir olunaraq yenidən qurulmuş, uzunluğu 2520 metr olan uçuş zolağı tikilmiş, müasir standartlara cavab verən infrastruktur yaradılmışdır. Hava limanının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.

İstehsal olunmuş ümumi məhsulun 8,6 milyon manatını sənaye, 65,2 milyon manatını kənd təsərrüfatı istehsalı, 77,9 milyon manatını tikinti işləri, 172 milyon manatını ticarət, xidmət sahələrində əldə edilmişdir. Rayon üzrə orta aylıq əmək haqqı 206 manatdır. Bu isə 2012-ci ilə nisbətən 38,6 milyon manat və yaxud 23,7 faiz artıqdır. Rayon üzrə adambaşına düşən illik pul gəlirləri 1632,6 manatdır.

Hazırda Kür çayı sahilində 5 ulduzlu otelin, Təhsil Şöbəsinin, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Yevlax filialının, Qaz İstismar Sahəsinin, 11 saylı Ərazi Vergilər İdarəsinin, İqtisadi İnkişaf Nazirliyinin Aran Regional İdarəsinin tikintisi, Kür çayı üzərindəki dəmiryol körpüsünün əsaslı təmiri işləri davam etdirilir.

Heydər Əliyev Xiyabanında və Nizami parkında əsaslı təmir işləri aparılmış, səkilərə, meydanlara 2800 kvadratmetr üzlük və 9600 kvadratmetr tamet daşları döşənmiş, 65 ədəd yeni işıqlandırma dayaqları quraşdırılmışdır.

Heydər Əliyev və Nizami prospektlərində qranit mərmər düzülmüş, səkilərə tamet plitəsi döşənmişdir. Dəmiryol meydanında yeni fəvvarə tikilmişdir. Nizami prospektində və şəhərin mərkəzini Hava limanı və Çənlibel əraziləri ilə birləşdirən avtomobil yolunun kənarlarında geniş abadlıq işləri aparılmışdır. İki 16 mənzilli yaşayış binasının və 18 fərdi yaşayış evlərinin dam örtükləri təmir olunmuşdur. Xaldan və Yuxarı Bucaq kəndlərinin mərkəzindən keçən avtomobil yolunun kənarında abadlıq işləri aparılmış, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Yuxarı Qarxun və Aşağı Qarxun kəndləri arasındakı hissəsində tikinti işləri başa çatmaq üzrədir.

8 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 25 kilometr olan Səmədabad-Qaraməmmədli-Rüstəmli-Qaramanlı-Köyük avtomobil yolunun 5,5 kilometr hissəsi istifadəyə verilmişdir.

Nizami prospektində 55, Hava limanı yolunun kənarında 110, Heydər Əliyev prospektində 74, Dəmiryol meydanında 11 işıqlandırma dayaqları quraşdırılmışdır.

Hazırda şəhər və kənd yaşayış məntəqələri 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin olunur. 2013-cü ilin ötən ayları ərzində 11,7 kilometr elektrik hava xətləri təmir olunmuş, 387 abonentə sayğaclar quraşdırılmışdır. İstifadə olunmuş enerjinin dəyərinin 96  faizi, o cümlədən əhali üzrə 95 faizi ödənilmişdir.

 Xaldan ərazisində 21 kəndin qaz təminatının bərpası məqsədilə daşıyıcı qaz kəmərinin çəkilişi və qaz paylacıyı stansiyanın tikintisi başa çatdırılmışdır. İsmayılabad, Hacıselli, Yenicə kəndləri təbii qazla təmin olunmuşdur. Hazırda şəhərin 32-ci məhəlləsində yeni yaşayış massivində salınmış 210 evin və Xaldan kəndinin qazlaşdırılması işləri aparılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən təhsil islahatları, yeni məktəb binalarının tikintisi, məktəblərin maddi texniki bazasının əsaslı surətdə inkişafı, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər 2013-cü ildə də davam etdirilmişdir.

Yeni dərs ilinin ilk günü Balçılı kənd tam orta məktəbi üçün 180, Aran qəsəbə 3 saylı ümumi orta məktəbi üçün 180 yerlik yeni məktəb binaları istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı şəkildə təmir edilmiş Kövər kənd tam orta məktəbinin açılışı olmuşdur. Əcəmi kəndində 180 yerlik məktəb binasının tikintisinə başlanmışdır. 240 yerlik şəhər 10 saylı tam orta, 80 yerlik İsmayılabad kənd ibtidai məktəblərində son tamamlama işləri gedir. Şəhər 3 saylı tam orta məktəbdə əsaslı təmir işlərinə başlanmışdır.

Ali məktəblərə qəbul üzrə son l0 ildə ən yüksək göstərici əldə edilmişdir. Bu il 321 nəfər tələbə adını qazanmışdır ki, onlardan da 7 nəfəri 600-dən, 22 nəfəri 500-dən çox bal toplamışlar.

2013-cü il sentyabr ayının 10-da Yevlaxa növbəti səfəri çərçivəsində ölkə başçısı İlham Əliyev şəhərdə inşa edilmiş 180 çarpayılıq yeni xəstəxana binasının açılışında iştirak etmişdir. Şəhərdə 50 çarpayılıq ağciyər xəstəlikləri xəstəxanası da inşa edilmişdir.

İndi hamının elliklə etiraf etdiyi mütləq bir həqiqət var: Yevlax son 10 ildə respublikanın ən sürətlə inkişaf edən bölgəsidir. Əlbəttə, burada təkcə aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinin miqyas və coğrafiyası nəzərdə tutulmur. Şəhərsalma mədəniyyəti, müasirlik və yüksək zövq, daha çox sabaha hesablanmış strategiya–başlıca cəhət bax  budur. Təsadüfü deyildir ki, indi Yevlax müasir arxitektura nümunələri ilə zəngin olan, müxtəlif təyinatlı binaları, park və xiyabanları, fəvvarə və bulvarları ilə gözəl, abad və yaraşıqlı bir şəhərə çevrilmişdir. Yeri gəlmişkən, burada ölkə Prezidenti İlham Əliyevin aşağıdakı sözləri yada düşür: “Yevlax bu gün Avropanın ən qabaqcıl şəhərlərindən bir addım geri qalmır.”

Bəzi xarakterik fakt və göstəriciləri bir daha xatırladırıq. 2003-2013-cü illər arasında ümumi məhsul buraxılışının həcmi 5,6 dəfə, əsas kapitala yönəlmiş investiyalar 27,8 dəfə artmış, tikinti-quraşdırma işlərinin həcmi 204,6 milyon manat olmuşdur. Bu dövrdə ümummilli liderin adını daşıyan mərkəz tikilmiş, Heydər Əliyev Xiyabanı salınmış, ulu öndərin əzəmətli abidəsi ucaldılmışdır.  Nizami, Dostluq, Müstəqillik, Səməd Vurğun, Dədə Qorqud, Gənclik parkları, Kür çayı boyunca bulvar istirahət kompleksi salınmışdır. “Lalə Tekstil” tikiş fabriki, kərpic zavodu, “Arfa” mebel zavodu, dəri emalı və  konserv zavodları və s. tikilib istifadəyə verilmişdir.

Bu siyahıya 180 çarpayılıq mərkəzi xəstəxananı, “Gənclər evi”ni, tarix-diyarşunaslıq muzeyini, xalq teatrını, şahmat məktəbini, 21 yeni məktəb binasını da əlavə edə bilərik. Onu da deyək ki, adlarını sadalamadığımız obyektlər yuxarıda göstərilənlərdən 2-3 dəfə çoxdur.

İndi də 2014-cü ildə nəzərdə tutulmuş tədbirlərdən bəzilərini qeyd edək: 5 kənddə yeni məktəb binasının tikilməsi, ümumi uzunluğu 25 kilometr olan Səmədabad-Zeyrik atomobil yolunun çəkilişi, 8 kəndin qazlaşdırılması, Olimpiya idman kompleksinin, təhsil şöbəsinin, qaz istismar sahəsinin, ərazi vergilər departamentinin yeni inzibati binalarının inşası və s. Başqa sözlə desək, inkişaf və yüksəliş, abadlıq-quruculuq işləri eyni sürət və keyfiyyətlə davam etməkdədir.

Əlbəttə, bu dinamik  inkişaf, uğurlu nəticələr heç də, necə deyərlər, öz-özünə əmələ gəlməmişdir. Burada, ilk növbədə, ölkə Prezidenti İlham Əliyevin Yevlaxa, onun  sosial-iqtisadi və mədəni inkişafına göstərdiyi gündəlik diqqət və qayğını, bu istiqamətdə imzaladığı fərman və sərəncamları ayrıca qeyd etmək lazımdır. Təkcə belə bir fakt göstərək ki, Prezident İlham Əliyev son 10 ildə 8 dəfə Yevlaxa tarixi səfər etmiş, rayonun sosial-iqtisadi inkişafını daha da inkişaf etdirmək üçün 6 sərəncam imzalamışdır.

Digər mühüm amil yerlərdə işin düzgün təşkili, Yevlax Şəhər İcra Hakimiyyətinin, onun bütün strukturlarının iş üslub və metodlarının, təşkilat-idarətetmə məsələlərinin təkmilləşdirilməsi, ardıcıl və sistemli icra intizamıdır. İnsan amilləri ön plana çəkilmişdir. Bu gün Yevlaxda sağlam mənəvi-psixoloji mühit, təşəbbüskar və yaradıcı əhval-ruhiyyə hökm sürür. Görüşdüyüm, söhbət etdiyim ağsaqqallar, ziyalılıar , gənclər Yeni ilə bax belə könül xoşluğu, sabaha dərin inamla qədəm qoyurlar.

 Yevlax coğrafi baxımdan yollar ayrıcında yerləşir. Gəncəbasara, Qarabağa gedən yollar bu qovşaqdan keçir. Əvvəllər yolçular buradan mümkün qədər sürətlə ötüb uzaqlaşmaq istəyirdilər—yayda tozun-torpağın, qışda zığın-palçığın əlindən. İndi isə haradan yola çıxsalar da mütləq Yevlax şəhərində ayaq saxlamağı, dincəlməyi, istirahət etməyi planlaşdırırlar. Ana Kürün sinəsində gülüstana çevrilmiş bu şəhərin gözəlliyini, yaraşığını, yaşıllığını görmək və zövq almaq üçün...

Ziyəddin SULTANOV,

 “Xalq qəzeti” nin  bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında