SARALMIŞ KAĞIZLARDA DUYULAN NƏFƏS

 

 

 

Nigar Rəfibəylinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindəki əlyazmaları

Nigar xanım Rəfibəyli adına, xatirəsinə ünvanlanan məktəb, kitabxana, küçə və xiyaban, elmi məqalə və bədii əsərlər  daima onu yaşadacaq, yada salacaq. İki ünvan isə, Nigar xanımın lirik dünyası, mənəvi aləmi, qadın və şair kimi ən dürlü yaşantılarını əks etdirə bilən deyərdim ki, mənəvi aynadır. Təbii, biri ömür sürdüyü evi-ocağı, digəri isə əlyazmalarının etibar edildiyi AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyidir.

Muzeyin çox zəngin  “Əlyazmaları fondu”nda şairə xanımın zərif, lirik duyğularının məcmusu olan dəyərli mirası mühafizə edilir. 350 vahiddən çox olan bu irs müxtəlif adlarla Nigar xanımın ömür tarixçəsinin əlli ilini  çevrələyir. Bədii duyğularının, poetik təlatümlərinin əksi olan, Nigar xanıma məxsus, əlyazmaların muzeydə olan “ən qədimi, yaşlısı”, necə deyərlər, ən əskisi 1937-ci ildə qələmə alınmış 5 vərəqdən ibarət ərəb qrafikalı Azərbaycan dilində uşaqlar üçün yazılmış “Kəndli və qurd” şeir-nağılıdır.

 

Əlyazmalar içərisində, xronologiyasına  görə II nümunə, yazılma tarixi 1942-ci il göstərilən  “Bülbül, fəğan etmə bu gecəyarı” misrası ilə başlanan 2 beytlik şeir parçasıdır. Heç şübhəsiz, 30-40-cı illərdə, 20 yaşlarında duyğulu, zərif, mötəbər ailədə böyüyüb təhsil, tərbiyə almış gənc qızın bu arada çoxsaylı şeirləri olmuşdur. Fəqət, məlum 37-ci il hadisələri və 50-ci illərə qədər Rəfibəylilər ailəsinin, sülaləsinin başına gətirilən faciələr, sürgün, təqib, cəmiyyətdən təcrid olunmalar gənc Nigarın da taleyindən yan ötməmişdir...

Nigar xanıma məxsus əlyazmaları əsasən, (ərəb qrafikalı) əski Azərbaycan əlifbasıilədir, lakin bu irs içərisində ara-sıra rus dilində olan şeir parçaları da mövcuddur, əlxətləri ilə yanaşı, makina çapında yazılmış nümunələrə də rast gəlinir. Maraqlıdır ki, şairənin şeirləri, müxtəlif yazıları əski əlifba ilə yanaşı, latın və kiril qrafikasında da qələmə alınmışdır. Qeyd etməliyik ki, əlyazmaların bir çoxunun yazılma tarixləri göstərilməyib, bir qismində ay, gün, məkan yada salınsa da il “unudulmuşdur”.

Fikrimizcə, bu şeirləri incələdikcə, ruhuna, ovqatına, toxunduğu mövzu və mündəricəyə görə onların tarixini bərpa etmək, yazılma zamanını müəyyən etmək mümkündür. Yəqin ki, mətnşünaslıq baxımından gələcək araşdırmacılar üçün maraqlı tədqiqat obyektinə çevrilə bilər...

Nigar xanımın əlyazmaları mövzu baxımından çox rəngarəngdir, müxtəlifdir. Təbii ki, şairin yetkinlik, gəncliyindən - ömrünün qürubuna kimi onunla bir addımlamış, ömrünün ayrılmaz parçasına çevrilən, dünya, sevgi, qismət, övlad, nəvə, ailə sevinci, ər qayğısı, cəmiyyəti saran ən dürlü sıxıntı və problemlər, taleyində zaman-zaman baş verən qabarma–çəkilmələr, şair kimi duyğuları, ədəbi proses, məslək dostları, müxtəlif dillərdən tərcümələri və s. məqamlara, duyğulara, tarixi olaylara ayna tutan irsidir.

Əlyazmalara ötəri belə göz gəzdirəndə yaradıcılığının ilk illərinə, ilk qələm təcrübələrinə aid edə bildiyimiz və çap olunan kitabları ilə az-çox müqayisə göstərir ki, gənc Nigarın bu dövr şeirləri, ürkək, həzin, bir növ axtarış yönlüdür. Gənclik dövrünə aid edə bilinən şeirlərinə təbiət, gözəllik, əmək haqqında, bir qədər sonra Rəsul Rza ilə tanış olması, görüş-tanışlıq duyğularını qatmışdır. Oxucularda da maraq doğuracaq deyə, qeyd edim ki, gələcəkdə ömür yoldaşı olacaq böyük şair R.Rza ilə 1931-ci ildə, o zaman gənclərin sıx-sıx toplaşdığı “Maarif” evində rastlaşırlar. Elə ilk tanışlıqdan, ilk görüşlərindən bir-birləri üçün yarandıqlarını duyurlar, talelərinin qovuşacağına inanırlar, 1937-ci ilə qədər bu coşqu, sevgi gizli-açıq sürür. Zamanı üçün böyük fədakarlıq sayıla biləcək, amansız, qorxulu dövrdə R.Rza daha çox Nigarı qorumaq - Rəfibəyli soyadını daşıyan - ilk müstəqil Azərbaycan hökumətinin ilk səhiyyə nazirinin, Gəncə valisi olmuş Xudadat bəyin qızını, gənc sevgilisini repressiyalardan xilas etmək (öz həyatını, ailəsini təhlükəyə atdığını bilə-bilə) - naminə R.Rza Nigar xanımla ailə qurur. Mühafizə sayı 4854 olan, 2 vərəqdən ibarət, ərəb qrafikasında Azərbaycan dilində yazılmış “Gündəlik”də - əlyazmada Nigar həzin, ürkək duyğularını belə paylaşır: “1937-ci ilin əvvəli idi, məni gəlin aparacaqdılar...”

Nigar xanımın əlyazmaları içərisində mən deyərdim, tərcümeyi-halı xüsusi dəyərə malikdir. Əslində, bu materiallar quru, faktiki sənədlər deyil, Nigar xanımın gəncliyi ilə bağlı ən müxtəlif xatirələri, nəinki öz həyatı haqqında, bəlkə daha çox ailəsi, ailəsinin acınacaqlı taleyi, təqiblər nəticəsində dünyanın dörd bir yanına pərən-pərən salınan Rəfibəylilər soyadını daşıyanların nakam, sındırılan aqibəti, məhz bu soyadı daşıdığına görə alt-üst olan şəxsi həyatı, narahat ömrü, dinclik tapmayan daxili aləmi, bütün bunlara bais olan rejimin ifşası, Stalin siyasətinin vurduğu acısı, ağrısı azalmayan yaraların, sınmış talelərin ömür kitabıdır.

Fikrimizcə, Nigar xanıma məxsus olan həmin qiymətli əlyazmalarını şərti olaraq, şəxsi bioqrafiyası, ailəsi ilə bağlı olanlar və sənət dünyasını işıqlandıran materiallar kimi təsnif etmək mümkündür. Bu təsnifatda şairəyə məxsus yol qeydləri, xatirələr, təəssüratlar, məktublar birinci bölümdə yer alır.

Nigar xanımın bədii yaradıcılığını əks etdirən şeirləri, nəğmələri, poemaları əlyazmalarının əsasını təşkil edir. Çap olunmuş şeirlərinin böyük bir qisminin əlxətlərinə burada rast gəlinir. Arxivdə onun tərcümələri, müxtəlif oçerkləri də yer almışdır. İstər Azərbaycan və şərq, istərsə də rus, Qərbi Avropa müəlliflərindən etdiyi tərcümələri, tərcümə sahəsi ilə məşğul olan  peşəkarlar tərəfindən yüksək qiymətləndirilmişdir. N.Rəfibəylinin Məhsəti, Nizami, V.Hüqo, Puşkin, Çexov haqqında dəyərli məqalələri və tərcümələri diqqəti çəkir və elmi yöndən tədqiq olunmağa layiqdir. Şairə xanımın “Fransız komediyaları haqqında” məqaləsi, zənnimizcə, şairənin geniş erudisiyasından, ədəbi materialı təhlil etmə bacarığından xəbər verməklə, gənc tədqiqatçılara bu sahə ilə bağlı dəyərli göstərici ola bilər.

Nigar Rəfibəylinin rus dilində yazdığı “O Baku” şeiri də daxil olmaqla, tərcüməçilik istedadı, tədqiqatçılıq bacarığı, fikrimizcə, elmi-ədəbi ictimaiyyətə bu günə qədər lazımınca çatdırılmayıb.

Nigar xanımın əlyazamaları içərisində onun Nizami, Füzuli, Sabir, Müşfiq, Musa Cəlilə həsr etdiyi şeirləri bir növ xitab səviyyəlidir. Bu qəbildən olan şeirləri, xanım şairənin öz şeirlərindən birinə ad verdiyi “Mənim şair qanadlarım” başlığı altında birləşdirmək mümkündür. Nizaminin möhtəşəm yaradıcılığını səkkiz yüz ildən artıq yaşadan “çəkdiyi yükün söz incisi olması”, uzaq Bağdad ellərində kimsə fəryadına cavab verməyəndə nəhəng Füzulinin onu (Nizamini - X.B.) anmasını şairə misralara çevirir. “Füzuli ilə gecə söhbəti” əlyazmasında, nəinki özünün, habelə dünya şairlərinin beş yüz ildən çoxdur Füzuli cazibəsindən çıxa bilməməsinin qaynaqlarını poetik duyğularla açıqlayır, Füzulinin “dünyaya sevmək fənnini öyrətməsi” kimi orijinal bədii tapıntıya imza atır, əsərləri ilə “eşqə abidə ucaltmasını” qürurla şeirə çevirir. Xanım şairə Füzuli qəzəllərini oxuyarkən Füzuli təsiri  altında qəm haqqında Nigarsayağı misralar qoşur: “ən qəmli yeridir qürbət dünyanın”, “qürbətmi vermişdi bu böyük qəmi...” və s.

“Mənim şair qardaşlarım” şeir-əlyazmasında, deyərdim ki, minillik şeirimizdə iz qoymuş, uca məqam qazanmış “şair qardaşlarını” bədii yaddaşının, poetik təxəyyülünün qanadı ilə canlandırır, tarixə üz tutur: “dabanından soyurdular, gözlərindən oyurdular”, “düşdü vətəninidən iraq, “gah aşiqdir, gah vurğundur”, “xalqa verər öz ömrünü”, “zülm əliylə döyülənlər”, “zalımlara baş əymədi, gülün xətrinə dəymədi...” Nigar xanım, bu sadalananlar və yazıya gətirə bilmədiyimiz onlarla misralarında, əlbəttə ki, Nizami, Füzuli, Nəsimi, Sabir, Cavid əfəndi, Nazim Hikmət, S.Vurğun, R.Rza, M.Araz, H.Arifi xatırlamışdır, onlara “yurdun nəfəsi, zəmanənin haqq səsi” kimi yüksək dəyər vermişdir.

Nəsillərinin taleyində, şəxsi həyatında repressiyaların acılarını yaşamış Nigar xanımın, 4892 şifrə altında qorunan “Müşkinaz xanımın əziz xatirəsinə” adlı əlyazması da insanı riqqətə gətirir. Cavid əfəndinin sadiq, kişi qeyrətli ömür-gün yoldaşı Müşkinaz  xanımın ölüm xəbərindən təsirlənərək yazılmış şeir parçası, qeyrət simvolu olan xanımın sanki bütün faciəli həyat tarixçəsini əks etdirir. Müşkinaz xanımı “bir böyük şairin ilham məbədi”, “vüqar, ismət mücəssiməsi, nazlı sultan, qəlbi bala dağlı” kimi epitetlərlə təqdim edir. Onun həyatının faciələrlə keçməsi, oğlunun, həyat yoldaşının amansız talelərinin yarımçıq kəsilməsini dövrandan, zəmanədən görür. Niyə, nədən oldu?! kimi sualların cavabını “tarixin öz varaqlarında gizlədəcəyini”, “bu ləkənin əsrin vicdanında qalacağını, dövrana töhmət olacağını” bir qadın, ana, şair arvadı kimi həssas, kövrək misralarla əbədiləşdirir:

 

Dünyadan cəfakeş bir ana getdi,

Ağır töhmət qoyub zamana, getdi...

 

Görkəmli Azərbaycan yazıçısı Anar – Nigar xanımın oğlu – etiraf edir ki, atasının - görkəmli Azərbaycan şairi Rəsul Rzanın hər yazılmış şeiri, anasının yazılmamış bir əsəridir. Muzeydə Nigar xanıma məxsus əlyazmaların bir qismini, şairənin özü söylədiyi kimi, “Mətbəx şeirləri” adı altında qruplaşdırmaq mümkündür. N.Rəfibəyli, əslində, şeirlərində hansı duyğuları yaşamış, hansı gözəlliklərə qucaq açmış, hansı zəriflikdən zövq almış, necə nəğmələr qoşmaq şövqü ilə yaşamışdırsa sanki bu şeirlərində sərgiləyir: “dünyanı nur görmək istəyir, körpələrə dünyanı tər-təmiz bağışlamaq istəyir, dünyanın ixtiyarını analara vermək istəyir, günəşdən gənclik istəyir, güllərədən ətir, insanlardan məhəbbət istəyir, dünya üçün, özü üçün bir az sükut istəyir...” özünün dediyi kimi “bir azca da şairəm axı...” qəm etmir,  çünki  “könlündəki işıq, atəş” böyük dünyanı balaca mətbəxindən görə biləsinə bəs edir.

Nigar Rəfibəylinin əlyazmaları zəngindir, tədqiqat üçün geniş qaynaq, mənbədir, şairənin uşaqlar haqqındakı şeirləri, məhəbbət mövzulu lirik duyğuları, analardan bəhs etdiyi əsərləri ayrıca öyrənilməyə, təhlil olunmağa möhtacdır.

Nigar xanımın irsi - çoxyönlüdür, şeirləri, poemaları, nəğmələri, məqalə, oçerkləri, tərcümələri, yol qeydləri, publisistikası, məktubları və s. əlyazmaları, əlxətləri imkan verir ki, xanım şairənin mənəvi dünyası, lirik ovqatı, zərif poetik duyğuları ilə təmasda olasan, saralmış kağızlara hopan nəfəsini, sevgisini duyasan.

Xatirə BƏŞİRLİ,

filologiya elmləri doktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında