“Yaşıllıqlar içində Ağ şəhər” gerçəkləşməkdədir

 

 

Azərbaycanda ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılması və yaşıllıqların salınması aktual məsələlərdən biri olmaqla yanaşı, həm də dövlətin inkişaf siyasətinin tərkib hissələrindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, son illər Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ölkənin sosial-iqtisadi inkişafının ayrı-ayrı dövrlərini əhatə edən geniş iclaslarında dövlət başçısı bu vacib məsələyə dönə-dönə toxunur, konkret tövsiyə və tapşırıqlar verir.

Prezident İlham Əliyevin Bakının  ekoloji mühitinin sağlamlaşdırılması, şəhərdə parkların, xiyabanların salınması və yaşıllıqların genişləndirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs ölkəmizin hər yerində olduğu kimi, Xətai rayonunda da yüksək təşəbbüskarlıqla qarşılanmış, bu sahədə mühüm işlərin həyata keçirilməsinə, konkret layihələrin işlənib hazırlanmasına və reallaşdırılmasına səbəb olmuşdur. Bu məsələlərin əhəmiyyəti nəzərə alınaraq rayonda yaşıllıqların genişləndirilməsi üçün ayrıca proqram hazırlanaraq həyata keçirilməyə başlanmışdır.

Bu günlərdə Prezident İlham Əliyevin ad günü münasibətilə də  yaşıllaşdırma proqramı çərçivəsində rayonda yeni ağacəkmə kampaniyasına start verilmişdir. Dünən səhər saatlarından etibarən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov başda olmaqla, ümumrayon iməciliyinə çıxan rayon icra hakimiyyəti aparatının işçiləri, idarə və müəssisələrin, xidmət sahələrinin, sahibkarlıq qurumlarının min nəfərə yaxın nümayəndəsi onlar üçün ayrılmış xüsusi sahələrdə böyük həvəslə çalışır, ağac və bəzək kolları əkirdilər. Qışın mülayim, günəşli havası da əsl işgüzarlıq, iməcilik ab-havası yaradır, ağacəkmə kampaniyasında iştirak edənlərin əhval-ruhiyyəsini daha da yaxşılaşdırırdı.

İnqilab İsmayılov küçəsindəki yolun  kənarından başlayan iməcilikdə mindən çox zeytun ağacı və dekorativ kollar əkilmiş, onların inkişafı üçün əraziyə gübrə verilmiş və ağaclar sulanmışdır. İməcilikdə iştirak edən  Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov ağacəkmə kampaniyasının gedişini yaxından izləmiş, özü də burada bir neçə ağac əkmişdir.

Ağacəkmə kampaniyası və yaşıllıqların salınması işi rayonun digər küçə və prospektlərində, Zığ şossesi boyu yolun kənarındakı istifadəyə yararsız və yöndəmsiz ərazilərdə də davam etdirilmişdir. Əraziyə təbii ot örtükləri və meşə zolaqları salınmışdır. Ümumilikdə isə bu il ərzində 100 min kvadratmetr ərazidə yaşıllıq zolaqları salınmışdır.

Razim Məmmədov iməciliyi izləyən jurnalistlərə  bildirmişdir ki, bizim əsas məramımız Prezidentimizin təşəbbüsünü dəstəkləyərək, onun Xətai rayonunda görmək istədiyi “Yaşıllıqlar içində Ağ şəhər” arzusunu gerçəyə çevirməkdir.

İlqar RÜSTƏMOV,

 Rafiq SALMANOV (foto), “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında