Son illər Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülmüş, müvafiq hüquqi baza formalaşdırılmışdır. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır, vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır.
2012-ci il iyulun 13-də isə bu sahədə daha mühüm islahata imza atılmışdır – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradılmışdır. Sentyabrın 5-də Agentliyin əsasnaməsi və strukturu müəyyən olunmuşdur. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsidir. Buraya xidmət mərkəzlərini əhatə edən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir.
“ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, onlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin, şəffaflığın, dövlət strukturlarına etimadın daha da yüksəldilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır.
AzərTAc xəbər verir ki, dekabrın 21-də Gəncədə regional “ASAN xidmət” mərkəzinin açılışı olmuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açılışda iştirak etmişlər.
Məlumat verilmişdir ki, mərkəzdə 9 dövlət qurumu tərəfindən həyata keçiriləcək 25 hüquqi və 22 funksional yardımçı xidmətdən Gəncə ilə yanaşı, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalının bir milyona yaxın sakini yararlanacaqdır.
Diqqətə çatdırılmışdır ki, dördmərtəbəli binanın birinci və ikinci mərtəbələrində funksional yardımçı xidmətlər - bank, sığorta, tərcümə mərkəzi, hüquqi yardım və tibb xidmətləri, kafe, uşaq əyləncə mərkəzi və vətəndaşların gözləmə zalı fəaliyyət göstərəcəkdir. Üçüncü və dördüncü mərtəbələrdə isə dövlət orqanlarının xidmət pəncərələri və inzibati otaqlar yerləşir. Mərkəzdəki xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaqdır.
Bildirilmişdir ki, inzibati binasının tikintisinə 2013-cü ilin martında başlanılan mərkəzdə 150 nəfər işçi çalışacaqdır. Burada rüsumlar, xidmətlər haqqında məlumatı və ərizə nümunələrinin doldurulmasını özündə əks etdirən üç elektron məlumat mərkəzi, iki elektron rəy sorğusu köşkü, şəffaf monitor, üçtərəfli görünüşə malik, xarici təsirlərə davamlı məlumat köşkü yerləşdirilmişdir.
Müasir havalandırma sistemi ilə təchiz edilmiş binanın qarşısında əhalinin istirahəti üçün park salınmışdır.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov mətbuata açıqlamasında demişdir ki, son illər Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində insanlara göstərilən xidmətlərin səviyyəsi yüksəlmiş, bəzi mənfi hallar aradan qaldırılmışdır. İnam Kərimov paytaxt Bakı ilə yanaşı, bölgələrdə də “ASAN xidmət” mərkəzlərinin yaradılmasının əhəmiyyətini qeyd etmişdir.
“Artıq respublikamızda beş “ASAN xidmət” mərkəzi fəaliyyətə başlamışdır ki, bu da əhali tərəfindən böyük razılıqla qarşılanmışdır”, - deyən sədr bildirmişdir bəzi bölgələrdə belə mərkəzlərin olmaması nəzərə alınaraq dövlətimizin başçısının göstərişi ilə əhaliyə xidmət səviyyəsinin şəffaf şəkildə göstərilməsini təmin etmək üçün xüsusi səyyar xidmət avtobusları alınmışdır. Hər cür avadanlıqla təchiz edilmiş həmin avtobuslar qısa vaxt ərzində 40-a yaxın rayonda 60 mindən çox vətəndaşa xidmət göstərmişdir. Əlbəttə, növbəti ildə də “ASAN xidmət” mərkəzləri şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulmuşdur.
Diqqətə çatdırılmışdır ki, “ASAN xidmət”in əldə etdiyi bu nailiyyətlər dövlətimizin başçısı İlham Əliyevin daimi dəstəyi və qayğısı ilə bağlıdır. Azərbaycan Prezidentinin dediyi kimi, dövlətimizin ən ali məramı xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunun təmin edilməsidir. “ASAN xidmət”in fəaliyyət fəlsəfəsinin mərkəzində də məhz elə vətəndaş məmnunluğu durur. Mərkəzlərdə qurulmuş qabaqcıl infrastruktur məhz bu missiyaya xidmət edir.
Gəncə regional “ASAN xidmət” mərkəzi dekabrın 24-dən etibarən vətəndaşları qəbul etməyə başlayacaqdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.