Gələn ilin dövlət büdcəsi davamlı sosial-iqtisadi inkişafa real təminat yaradacaq

 

 

Ölkə Prezidenti İlham Əliyev  “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında”  Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə 19 dekabr 2013-cü il tarixli fərman imzalamışdır. Həmin sənədlə Azərbaycan Respublikasının gələn il dövlət büdcəsinin gəlirləri 18 milyard  384 milyon manat, xərcləri 20 milyard 63 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 17 milyard 601 milyon  576  min manat, yerli gəlirləri 782 milyard  424 milyon manat və mərkəzləşdirilmiş xərcləri 18 milyard  433 milyon 551 min manat, yerli xərcləri 1 milyard  629 milyon  449 min  manat) məbləğində təsdiq edilmişdir.

Xatırladaq ki, aparılan uğurlu siyasətin məntiqi nəticəsi olaraq ölkə iqtisadiyyatının neftdən asılılığı dinamik şəkildə azalır. 2003-cü ildə qeyri-neft sektorunun çəkisi ÜDM-də 5 milyard manat təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 32 milyard manat olmuşdur. Bu gün ölkənin valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşır. Bu, Azərbaycan iqtisadiyyatının inkişafının nəticəsidir. Tarixdə ilk dəfə dövlət büdcəsinin xərcləri 27 milyard dollar təşkil edəcəkdir. Bu isə onu deməyə əsas verir ki, dünyanın heç bir ölkəsində belə dinamika yoxdur. Bu dinamikanın arxasında dövlət başçısı İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasət durur.  Hazırda Azərbaycanın yüksək inkişafı artıq innovasiyalı iqtisadiyyata keçmək üçün strukturların təkmilləşdirilməsinə imkan verir.

Bəli, bu gün dünyada söz sahibinə çevrilən Azərbaycanın yüksələn iqtisadi inkişafı bir çox dövlətlərə örnəkdir. Prezident İlham Əliyev  bu il oktyabr ayının 19-da andiçmə mərasimində demişdir: “Azərbaycan heç vaxt indiki qədər iqtisadi cəhətdən güclü olmamışdır”. Bu, həqiqətən, belədir və ölkəmizi gələcəkdə böyük uğurlar gözləyir. 

Gələn ilin dövlət büdcəsinə əsasən, Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiymətilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulacaqdır.

Yeri gəlmişkən, Azərbaycanda 2014-cü il üçün yaşayış minimumu müvafiq qanunla ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyənləşdirilmişdir. Bundan başqa, ünvanlı dövlət sosial yardımının gələn il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilmişdir.

Hazırda iqtisadiyyatın dinamik  inkişafı,  görünməmiş yüksəliş, tərəqqi   Azərbaycanın şəhər və kəndlərinin simasını dəyişir,  insanların həyat tərzini yeniləşdirir. Geniş miqyaslı dövlət proqramları həyata keçirilir,   xalqımızı düşündürən sosial-iqtisadi problemlər həll edilir. İstehsal və sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə, idmana dövlət qayğısı artır. Aqrar sahədə müsbət dinamika davamlı xarakter alır.

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlənir. Respublikamızın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu artırır. Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açır.

Dövlət və icmal büdcə gəlirlərinin hesablanmasında 1 barel xam neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində qəbul edilmişdir. Gələn il üçün dövlət büdcəsinin mədaxili üzrə qeyri-neft gəlirlərini artırmaq, vergidən yayınmaların qarşısını almaq, vergi ödənişləri üzrə yaranmış borcların həcminin azaldılması istiqamətində tədbirləri gücləndirmək kimi işlər əsas prioritet məsələ kimi qəbul olunmuşdur. Gələn il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 102 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 702 milyon manat çoxdur. Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə 1 milyard 510 milyon manat daxilolma proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 9,4 faiz çoxdur.

  Dövlət Neft Fondundan edilən transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilin təsdiq olunan proqnozuna nisbətən 15,9 faiz və yaxud 1 milyard 238 milyon manat nəzərdə tutulur. Gələn il üçün Neft Fondundan dövlət büdcəsinə 9 milyard 337 milyon manat transfert reallaşdırılacaq.

Gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin 1 milyard 637 milyon 362 min manat olması proqnozlaşdırılır. Kənd təsərrüfatı, meşə, nəqliyyat rabitə xərclərinə ümumilikdə 1 milyard 167 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Sahibkarların güzəştli kreditlərlə təminatı, maliyyə dəstəyi üçün Sahibkarlığa Kömək Milli Fonduna 150 milyon manat vəsait ayrılacaq. Naxçıvan MR-ə isə bu məqsədlə 5 milyon manat vəsait proqnozlaşdırılmışdır. “Aqrolizinq” üçün dövlət büdcəsindən 35 milyon manat ayrılacaq. Sosial ipoteka üçün dövlət büdcəsindən 40 miylon manat vəsait ayrılacaq. Dövlət büdcəsinin əsas xərclərində ilk Avropa Yay Olimpiya Oyunları ilə bağlı da müvafiq xərclər proqnozlaşdırılmışdır.

Dövlət Neft Fondundan  2014-cü ildə qaçqın və məcburi köçkünlərin sosial durumunun yaxşılaşdırılması üçün 300 milyon manat, Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinə 132 milyon manat, azərbaycanlı gənclərin xaricdə təhsil almasına 33, 7 milyon manat, Samur-Abşeron kanalının inşasının tamamlanması üçün 80,2 milyon manat, o cümlədən ölkənin bütün yaşayış məntəqələrinin optik çıxışının təmin edilməsinə 100 milyon manat, yeni neft-qaz emalı müəssisənin və neft-kimya kompleksinin tikintisinə 285 milyon manat, TANAP layihəsinin maliyyələşdirilməsinə 800 milyon manat, Türkiyədə tikiləcək neft emalı müəssisəsində Azərbaycanın payı üçün 223 milyon manat vəsait ayıracaqdır.

Son 10 ildə qeyri-neft sektoru 3 dəfədən çox artmışdır. Azərbaycan bu müddətdə milli iqtisadiyyatın artım tempinə görə dünyada lider dövlətlərdən biri olmuşdur. 2003-cü ildə adambaşına düşən ÜDM  3 min 150 dollar idisə, bu rəqəmin cari  ilin sonuna qədər 11 min dollara çatması gözlənilir. Həmin  göstərici ilə Azərbaycan son 10 ildə dünya reytinqində 100 pillə irəliləyərək orta gəlirli ölkələr klubuna daxil olmuşdur. Bu dövrdə respublikanın  tədiyyə balansı 2 milyardlıq defisitdən 15 milyard profisitə qədər yüksəlmişdir.

Gələn il üçün  dövlət büdcəsi xərclərinin artımı dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının və ölkə üzrə bir sıra sosial ödənişlərin artırılması, yeni təşkilatların fəaliyyətə başlaması,  yeni dövlət proqramlarının təsdiqi və digər zəruri məsələlərin həlli üçün vəsaitin ayrılması hesabına olacaqdır.

2014-cü ildə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin maliyyələşdirilməsinə 1 milyard 649 milyon manat, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə 222 milyon manat vəsait yönəldiləcəkdir.

Gələn il  dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6,3 milyard manat vəsait ayrılacaqdır. İnvestisiya xərclərindən (əsasən 2014-cü ilə keçid obyektləri üçün) ölkənin nəqliyyat, energetika, kənd təsərrüfatı, sənaye və digər infrastrukturlarının, sosial-mədəni təyinatlı müəssisələrin tikintisinə, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına, əsas vəsaitlərin alınmasına, regionların, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının, habelə  bir sıra digər proqramlar üzrə layihələrin maliyyələşdirilməsinə vəsait ayrılması da nəzərdə tutulmuşdur.

İqtisadi proqnozlara görə, gələn il neft sektoru üzrə ÜDM 1,5 faiz azalacaq, qeyri-neft sektoru üzrə isə 10 faiz artacaqdır. Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61,5 faiz, özəl sektorun ÜDM-də payı isə 83,2 faiz səviyyəsində proqnozlaşdırılır.  Gələn il iqtisadiyyata 18,4 milyard manat və ya 2,9 faiz çox investisiyaların yönəldilməsi gözlənilir. Bu həcmin 9,7 milyard manatı və ya 52,7 faizi dövlət investisiyalarının payına düşür. Bundan əlavə, gələn il 30,7 milyard dollar həcmində mal ixracı və 11,5 milyard dollarlıq idxal proqnozlaşdırılır.  Ortamüddətli proqnozlara görə, 2015-ci ildə iqtisadi artım 5,8 faiz, 2016-cı ildə 4,8 faiz və 2017-ci ildə 6 faiz səviyyəsində gözlənilir. Eyni zamanda, 2015-ci ildə neft sektorunda 2,1 faizlik artım, 2016-cı ildə 3,2 faizlik azalma, 2017-ci ildə isə 1,5 faizlik artım proqnozlaşdırılır. Qeyri-neft sektoru üzrə isə iqtisadi artım 2015-ci ildə 8,1 faiz, 2016-cı ildə 8,6 faiz, 2017-ci ildə isə 7,8 faiz səviyyəsində gözlənilir.

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında