Azərbaycan Respublikası Baş Prokurorluğunun bəyanatı

 

 

Xəbər verildiyi kimi, “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” və “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” ictimai birliyi adlı qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dair Azərbaycan Respublikasının Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 2013-cü il oktyabrın 29-da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla hüquqi qeydiyyatı olmayan “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin həmtəsisçisi və sədri Anar Məmmədlinin Cinayət Məcəlləsinin 192.2.2-ci, 213.1-ci və 308.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Lakin son günlər bəzi beynəlxalq təşkilatlar və onların nümayəndələri uydurma mülahizələrə əsaslanan siyasi maraqlarından çıxış edərək A.Məmmədliyə qarşı əsassız ittihamlar irəli sürüldüyünü iddia edir və onun dərhal həbsdən azad olunmasını tələb edirlər.

 

Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutmuş və müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan Respublikasının daxili işlərinə müdaxilələr yolverilməzdir və heç bir hüquqi əsası olmayan bu tələbləri Azərbaycan Respublikasının məhkəmə hakimiyyətinə, o cümlədən  məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının fəaliyyətinə təzyiq kimi qiymətləndiririk.

A.Məmmədliyə elan edilmiş ittiham bəzi beynəlxalq qurumların iddia etdikləri kimi onun siyasi fəaliyyəti ilə deyil, məhkəmənin qərarı əsasında Vergilər Nazirliyi yanında vergi auditi departamentinin xüsusi qərarlara əsaslanan audit şöbəsi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən aparılmış yoxlama nəticəsində Baş Prokurorluğa təqdim etdikləri yoxlama materialları və digər sübutlar əsasında həyata keçirilmişdir.

Bundan  başqa, A.Məmmədliyə ittiham elan edilən andan onun müdafiə və digər hüquqları cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla təmin edilmiş və bütün istintaq hərəkətləri istisnasız olaraq müdafiəçilərinin iştirakı ilə aparılmışdır. Hazırda onun hüquqları dörd vəkil tərəfindən müdafiə olunur.

Qanunun aliliyi təmin olunmaqla və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla qeyd edilən cinayət işi üzrə qanuna müvafiq qərarın qəbul edilməsi təmin olunacaqdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında