Unutsaq-unudularıq
İnqilab Babayev Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) filologiya fakültəsinin jurnalistika şöbəsinə 1956-cı ildə daxil olmuşdu və bizdən bir kurs yuxarıda təhsil alırdı. Sonralar Azərbaycan mətbuatında solmaz iz qoymuş, 1991-ci ildə ölkə Prezidentinin mətbuat katibi vəzifəsində çalışarkən Dağlıq Qarabağda şəhid olmuş görkəmli publisist Osman Mirzəyevlə, hələ tələbə ikən dissident kimi həqiqət axtarışına çıxmış, bu qorxulu işin ağrı-acısını dadmış tanınmış yazıçı Sabir Azəri ilə bir qrupda oxuyurdu. Bu qrupda yaxından tanıdığım bir nəfər də vardı - Bariz Əsədov. Onun jurnalistlik istedadı çox tez parladı və uzun illər keçmiş “Kommunist” qəzetinin, sonralar isə “Xalq qəzeti” və “Azərbaycan” qəzetlərinin səhifələrinə işıq saçdı...
İkinci kurs tələbələri universitet həyatının ilk ilində topladıqları təcrübəni bizimlə bölüşür, bu zaman öz səhvlərini də gizlətmir, məsləhət və tövsiyələrini bizdən əsirgəmirdilər. Bu cəhətdən İnqilabın əvəzi yox idi. Onunla söhbətim bir də ona görə tuturdu ki, hər ikimiz universitetin idman klubunun ağır atletika bölməsində məşğul olurduq. Bizi ilk dəfə respublikadan kənara çıxarıb, uzaq səfərə aparan da elə idman oldu. Daşkənddə Orta Asiya, Qazaxıstan, Ukrayna və Azərbaycan ali məktəbləri idmançı tələbələrinin yarışında iştirak etdik, Özbəkistan paytaxtının görməli yerlərində, qədim Səmərqənddə olduq, Əmir Teymur məqbərəsini ziyarət etdik və Bakıya zəngin təəssüratla qayıtdıq... On günlük səfərin gedişində mən İnqilabın çölçülüyünü də gördüm. Bu, çətinliklərə dözən, gözlənilməz hadisələr içində özünü itirməyən və bu zaman başqalarının hayına çatan bir gəncin çölçülüyü idi.
Bir dəfə belə bir suala cavab axtardıq: Nə üçün Bakıda azərbaycanlılar rus dilində sərbəst danışır və yazır, ruslar isə Azərbaycan dilini bilmirlər və bu dili öyrənməyə heç maraq da göstərmirlər? Hərə bir söz dedi. İnqilab öz fikrini hamıya qulaq asandan sonra bildirdi: –Bunun günahını ilk növbədə özümüzdə görməliyik. Rus məktəblərində müəllimlər dilimizi sevə-sevə deyil, formal şəkildə - həvəssiz, könülsüz tədris edir, ona maraq oyatmırlar.
Sonralar mən İnqilabın pedaqoji fəaliyyətlə məşğul olmağa, Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası), bu ali təhsil ocağının hazırlıq şöbəsində dilimizi tədris etməyə başladığını özündən eşidəndə, onun neçə il qabaq aramızdakı diskussiyanın gedişində dediklərini yenidən xatırladım və düşündüm ki, həqiqətən də “niyyətin hara, mənzilin ora!”
Amma jurnalistika şöbəsinin digər məzunları kimi, o da universitet auditoriyasından həyata sevdiyi peşənin “əlindən” tutub gəlmişdi. Əmək fəaliyyətinə keçmiş tədris-pedaqoji nəşriyyatında lap aşağıdan – “oxucu”luqdan başlasa da, burada çox qalmadı, üç aydan sonra Neft və Kimya İnstitutunda işə dəvət olundu, institutun hazırlıq şöbəsinin böyük laborantı təyin edildi. Bu ali təhsil ocağının əməkdaşı kimi onun gözləri önündə böyük pedaqoji karyera yolu açılırdı. İnqilabın biliyi, dünyagörüşü, işgüzarlığı və analitik bacarığı bu yolda onun uğurla irəliləyəcəyini vəd edirdi.
Bir müddətdən sonra o, Azərbaycan və rus dilləri kafedrasının müəllimi təyin olundu və həyatında maraqlı günlər başlandı. Mühazirələr oxumaqla yanaşı o, həmin vaxtadək Neft və Kimya İnstitutunda Azərbaycan dilinin tədrisi təcrübəsini öyrənib ümumiləşdirir, tədrisin təkmilləşdirilməsi məqsədilə təkliflər, ideyalar verirdi. Burada onu düşündürən əsas məsələlərdən biri Azərbaycan dilinin humanitar və texniki ali təhsil ocaqlarında tədrisi arasındakı fərq və bunun üsulları idi. Bu sahədə İ.Babayevin fikirləri sonralar Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikasına, hazırlıq şöbələrinin dinləyiciləri ilə işin təşkilinə həsr olunmuş elmi məqalələrində öz əksini tapdı.
Lakin jurnalistikanın sehrindən də qurtulmaq mümkün deyildi. 1966-cı ildə Neft və Kimya İnstitutunda Azərbaycan və rus dillərində çıxan çoxtirajlı “Neft kadrları uğrunda” qəzetinin redaktoru təyin olunmasını o, tale yazısı kimi qəbul etdi. İndi ona jurnalistika ilə ara-sıra deyil, müntəzəm məşğul olmaq imkanı verilmişdi. İnqilab Babayev “Neft kadrları uğrunda” qəzetinin redaksiyasına altı il rəhbərlik etdi, bu qəzeti respublikanın çoxtirajlı sahə nəşrləri arasında qabaqcıl mövqelərə çıxardı, onu institutun təlim-tərbiyə işinin, elmi və ictimai həyatının əsl aynasına çevirdi.
Praktiki jurnalistikanın cazibədarlığı qəzet redaktorunun elmi araşdırmalara da marağını artırırdı. 1969-cu ildə o, xalq yazıçısı, akademik Mirzə İbrahimovun rəhbərliyi ilə “Nəriman Nərimanovun publisistikası” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi. Amma onu bundan da çox Bakıda N.Nərimanovun möhtəşəm abidəsinin ucaldılması sevindirirdi.
Gənc alim indi iş yerini dəyişib, bir vaxtlar təhsil aldığı universitetdə gələcək jurnalistlərin hazırlanması prosesinə qoşula bilərdi. Lakin Neft və Kimya İnstitutunun rəhbərliyi başqa fikirdə idi: “Neft kadrları uğrunda” artıq çoxtirajlı qəzetlər arasında layiqli yerini tutub, buna görə də redaktordan onun əvvəlki iş yerində istifadə olunmalıdır.
İnqilab Babayev Azərbaycan və rus dilləri kafedrasının baş müəllimi təyin edildi. Sonra həmin kafedranın müdiri, dosent, yenidən baş müəllim... 1980-ci il noyabrın 19-da M.Y.Lomonosov adına Moskva Dövlət Universiteti jurnalistika fakültəsinin partiya-sovet mətbuatının tarixi kafedrasının iclasında filologiya elmləri namizədi, dosent İnqilab Babayevin “Azərbaycan publisistikası: novatorluq və ənənələr” mövzusunda doktorluq dissertasiyasının planı müzakirə olunub, təsdiq edildi.
İnqilab dissertasiya üzərində işə böyük həvəslə girişdi. ADU-nun “Elmi əsərləri”ndə, “Kommunist Azerbaydjana”, “Müxbir” jurnallarında və digər nəşrlərdə bir-birinin ardınca Nəriman Nərimanovun, 1882-1907-ci illərdə yaşamış Seyid Musəvinin publisistikasına dair yazıları, “Bədii publisistikanın nəzəri problemləri”, “Publisistikamızda fəhlə həyatı və obrazı” “Publisistika ilə siyasətin qarşılıqlı əlaqəsi”, “Publisistik sözün qüdrəti” kimi elmi məqalələri işıq üzü gördü.
Təəssüf ki, tədqiqatçı jurnalistin doktorluq dissertasiyası müxtəlif səbəblər üzündən tamamlanmamış qaldı. Lakin onun həm Azərbaycan dilinin tədrisi və təbliği, həm də Azərbaycan publisistikası xüsusiyyətlərinin araşdırılması sahəsindəki xidmətləri o dissertasiyasız da tutumlu və əhəmiyyətlidir.
İnqilab Babayev ona üz tutanları, ondan kömək umanları qabaqlayan adam idi. Köməyini insanlara özü təklif edirdi. Gücü heç nəyə çatmayanda isə ümidi sözə qalırdı - jurnalist və müəllim sözünə. Allah ona indi gündüzlər çıraqla axtarılan bir istedad da – başqalarını dinləmək və ovundurmaq, dostların səmimiliyindən zövq almaq istedadı da vermişdi. İnqilabı həmkarlarının və dostlarının qəlbində yaşadan da bu istedadla bağlı xatirələrdir. Dörd il əvvəl qəfil ölüm İnqilab Babayevi sıralarımızdan apardı. Sağ olsaydı, bu günlər 75 yaşını doğmaları, dostları ilə birlikdə qeyd edəcəkdi... Təsəllimiz odur ki, 71 illik həyatında arzularını yarpaq-yarpaq, budaq-budaq göyərtdi, övladlarının, nəvələrinin və qələm dostlarının qəlbində ilıq və kövrək xatirələrə döndü...
Ələkbər ABBASOV,
əməkdar jurnalist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.