Görkəmli alim və pedaqoq Mir Cəlal Paşayevin 105 illik yubileyinə həsr olunmuş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

 

Dekabrın 19-da Bakı Dövlət Universitetində (BDU) tələbələr arasında görkəmli yazıçı, alim və pedaqoq, filologiya üzrə elmlər doktoru, professor Mir Cəlal Paşayevin 105 illik yubileyinə həsr edilmiş “Mir Cəlal görkəmli yazıçı və ədəbiyyatşünas kimi” mövzusunda məqalə müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin “Mir Cəlal irsinin təbliği” layihəsi çərçivəsində bu qurum və BDU tərəfindən təşkil olunmuş tədbirdə tanınmış alimlər, müəllim və tələbələr iştirak etmişlər.

BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov professor Mir Cəlal Paşayevin mənalı ömür yolundan, geniş elmi, pedaqoji, ədəbi fəaliyyətindən danışmışdır.

Görkəmli alim və yazıçının elmə, təhsilə, xüsusilə ədəbiyyata böyük töhfələr verdiyini, müasir Azərbaycan ədəbi-bədii fikrinin formalaşmasında mühüm rolu olduğunu qeyd edən rektor, eyni zamanda, müsabiqənin əhəmiyyətini vurğulamışdır.

Professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilmişdir.

Akademik Vasim Məmmədəliyev professor Mir Cəlal Paşayevin böyük ədəbiyyatşünas alim, yazıçı, pedaqoq olduğunu diqqətə çatdırmış, onun “Dirilən adam”, “Bir gəncin manifesti”, “Təzə şəhər” və digər əsərlərinin əhəmiyyətindən danışmışdır.

Qeyd edilmişdir ki, professor Mir Cəlal Paşayevin yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında da xüsusi xidmətləri olmuşdur.

Mir Cəlal irsinin tədqiqatçısı, professor Şirindil Alışanlı, BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu görkəmli alim və yazıçının zəngin elmi, pedaqoji və ədəbi irsi ilə bağlı fikirlərini söyləmişlər.

Professor Mir Cəlal Paşayevlə bağlı xatirələr diqqətə çatdırılmışdır.

Görkəmli alim və yazıçının qızı, Bakı Dövlət Universitetinin kafedra müdiri Ədibə Paşayeva professor Mir Cəlal Paşayevin bu ali məktəbə doğma münasibətindən, gənclərə diqqət və qayğısından bəhs etmiş, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.

Mir Cəlal irsinin təbliğindəki xidmətlərinə və ədibin 105 illik yubileyi münasibətilə bir qrup alim və ziyalı mükafatlandırılmışdır.

Tədbirdə müsabiqə barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, müsabiqəyə 80-dək məqalə təqdim edilmiş, onlardan 13-ü seçilmişdir. Həmin məqalələr kitab şəklində nəşr edilmişdir.

Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olunmuşdur.

Müsabiqənin nəticələrinə görə BDU-nun filologiya fakültəsinin magistrantı Jalə Abdullayeva birinci, kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Nihal Qüdrətli ikinci, filologiya fakültəsinin magistrantı Anar Fərəcov üçüncü yerə layiq görülmüşlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında